Əlaqə Arxiv
news Image
2012.12.18
10:49
| A A A
Forekslə pul qazananlar...
Dünyada olduğu kimi son dövrlərdə ölkəmizdə də foreks əməliyyatları sürətlə genişlənir

Metroda, ictimai nəqliyatın digər növlərində, eləcə də küçələrdə yəqin ki, çoxlarımız forekslə bağlı reklamlara rast gəlmişik. Həmçinin, foreks vasitəsilə böyük miqdarda pul qazanmağın yolları barədə də az eşidilməyib. Özü də məsələnin maraqlı tərəfi ondan ibarətdir ki, foreks bazarı bütün dünyada olduğu kimi Azərbaycanda da sürətlə genişlənməkdədir. Həm bəzi banklar, həm də müstəqil şirkətlər belə xidmətlər göstərirlər.

Hazırda isə ticarət həcminə görə foreks bazarı, əmtəə və fond birjalarının dövriyyə həcmini nəzərə çarpacaq dərəcədə üstələyir. Foreks bazarı fiziki şəxslər, o cümlədən yeni başlayan treyderlər üçün ən az vəsaitlə valyuta əməliyyatlarına qoşulmaq imkanı yaratmaqla qısa müddət ərzində böyük gəlir əldə etmə imkanı yaradır.

Məlumat üçün qeyd edək ki, foreks ingiliscə "foreign exchange" kəlmələrinin qısaltmasıdır və müxtəlif ölkələrin valyutalarında ticarətin həyata keçirildiyi dünyanın ən böyük maliyyə bazarıdır. Başqa sözlə, bu birjada bir ölkənin milli valyutasına qarşı digər ölkənin valyutası alınıb-satılmaqdadır. Lakin bu bazarda ticarət alətləri sadəcə valyutalardan ibarət deyil. Günümüzdə foreks birjasında xidmət göstərən broker şirkətləri müştərilərinə neft, qızıl, beynəlxalq şirkətlərin səhmləri və bir sıra digər sərmayə alətlərində də ticarət imkanı yaradırlar.

Foreks bazarının əsas iş prinsipi əsas etibarı ilə qabaqcadan treyder tərəfindən xarici faktorların dəyərləndirilməsi əsasən də ucuz qiymətə alınmış bir valyutanın sonradan daha baha qiymətə satılması və mənfəət əldə edilməsindən ibarətdir və yaxud əksinə. Sözsüz ki, bir tərəfin qazanması üçün digər tərəfin itirməsi gərəkdir. Və məhz bu səbəblə bazardakı ən böyük gəlir payını ən kiçik qisim alır. Belə hesab olunur ki, foreks bazarı heç nə və heç kim tərəfindən idarə olunmur. Əslində, isə bu heç də belə deyil. Bəli, həqiqətən də istənilən bir şirkət, istər Azərbaycanda olsun, istər də xaricdə, özünü klub, dilinq mərkəzi və ya buna oxşar başqa bir şey elan edə bilər.

Bu bazarın nəzarət olunan iştirakçıları da vardır - misal üçün banklar, axı onlar da bu növ xidmətlər təklif edir. Bundan əlavə foreks beynəlxalq bazardır, buna görə İnkişaf etmiş Avropa ölkəsində və ya ABŞ-da bu cür müvafiq qurumlara nəzarət edən etibarlı tərəfdaş tapmaq elə də çətin deyil. Valyuta bazarında gəlirlər əsasən treyderin məharəti, onun alış-veriş bacarığı və haradasa bəxt amilindən asılı olur. Burada uğur qazanmaq, varlanmaq və maliyyə cəhətdən müstəqil olmaq, analitik və yaradıcı qabiliyyətlərini üzə çıxarmaq, dünya maliyyə sisteminin bir hissəsinə çevrilməyi öyrənmək və onu daxildən hiss etmək mümkündür.

Bütün bunlarla yanaşı, yeni başlayan sərmayəçilərin diqqət yetirməli olduğu daha bir amil, onun özünün fərdi nəzəri hazırlığıdır. Valyuta bazarı məhz peşəkarlar üçün olan bir fəaliyyət sahəsidir. Belə ki, bu bazarda sizin rəqibləriniz (kontur agentlər) qismində iqtisadiyyata dərindən bələd olan, fundamental və texniki analizi yüksək səviyyədə bilən mütəxəssislər çıxış edir. Foreksdə pul qazanmaq üçün bu peşəkarlara layiqli rəqib olmaq, sözün əsl mənasında onların baş ağrısına çevrilmək lazımdır.

Azərbaycanda son dövrlər Forex bazarına maraq artmaqdadır. Bu artan marağı təzahür edən faktorlardan biri çoxlu sayda leqal şirkətlərin fəaliyyətə başlamasıdır. Artan bazarda həmçinin yeni oyunçular, bank təmsilçisi olan şirkətlərdə ortaya çıxmağa başlayıblar. "Banker" portalı bildirir ki, banklar daha geniş şəbəkəyə malik olduqlarına görə insanlar üçün foreks əməliyyatlarını həyata keçirmək daha əlçatandır. Bu isə o deməkdir ki, siz bir sıra bankların istənilən filialına yaxınlaşaraq, foreks müqaviləsi bağlaya bilərsiniz. Bankın təqdim etdiyi foreks xidməti ənənəvi əməliyyatlarla yanaşı, qiymətli kağızlarla da əməliyyatlar aparmağa imkan verir. Günümüzdə foreks bazarının iştirakçıları kommersial banklarda açılan hesabların vasitəsilə lazımi əməliyyatları edirlər. Bu əməliyyatların böyük bir qismi bank müştərilərinin məsuliyyətində olan pullar nəticəsində icra olunur.

Ümumiyyətlə isə, günlük dövriyyə həcminə görə dünyanın ən böyük maliyyə bazarı olan foreksdə banklar, broker şirkətlər və ticarət hesabı olan şəxslər ticarət etməkdədir. Azərbaycanda da foreks xidməti göstərən şirkətlərin xidmətindən istfiadə etməklə valyutalar, qiymətli metallar, səhmlər, enerji daşıyıcıları və fond indeksləri ilə ticarət etmək, dünya birjalarında gəlir əldə etmək mümkündür.

Sizin Reklam Yeriniz