Əlaqə Arxiv
news Image
2012.12.12
18:43
| A A A
Özəl tibb müəssisələrində süni mayalanmaya son qoyulur
Anar Qədirli: «Reproduktiv sağlamlıq strateji əhəmiyyətli məsələdir və bu, tam dövlətin nəzarəti altında olmalıdır» Adil Qeybulla: «Mən hesab edirəm ki, bu düzgün addımdır»

Adı "süni mayalanma" olsa da, bu, təbii xarakter daşıyan əməliyyatdır. Məhz süni mayalanma sonsuz olan qadın və ya kişiyə valideyn olmaq xoşbəxtliyini yaşada bilər.

Müasir dövrdə hər il 4 milyon insan dünyaya süni mayalanma ilə gəlir. Təsadüfi deyil ki, britaniyalı alim Robert Edvards Nobel mükafatını 32 il əvvəl bu sahədə apardığı elmi tədqiqata görə alıb. Azərbaycanda da süni mayalanma həyata keçirilir. Lakin artıq Azərbaycanda özəl klinikalarda süni mayalandırma əməliyyatlarının həyata keçirilməsi dayandırılacaq.

Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə Poladov bildirib ki, süni mayalanma yalnız dövlət müəssisələrində dövlətin nəzarəti altında həyata keçiriləcək. Bəs bu hansı zərurətdən irəli gəlir? Belə vəziyyət özəl klinikaların xidmət hüququnun məhdudlaşdırılmasına təsir göstərə bilərmi?

Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Anar Qədirli məsələ ilə əlaqədar Mövqe. Az-a açıqlama verib: "Bu proses süni mayalanma ilə bitmir. Süni mayalanma prosesindən sonra 9 ay ərzində gələcək ananın səhhətinin müşahidəsi, problemlərinin həll edilməsi, doğuşdan sonra uşaqlar hansısa qüsurlar ilə dünyaya gəlirsə, onun müalicəsi, müayinəsi kimi məsələləri nəzarətdə saxlamaq lazımdır. Özəl tibb müəssisələrinin elə bir potensialı yoxdur. Başqa yerdə süni mayalanma keçirib sonra üzləşdiyi bütün problemlərlə dövlət müəssisələrinə müraciət ednlər də olur. Belə halları istisna etmək üçün, təklif var ki, süni mayalandırma prosesi ancaq dövlət müəssisələrində həyata keçirilsin. Çünki, bu uzun müddətdə gedən prosesdir. Tibb müəssisəsindən böyük potensial tələb edir. Prosesə tam olaraq əvvəldən axıradək nəzarətdə olmalıdır.

Bu, heç də özəl klinikaların xidmət hüququnun məhdudlaşdırılması demək deyil. Ola bilsin elə vaxt gələ bilər ki, özəl tibb müəssisələrinin də tələb olunan səviyyədə xidmət göstərmək üçün potensialı olsun. Digər tərəfdən özəl tibb müəssisələri bütün sferalarda xidmət göstərmək imkanına malik deyillər. Məsələn, özəl tibb müəssisələrində transplantasiya yoxdur, böyrək, ağciyər köçürmələri və s. yoxdur. Ağır əməliyyatlar tibb müəssisəsindən böyük potensial, böyük imkanlar tələb edir. Onlar özəl tibb müəssisələrində yoxdur. Eyni zamanda elə müalicə sferaları da var ki, dövlətdə yoxdur, özəllərdə var. Bunlar bir-birini kompensasiya edir.

Onu da qeyd edim ki, reproduktiv sağlamlıq strateji əhəmiyyətli məsələdir və bu, tam dövlətin nəzarəti altında olmalıdır. Burada söhbət həm gələcək nəsildənr, həm ana və uşağın sağlamlığından, həm də genofonddan gedir".

Tibb elmləri doktoru, professor Adil Qeybulla da bu məsələ ilə bağlı Mövqe. Az saytına fikrini bildirib: "Mən hesab edirəm ki, bu düzgün addımdır. Yəni bu istiqamətdə qərarın sərtləşdirilməsi gözlənilirdi. Çünki, süni mayalanma ilə bağlı həm nəzarətsiz sistem var, həm də sonrakı nəticələri baxımından ciddi narazılıq var. Əvvəla, bu xəstələr süni mayalanma üsulu ilə bağlı İrana, yaxud da digər yerlərə gedirlər. Orada hansısa gen ilə mayalama həyata keçirilir və s. bütün bunlar milli genofondun təhlükəsizliyi baxımından çox vacibdir. Bu məsələlər nə qədər anonim olsa da, müəyyən dövlət nəzarəti həyata keçirilməlidir. Əks halda bu özbaşına bir sistemə çevrilə bilər. Dövlət xəstəxanalarında bu nəzarət həyata keçirilə bilir. Bu məsələni sistemə salmaq və daha keyfiyyətli dövlət klinikalarını təşkil etmək lazımdır. Hesab edirəm ki, bu məsələnin təşkilati işlərində də problemlər qalmaqdadır.

Özəl klinikanın hər birinin içərisindəki avadanlığa görə xüsusi təlimatı olmalıdır. Ona görə də hər bir özəl klinikanın imkanları daxilində statusu müəyyənləşir. Süni mayalanma da kifayət qədər ciddi məsələdir, reproduktiv sağlamlıq məsələsidir. Bu sahədə həm mütəxəssis, həm avadanlıq olmalıdır. Bu, istənilən özəl klinikada həyata keçirilməsi mümkün olan məsələ deyil. Bu, ancaq təyinatı üzrə olan klinikalarda həyata keçirilə bilər. Mən hesab edirəm ki, bu proses reproduktiv sağlamlıq prosesidir. Harada keçirilməsindən asılı olmayaraq nəzarət altında həyata keçirilməlidir".

Sizin Reklam Yeriniz