Əlaqə Arxiv
news Image
2016.07.05
09:00
| A A A
Meyvənin qiyməti yağışın ümidinə qalıb
Tərəvəz məhsullarının qiymətində isə ucuzlaşma müşahidə olunur

"Gilas 3 manat, 3 manat 50 qəpik, ərik 3 manat, alça 1 manat, şaftalı 1 manat 50 qəpik. Ramazan bayramınadək yağış yağmasa, qiymətlər belə də qalacaq. Bəlkə hələ bir qədər də ucuzlaşar".

Bunu "28 may" metrostansiyasının yuxarı hissəsində yerləşən "Boxçalı" bazarda meyvə satan Kamal Süleymanov söyləyir. Satıcı ötən həftəyə nisbətən mövsüm meyvələrinin qiymətində cüzi bahalaşma olduğunu deyir. Həmsöhbətimizin sözlərinə görə, buna səbəb son günlər havaların yağışlı keçməsidir: "Ötən həftə gilasın bir kiloqramını 2 manata satırdıq. Albalı isə 1 manat, 1  manat 50 qəpik idi. Yağış yağandan mövsüm meyvələrinin də qiyməti artdı. Ramazan bayramında da çalışacağıq ki, qiymətlər camaatın cibinə uyğun olsun. Bayram süfrəsinə hər kəsin meyvə alıb qoymaq imkanı olsun. Bayrama qədər hava yağışlı olmasa, yəqin ki, qiymətlər sabit qalacaq. Hələ bəlkə də, bir qədər də ucuzlaşar. Gilas və albalının qiyməti ucuzlaşmasa da, əriyin, alcanın qiyməti gözlənilir ki, bir az ensin. Çünki, elə rayonlar var ki, hava sərin keçdiyindən hələ ərik yetişməyib, alça dəyməyib".

Mövsüm meyvələri ilə müqayisədə tərəvəzin qiyməti ucuzlaşıb. Bu bazarda badımcanın 1 kiloqramının qiyməti 50, pomidorun qiyməti isə 60 qəpiyədək aşağı düşüb. Satıcılar da son günlər tərəvəz satışında yaranan bolluğun qiymətlərə təsir etdiyini söylədilər. Həmsöhbətimiz Kəmalə Orucova deyir ki, bazarda tərəvəz məhsulları əvvəl parnikdə yetişdirilən məhsullar idisə, artıq bostan məhsulları da bazara çıxarılıb: "Bazarda indi "yelpənək" xiyar da satılır. Düzdür, digər xiyarlarla nisbətdə bir az baha olsa da, tərəvəzdə bolluq var. Bazarda dolmalıq badımcan 60, bir qədər ölçüsü böyük olan badımcanlar isə 50 qəpiyədir. Pomidor 60-70 qəpikdir. Xiyarın qiyməti 50-90 qəpik arasındadır. Bibərin bir kiloqramı bir manatdır. Bayramda adətən qiymətlər qalxsa da, bostan məhsulları bol olduğundan qiyməti artırmağı düşünmürük. Ucuz gəlsə, ucuz da satacağıq".

Qarpızın qiyməti də 30 qəpikdən 25-20  qəpiyədək enib. Yemişin qiyməti isə bazarda 1 manata, 70 qəpiyə təklif olunur.

Bakının ucuz bazarı kimi tanınan "Yaşıl bazar" da da qiymətlərdə  o qədər fərq hiss olunmurdu. Satıcılarla söhbət zamanı öyrəndik ki, bazarda endirim əsasən yeşiklə alınan mallara şamil edilir. Yusif Kərimov adlı satıcı deyir ki, bazarda əriyin 1 kiloqramı 3 manat olsa da, yeşiklə ərik alanlara əriyin bir kiloqramı 2 manat 70 qəpikdən hesablanaraq satılır. 

Bazarda qarpız, yemiş bol olsa da, qiymətlər 20-70 qəpik arasında dəyişir. Bayramda ən çox istehlak olunan məhsul ət olsa da, satıcılar yay ayı olduğundan ətə  tələbatın aşağı düşdüyünü, sümüksüz əti 7 manata belə satdıqlarını söylədilər. Ət satışı ilə məşğul olan satıcılar mal ətinin bir kiloqramının 6 manat, quzu ətinin isə 9 manat olduğunu bildirdilər. Sümüksüz ət isə bazarda 7-7,50 qiymətə təklif edilir. Satıcılar ətə tələbat azaldığından bayramda da qiymətlərin sabit qalacağını söylədilər. 

Bazrda quş ətinin qiyməti isə 3-4 manat təşkil edirdi. Yumurta isə 10 qəpik, kənd yuçurtası 20 qəpiyə satılırdı.  Bayram süfrəsinin bəzəyi olan plovu dəmləmək üçün istifadə edilən məhsulların qiyməti isə belədir: düyü 2 manat 80 qəpik, kişmiş 6 manat, qaysı 9 manat, gavalı 7 manat, şabalıd 10 manat.

Ramazan süfrəsinin atributu olan xurmanın qiymətində isə artım müşahidə olunur. Satıcılar Ramazan ayı başlayandan xurmanın bir kiloqramının qiymətində ən azı 1-3 manatadək bahalaşma olduğunu söylədilər. Bazarda bir kiloqramı 20-22 manata xurma da satılırdı. Amma satışda 2 manat 90 qəpiyə, 5 manata da xurma təklif olunur. Bayramla əlaqədar çərəzlərin qiymətində də nəzərəçarpacaq artım müşahidə olunmur. Qoz ləpəsinin qiyməti 7-8-9 manat, fındıq isə 6-7 manata təklif olunur.   

Əvvəlki bayramlardan fərqli olaraq Ramazan bayramında kənd təsərrüfatı məhsullarının satış yarmarkası təşkil olunmayacaq. Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev Movqe.az-a açıqlamasında bildirdi ki, yarmarklar ənənəvi olaraq şənbə-bazar günlərində təşkil olunacaq. Buna baxmayaraq, M. Hacıyev məhsulun bol olduğunu, bunun bayram günlərində qiymət artımına səbəb olmayacağını söylədi: "Bazarda günü-gündən meyv-tərəvəz, bostan məhsulları bollaşır. Ona görə də, qiymətdə artım olacağı gözlənilmir".




Sizin Reklam Yeriniz