Əlaqə Arxiv
news Image
2012.12.21
16:35
| A A A
Kasıblar üçün böyük kredit imkanı
Babək Hüseynov: «Sosial Dəstək Fondunun əsas məqsədi aztəminatlı və sosial cəhətdən həssas əhali qruplarına birdəfəlik ünvanlı sosial yardımların və güzəştli sosial kreditlərin verilməsindən ibarət olacaq» Məhəmməd Talıblı: «Belə bir layihənin həyata keçirilməsi ümumilikdə baxdıqda, pozitiv haldır»

Hələ bir müddət əvvəl Əmək və Əhalinin Sosoial Müdafiə Nazirliyi belə bir məlumat yaymışdı ki, ölkəmizdə aztəminatlı ailələr üçün Sosial Dəstək Fondunun yaradılması planlaşdırılır. O da məlum idi ki, Fond aztəminatlı ailələrə güzəştli mikrokredit verilməsini həyata keçirəcək. Məlumatlardan o da aydın olurdu ki, Fond ilkin mərhələdə yoxsul ailələrin şəxsi təsərrüfatlarını inkişaf etdirərək onların yoxsulluq səviyyəsindən çıxarılmalarına, sonrakı mərhələdə həmin təsərrüfatların genişlənməsi nəticəsində yeni iş yerlərinin yaradılmasına, beləliklə də aztəminatlı vətəndaşın yoxsulluqdan sahibkarlığa doğru irəliləməsinə səbəb olmalı idi. Lakin müəyyən müddət keçsə də, hələ Sosial Dəstək Fondundan xəbər yoxdur. 

Bəs görəsən məsələ ilə bağlı mövcud vəziyyət nə yerdədir? 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Təminat Siyasəti şöbəsinin müdir müavini Babək Hüseynov məsələ ilə əlaqədar Movqe.az saytına məlumat verib: "Aztəminatlı ailələrə Sosial Dəstək Fondunun yaradılması ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əsasnamə, eləcə də Sosial Dəstək Fondunun vəsaitlərindən istifadə ilə bağlı sənəd hazırlanmış və əlaqədar Nazirliklər ilə razılaşdırılmaq üçün göndərilmişdir.  Hal-hazırda qeyd edilən sənədlər tam razılaşdırılmış və baxılması üçün hökumətə təqdim edilmişdir. Sosial Dəstək Fondunun əsas məqsədi aztəminatlı və sosial cəhətdən həssas əhali qruplarına birdəfəlik ünvanlı sosial yardımların və güzəştli sosial kreditlərin verilməsindən ibarət olacaq. Sosial Dəstək Fondunun maliyyə vəsaiti ünvanlı sosial yardım üçün ayrılan maliyyələşmə çərçivəsində olacaq. Ailələr ilkin olaraq mərkəzə müraciət edərək aztəminatlılıq statusu qazandıqdan sonra öz istəklərinə, arzularına uyğun olaraq ya aylıq ünvanlı yardım və yaxud da birdəfəlik ünvanlı sosial yardım seçə bilərlər. Birdəfəlik ünvanlı yardım özünədəstək proqramıdır. Ailələrlə sosial müqavilə imzalanır. Ailələrin və mərkəzin hüquq və vəzifələri müəyyən olunur. Ailələr aldıqları vəsaitləri məqsədyönlü şəkildə, ya şəxsi təsərrüfatın inkişaf etdirilməsi və yaxud da fərdi əmək fəaliyyəti ilə məşğul olmaq üçün seçirlər. 1 il ərzində ailələr həmin proqramda uğurla iştirak edərlərsə, gəlirlərində həqiqətən monitorinqlər nəticəsində artım olduğu müşahidə olunarsa, həmin ailələr Sosial Dəstək Fondu tərəfindən maliyyələşən  kreditlər alacaqlar. Güzəştli sosial kreditlər hansı iş üçün maliyyə alınmışdırsa, o işin genişləndirilməsinə və yaxud da ki digər istiqamətlərə sərf edilə bilər. Burada əsas məqsəd onlar üçün iş yerinin yaradılması və gəlir əldə etmək imkanlarının yaxşılaşdırılması ilə aztəminatlılıqdan çıxarılmasıdır. Güzəştli sosial kreditlərdə ilkin müddətdə geri qaytarılma, faiz dərəcələri olmur. Müəyyən dövr keçdikdən sonra isə artıq həmin vəsaitləri yenidən Sosial Dəstək Fonduna qaytarırlar".

İqtisadçı ekspert Məhəmməd Talıblı məsələ ilə bağlı aşağıdakı fikirləri səsləndirib: " Belə bir layihənin həyata keçirilməsi ümumilikdə baxdıqda, pozitiv haldır. Məncə, bunun qiymətləndirilməsi üçün bir neçə amil var. Burda söhbət ondan gedir ki, veriləcək kreditlər hansı əhali qrupları üçün veriləcək. Onların biznesə dair bilik və bacarıqları, müəyyən vərdişləri, təcrübələri olub-olmamağı çox vacibdir. 

Digər tərəfdən isə ümumilikdə bu, sosial reablitasiya siyasətinin tərkib hissəsidir. Əsas məsələ nəzarət mexanizmlərinin, kreditlərlə bağlı korrupsiya risklərinin aradan qaldırılması, eyni zamanda həmin kreditlərin sosial statuslu insanlara verilməsidir ki, onlar müəyyən bir iş yerləri aça bilsinlər və yaxud təsərrüfatlarını inkişaf etdirsinlər, genişləndirsinlər. Bu zaman təbii ki, həmin kreditlərin effektivliyindən danışmaq olar. Əsas bunun işlək mexanizmə gətirilməsidir". 

Azərbaycanda Sosial Dəstək Fondunun yaradılmasının ölkənin kredit bazarına təsiri barədə isə ekspert bildirir: "Bunun kredit bazarına əhəmiyyətli dərəcədə təsirindən təbii ki, danışmaq olmaz. Çünki bu bəlli bir sosial qrup üçün nəzərdə tutulub. Onların ticarət dövriyyəsi, ümumiyyətlə, bazara təsir imkanları da bir o qədər deyil. Ona görə də mən düşünmürəm ki, bu ölkənin istehlak bazarına əhəmiyyətli təsir etsin".

Sizin Reklam Yeriniz