Əlaqə Arxiv
news Image
2012.12.24
17:10
| A A A
Yeni ilin yeni qiymət artımı
Qubad İbadoğlu: «Bir səbəb ondan ibarətdir ki, bayram ərəfəsində iş günlərinin sayı azalır, satış şəbəkələri də məhdudlaşır» Natiq Cəfərli: «Çox təəssüf ki, bu problem dəfələrlə qaldırılsa da, hələ həllini tapmayıb»

Bir neçə gündən sonra demək olar ki, dünyanın hər yerində qeyd edilən Yeni il bayramını qarşılayacağıq. Bayram atributları sırasında ilk yeri Yeni il yolkası tutur. Hər bir evdə bir yolka bəzədilir. Amma yolka və onun bəzənməsi üçün tələb olunan aksesuarların qiymətində nəzərəçarpacaq dərəcədə bahalaşma hiss olunur. Lakin bahalaşma bununla məhdudlaşmayaraq, bir sıra digər məhsullar üzrə də özünü göstərir. Həmişə olduğu kimi alıcılar da qiymətin bahalığından narazılıq edir. 

Bəs görəsən qiymət bahalaşmasına səbəb nədir? Bu kimi halların qarşısını necə almaq olar?

İctimai Təşəbbüslərə Yardım Mərkəzinin sədri, iqtisadçı ekspert Qubad İbadoğlu məsələ ilə bağlı Mövqe. Az saytına açıqlamasında aşağıdakıları bildirib:

 "Qiymətlərin bahalaşması bayramın xarakterindən də asılıdır. Bu bayram kifayət qədər populyardır. Bayram eyni zamanda qış fəslinə təsadüf edir. Bu dövr mövsümlə əlaqədar qiymətlərin bahalaşdığı dövrdür. Bununla yanaşı bayram ərəfəsində tələbat artır. Tələbatın artması son nəticədə qiymət bahalaşmasını şərtləndirir. Başqa bir səbəb ondan ibarətdir ki, bayram ərəfəsində iş günlərinin sayı azalır, satış şəbəkələri də məhdudlaşır. Bu da bəzi hallarda süni qiymət artımına gətirib çıxardır. Deyirlər ki, həmin məhsulun qıtlığı var, həmin ərazidə yalnız bunun mağazası işləyir. Hesab edirəm ki, bu amillərin hər birinin təsir imkanları var. 

Spekulyativ halların qarşısını almaq mümkündür. İqtisadi İnkişaf Nazirliyində nəzarət departamenti var. Bu, onların səlahiyyətində olan bir məsələdir".

Digər iqtisadçı ekspert Natiq Cəfərli qiymət artımının obyektiv və subyekktiv səbəbləri olduğunu deyib: "Bayramlar qabağı digər ölkələrdən fərqli olaraq Azərbaycanda qiymətlərin qalxması həm obyektiv, həm də subyektiv səbəblərlə bağlıdır. Obyektiv səbəb odur ki, tələbat artır. Təbii ki, insanlar bayram süfrəsi üçün, bayramı keçirtmək üçün  hazırlıqlar görür və daha çox bu sahəyə diqqət yetirdikdən tələbat artır. Qiymətlərdə müəyyən tərpəniş baş verir. Bu obyektiv səbəbdir. Subyektiv səbəb inhisarçılıqdır. Çox təəssüf ki, bu problem dəfələrlə qaldırılsa da, hələ həllini tapmayıb. Bu da qiymətlərin artmasına təsirsiz ötüşmür".

Sizin Reklam Yeriniz