Əlaqə Arxiv
news Image
2013.01.09
12:00
| A A A
Özəl fondlar hesabına daha çox pensiya almaq mümkün olacaq

Cari ildə qeyri-dövlət pensiya fondlarının hüquqi bazasının formalaşdırılması gözlənir.

Əksər Qərb ölkələrində vətəndaşların pensiya təminatının kifayət qədər yüksək olması məlum həqiqətdir və bunu şərtləndirən əsas səbəblərdən biri də sosial sığorta ödənişlərinin miqdarının çox olmasıdır. Azərbaycanda isə sosial sığorta ödənişlərinin həcmini  əmək qabiliyyətli insanların sayı baxımından hələ də qənaəbəxş saymaq olmaz. 

Digər tərəfdən hələ də müəyyən özəl müəssisələrdə ikili mühasibaptlığın mövcudluğu da sosial sığorta ödənişlərinin miqdarına təsirsiz ötüşmür. Bütün bunlara rəğmən, sosial sığorta ödənişlərinin artırılması istiqamətində bir sıra addımlar da atılmaqdadır. Qeyd edilən kontekstdə nəzərdə tutulan vacib addımlardan biri də özəl pensiya fondlarının yaradılması ilə bağlıdır. İstisna edilmir ki, cari ildə Azərbaycanda qeyri-dövlət pensiya fondlarının yaradılması üçün hüquqi bazanın formalaşdırılmasına başlanacaq. O da gözlənir ki, müvafq addımlar atıldıqdan sonra  artıq 2014-2015-ci illərdə ilk belə fondlar fəaliyyətə başlayacaq. 2020-ci ilə qədər isə qeyri-dövlət pensiya fondları maliyyə bazarının aktiv iştirakçısına çevriləcək. Söhbət vətəndaşların könüllü şəkildə öz pensiya təminatlarını gücləndirməsindən gedir.

Xatırladaq ki, hazırda qüvvədə olan qanunvericiliyə görə, hər bir Azərbaycan vətəndaşının aylıq əmək haqqının 25%-i məbləğində Dövlət Sosial Müdafiə Fonduna (DSMF) məcburi qaydada sosial sığorta haqqı ödənilir. Bu məbləğin 3%-ni vətəndaş özü, 22%-ni isə işəgötürən ödəyir. Qeyri-dövlət pensiya fondları fəaliyyətə başladıqdan sonra isə hər kəs könüllü şəkildə həmin fondlara pul köçürə biləcək və pensiya yaşı çatdıqda yığılmış vəsait qanuna uyğun şəkildə ona geri ödəniləcək. Bununla da ölkənin pensiya-sığorta sistemində rəqabət formalaşacaq. Məlumatlara görə, qeyri-dövlət pensiya fondları ilə bağlı hazırlanan qanunvericilik aktlarında belə fondlara toplanan vəsaitin sığortalanması məsələsi də öz əksini tapacaq. Başqa sözlə, hər hansı özəl fond fəaliyyətini dayandırdıqda vətəndaşların ora ödədiyi pulların taleyi sual altına düşməyəcək. Yəni, banklara qoyulmuş əmanətlər sığortalandığı kimi, qeyri-dövlət pensiya fondlarına yerləşdirilmiş vəsaitlər də sığortalanacaq.

Ekspertlərin fikrincə, belə fondlara dövlət nəzarəti kifayət qədər güclü olmalıdır. Çünki təcrübə göstərir ki, dövlət nəzarətinin zəif olduğu ölkələrdə qeyri-dövlət pensiya fondları uğurlu fəaliyyət göstərə bilməyib və maliyyə piramidalarına çevrilib. Hətta bəzən belə fondu təsis edənlər vətəndaşlara şirnikləndirici təklif verməklə onların pulunu toplayaraq öz məqsədləri üçün istifadə edir. Bu mənada aydındır ki, Azərbaycanda özəl pensiya fondların fəaliyyətə başlaması üçün birinci növbədə tələbolunan  hüquqi institusionla baza formalaşmalıdır və səmərəli dövlət nəzarəti mexanizmləri tətbiq olunmalıdır.

Bununla yanaşı, o da vurğulanır ki, özəl pensiya fondlarınnı səmərəli fəaliyyəti üçün bir sıra digər addımlar da atılmalıdır. Məsələn, belə fikirlər səslənir ki, həmin fondların maliyyə əməliyyatlarında iştirak etməsinə, xüsusilə də kredit verməsinə Mərkəzi Bank tərəfindən lisenziya verilməlidir. Yalnız bu yolla qeyri-dövlət pensiya fondlarına yığılmış vəsaitlər effektiv şəkildə idarə oluna bilər. Məsələn, ABŞ-da fəaliyyət göstərən fondlar hətta ipoteka krediti verilməsi ilə də məşğul olur və son nəticədə bu ölkədə vətəndaşlar dövlətə məxsus pensiya-sığorta sistemi ilə müqayisədə özəl pensiya fondlarına daha çox vəsait yatırır.

Bundan başqa belə fikirlər də səslənir ki, qeyri-dövlət pensiya fondlarının fəaliyyəti qiymətli kağızlar bazarı ilə əlaqəlidir. Azərbaycanda isə bu bazarda özəl sektorun xüsusi çəkisi hələ də qənaətbəxş sayılmır. Özəl pensiya fondları ilə bağlı maraqlı dünya təcrübəsi də mövcuddur.  Məsələn, Danimarka, Avstariliyada qeyri-dövlət fondları məcburi fəaliyyət göstərir. ABŞ-da və Böyük Britaniyada bu fondlarla vətəndaşın əməkdaşlığı könüllülük prinsipinə əsaslanır. Azərbaycanda hansı sistemin tətbiq olunacağı hələ müəyyənləşməyib.Lakin onu da qeyd edək ki, yaradılması nəzərdə tutulan qeyri-dövlət təqaüd fondları sosial-sığorta vəsaitlərinin dövr etdirilməsini, pensiyanın təyinini və ödənilməsini həyata keçirən bir qurumdur. Dövlət pensiya fondlarından fərqli olaraq özəl pensiya fondu əhalinin öz qazancı hesabına yığdığı təqaüdlərin saxlanması üçün yaradılan bazadır. Özəl pensiya fondu mexanizmi dünyanın inkişaf etmiş ölkələrində bir müddətdir tətbiq edilir. Bu cür fondlar vasitəsilə bir çox ölkələr pensiya təminatının yüksəldilməsinə nail olub. Hazırda Almaniya, Böyük Britaniya, İrlandiya, Türkiyə və s. ölkələrdə özəl təqaüd fondları var. Bəzi ölkələrdə isə əksinə, bu sahədə çox ciddi problemlər yaranıb. Maliyyə böhranı həmin fondları xeyli zərərə məruz qoyub və problem yaranıb. Bu səbəbdən də mütəxəssislər özəl pensiya fondlarının tətbiqinə ehtiyatlı yanaşmanın tərəfdarıdır.

Səməd CƏFƏROV 

Sizin Reklam Yeriniz