Əlaqə Arxiv
news Image
2012.12.18
10:15
| A A A
Qan xəstəlikləri niyə artır?
Adil Qeybulla: "Qan xəstəlikləri əsasən irsi xarakter daşıyır" Musa Quliyev: "Yeni qanun qəbul edilməyib, amma gənclər var ki, toydan qabaq müayinədən keçirlər"

Azərbaycanda son illər hemofiliyalı xəstələrin sayı artmaqdadır. Daha doğrusu, həmin xəstəlikdən əziyyət çəkənlərin qeydiyyatına nəzarət gücləndirildiyi üçün onların sayında artımın olduğu müəyyən edilib.

Rəsmi məlumatlara görə, hemofiliyalı xəstələrin 50-55 faizini məktəbəqədər, məktəbyaşlı uşaqlar və gənclər təşkil edir. Səhiyyə Nazirliyinin Elmi-Praktiki Hemofiliya Mərkəzində (EPHM) 1300-dən çox hemofiliyalı xəstə rəsmi qeydiyyatdadır. Xəstələr müxtəlif yaş qruplarında olurlar. Onların arasında 6 aylıq uşaqdan 70 yaşlı ahıla qədər xəstə var. Hemofiliya xəstəliyinin ağırlıq dərəcəsi faizlə ölçülür. Belə ki, 1-2 faiz ağır, 5 faizə qədər orta ağır, 10 faizə qədər yüngül, 20 faizdən yuxarı gizlin hemofiliya sayılır.

Hemofiliyalılar iki qrupa bölünür. Qanın laxtalanmasından əziyyət çəkənlər və qanın laxtalanmamasından şikayət edənlər.

Azərbaycanda daha çox qanın öz-özünə laxtalanmasından şikayət edənlərə rast gəlinir. Qeyd olunur ki, hemofiliya genetik xarakter daşıyır və müalicəsi bu günə qədər mümkün deyil. Valideynlərdən biri hemofiliya olduqda dünyaya gələn uşaq (xüsusilə də oğlanda) xəstəlikdən əziyyət çəkir. Qadınlar xəstəliyin daşıyıcısı, oğlanlar isə xəstəliyə yoluxurlar və ondan əziyyət çəkirlər.

Ata və ananın hər ikisi hemofiliyalı xəstə olduqda ya dünyaya övlad gətirə bilmirlər, ya da yenidən doğulan körpələr həyatda qalmır. Bunu nəzərə alaraq həkimlər ailə qurmaq istəyən gənclərə toydan qabaq tibbi müayinədən keçməyi təklif edirlər.

Amma cəmiyyətdə bu təklif heç də birmənalı qarşılanmır. Uzun müddət bir-birini sevən, çətinliklə qızın razılığını alan, uzun sürən gözləntilərdən sonra ərə getmək şansı yaranan qızlar üçün üçün toydan qabaq tibbi müayinədən keçmək ilk baxışdan mənasız görünə bilər. Elə ki, toy oldu, gənclər övlad həsrətilə alışıb-yandılar, amma arzularına çatmadılar, söz-söhbət başlayır. Oğlan tərəfi "problem gəlindədir" deyir, gəlinin tərəfi isə günahı kürəkəndə görürlər. Bu cür şübhələr, dedi-qodular sonda bəzən gənc ailənin dağılmasına səbəb olur. Şübhəsiz ki, boşanmaların sayının artmasında məhz ailənin dünyaya övlad gətirə bilməsi faktoru müəyyən rol oynayır.

Ekspertlər bildirirlər ki, toyqabağı tibbi müayinə zamanı tərəflər ultrasəs müayinədən, qan analizlərin yoxlanılmasından keçməlidilər. Hətta ötən ildən başlayaraq belə fikirlər səslənir ki, Azərbaycanda nikaha girən şəxslərin tibbi arayış alması məcburi olacaq. Bunun parlamentdə qanunvericilik aktı şəklinə salınacağına dair səslənən fikirlər isə indiyə qədər özünü doğrultmayıb.

Tibb üzrə ekspert Adil Qeybullanın sözlərinə görə, qan xəstəlikləri əsasən irsi xarakter daşıyır: "Məsələn, hemofiliya, talassemiya kimi xəstəliklər irsidir. Qohumluğundan, milliyyətindən, dinindən asılı olmayaraq eyni xəstəliyin daşyıcılarının dünyaya gətirdiyi uşaqların talassemiya xəstəsi olma riski böyükdür. Gənclərin toydan qabaq tibbi müayinədən keçməsini reallaşdırmaq uzun əmək tələb edir. İndiki halda bunu həyata keçirmək çətindir. Gərək valideynlər övladlarına tibbi müayinənin əhəmiyyətini başa salsınlar". A.Qeybullaya görə, Ailə Məcəlləsində nəzərdə tutulan əlavə və dəyişikliklər ona görə reallaşmır ki, bizim cəmiyyət hələ o şərtlərə hazır deyil: "Neçə ildir ki, Milli Məclisdə müzakirələr aparılır, amma nəticə yoxdur".

Milli Məclisin Sosial siyasəti komissiyasının üzvü Musa Quliyev bizimlə söhbətində bildirib ki, Ailə Məcəlləsinin 13-cü maddəsində nəzərdə tutulan nikaha daxil olan şəxslərin tibbi müayinəsi könüllü xarakter daşıyır: "Yeni layihədə isə bu məcburidir. Yəni gənclər nigah evinə digər sənədlərlə yanaşı, sağlamlıq haqqında arayış da təqdim etməlidir. Qanun evlənmək istəyənlərin qarşısına tam olaraq qırmızı xətt çəkmir. Sadəcə, məsləhət görülür ki, tərəflər və ya onlardan biri müayinə olunsun sonra evlənsinlər. Bu hümanist qanun layihəsidir".

M.Quliyev onu da əlavə etdi ki, aparılan proflaktik tədbirlər, maarifləndirmə kampaniyaları müsbət nəticələrini verməkdədir: "Yeni qanun qəbul edilməyib, amma gənclər var ki, toydan qabaq müayinədən keçirlər. Əslində, bizim məqsədimiz təkcə qanunun qəbulundan yox, gənclərin toydan qabaq tibbi müayinəyə əhəmiyyət vermələrindən ibarətdir".

Sizin Reklam Yeriniz