Əlaqə Arxiv
news Image
2016.10.04
11:28
| A A A
Nikaha girənlərdə aşkar olunan xəstəliklər - sifilis, QİÇS...

Ölkədə nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi tətbiq olunduğu andan cari ilin sentyabr ayının sonuna qədər müayinədən 197554 nəfər keçib. Bu barədə Trend-ə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.


Məlumatda bildirilir ki, bu ilin sentyabr ayı ərzində nikaha daxil olmaq istəyən 10990 nəfər tibbi müayinədən keçib.


1 iyun 2015-ci il-30 sentyabr 2016-cı il tarixlərində müayinələrdən keçmiş şəxslərdən bəzilərində müxtəlif xarakterli infeksiyalar aşkar olunsa da, ümumilikdə müayinədən keçən və nikaha daxil olmaq istəyən şəxslərin əksəriyyətinin sağlamlıq durumunun qənaətbəxş olduğu aşkar olunub. Müayinədən keçmiş 9131 nəfərdə talassemiya daşıyıcılığı, 749 nəfərdə sifilis, 133 nəfərdə isə QİÇS aşkar olunub.


Qeyd edək ki, "Ailə Məcəlləsində dəyişikliklərin edilməsi haqqında" Qanunun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiqi ilə əlaqədar, 1 iyun 2015-ci il tarixindən etibarən nikaha daxil olmaq istəyən vətəndaşlar mütləq tibbi müayinədən keçməlidirlər. Nazirlər Kabineti tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə qaydaları təsdiqlənib, tibbi müayinə olunmalı xəstəliklərin siyahısı müəyyənləşdirilib. Bu məqsədlə səhiyyə müəssisələrində zəruri şərait yaradılıb.


Tibbi müayinə və məsləhətlər nikaha daxil olmaq istəyən şəxslərin və ya onlardan birinin yaşayış yeri üzrə Azərbaycan Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş dövlət və bələdiyyə tibb müəssisəsində həyata keçirilir.

Sizin Reklam Yeriniz