Əlaqə Arxiv
news Image
2016.10.11
12:08
| A A A
Məcburi köçkünlərin kommunal xidmət haqları ilə bağlı yenilik nəyi dəyişəcək?

Samir Əliyev: "Bu yeni qayda ən azından imkan verəcək ki, məcburi köçkünlərin kommunal xidmət xərcləri dəqiq hesablansın"


Anar Cəbrayıllı: "Məcburi köçkünlər üçün yeni salınan qəsəbə və massivlərdə sayğaclaşma təmin edilib"


İbrahim Kəlbalıyev: "Məcburi köçkünlərin köçürüldüyü yeni binalar tam sayğaclaşdırılıb"


Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı nəticəsində ölkənin digər bölgələrində məskunlaşan məcburi köçkünlərə kommunal xidmət xərclərinin verilməsində dəyişikliklər olacaq.  Qeyd edək ki, indiyədək məcburi köçkünlər kommunal xərclərdən müəyyən limit daxilində azad idilər. Yaxın vaxtlarda isə həmin xərclərin pulu köçkünlərin özünə veriləcək. 

Məcburi köçkünlər işlətdikləri kommunal xidmətin haqqını özləri ödəyəcəklər. Kommunal xidmət xərclərinin məcburi köçkünlər tərəfindən ödənişini təmin etmək məqsədilə həmin vəsait yemək xərci üçün müavinətlə bağlı plastik karta əlavə edilməklə, nağd şəkildə məcburi köçkünlərin özlərinə verilməsi nəzərdə tutulur. Bunun icrasına isə 2017-ci ilin yanvarında başlanılacaq. Bu barədə Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Prezident İlham Əliyevin sədrliyi ilə keçirilər Nazirlər Kabinetinin iclasındakı çıxışında bildirib. 

"Qaçqınkom" rəhbəri deyib ki, məcburi köçkünlər üçün nəzərdə tutulmuş müavinətlərin istifadəsində yeni təkmilləşdirilmiş mexanizmin tətbiqi nəticəsində müəyyən vəsaitə qənaət ediləcək və bu vəsait qayğıya daha çox ehtiyacı olan ailələrə xərclənəcək: "Əldə olunan vəsaiti, sosial ədalət prinsipi təmin edilməklə, imkanı nisbətən zəif olan və ağır şəraitdə yaşayan məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılmasına yönəldilməsi üçün, razılığınız olduğu təqdirdə, müvafiq tədbirlər görüləcək"-deyə komitə sədri Prezident İlham Əliyevə müraciət edib.  Ə.Həsənovun sözlərinə görə, kommunal xərclərin, o cümlədən işıq və qaz pulunun ödənilməsi üçün məcburi köçkünlərin yerləşdiyi məntəqələrdə fərdi sayğaclaşma aparmaq lazım gələcək. "Bütün xərclər vahid plastik kartla ödəniləcəyi halda, aidiyyəti xidmət təşkilatları məcburi köçkünlərin sıx müvəqqəti məskunlaşdıqları yataqxana, pansionat, tikintisi yarımçıq qalmış binalar və s. obyektlərdə qısa müddətdə fərdi sayğaclaşma işlərini təmin etməlidirlər. Bu isə 94 min abonent deməkdir".

"Dövlətqaçqınkom"un  kommunal xidmət şöbəsindən "Movqe" qəzetinə bildirdilər ki, hazırda məcburi köçkünlərə adambaşına ayda 150 kVt.saat elektrik enerjisindən pulsuz istifadə limiti ayrılıb. Məcburi köçkünlər yay aylarında 100 kVt. saat, qış aylarında isə 200 kVt .saat elektrik enerjisi sərf edirlər. Orta hesabla bu,150 kVt.saat edir. Bundan başqa, adambaşına köçkünlərə bir ay üçün 35 kubmetr təbii qaz hesablanıb: "4 ay qış müddətində təbii qazdan istifadə 45 kub, mart, aprel, may və oktyabr ayları üçün 35 kub, yerdə qalan 4 ay üçün isə orta sərfiyyat 25 kubdan hesablanır. Məcburi köçkünlər üçün adambaşına su istehlakı limiti aylıq 5 kubdur. Bu limitin məbləği 2017-ci ilin yanvar ayından məcburi köçkünlərin öz kartına vurulacaq. Hələ bilinmir ki, məcburi köçkünlər bu limitdən az işlətdikdə karta vurulan məbləğ kimin hesabında qalacaq. Bu mexanizm hələ tam aydın deyil".

 

İqtisadçı Samir Əliyev isə kommunal xidmət xərclərinin məcburi köçkünlər tərəfindən ödənişini təmin etmək məqsədilə həmin vəsaitin yemək xərci üçün nəzərdə tutulmuş plastik karta əlavə edilməsinin yaxşı təklif olduğunu söyləyir. İqtisadçı deyir ki, bu, gələcəkdə məcburi köçkünlərə kommunal xidmətlərdən istifadə zamanı nə qədər vəsait sərf olunduğunu dəqiq hesablamaq imkanı verəcək: "İndi elektrik enerjisinin, təbii qazın, suyun pulunu özləri ödəyən əhali imkan daxilində qənaət etməyə çalışır. Amma bir də görürsən ki, məcburi köçkünlər bu məsələdə israfa yol verirlər. Suyu, işığı, qazı qənaətlə işlətmirlər. Amma gələckdə limit üçün ayrılmış məbləğ onların kartına vurulduqda, onlar o vəsaitdən özlərinə qalması üçün qənaət edəcəklər. Düzdür, hələ ki yerdə qalan məbləğin kimin hesabında qalacağı bəlli deyil. Çünki, bunun mexanizmi hələ açıqlanmayıb. Amma bu yeni qayda ən azından imkan verəcək ki, məcburi köçkünlərin kommunal xidmət xərcləri dəqiq hesablansın. Çünki, bəzən aidiyyatı qurumlar da məcburi köçkünlərin işlətdiyi suyun, qazın, elektrik enerjisinin qiymətini dəqiq açıqlamırlar. Çünki, çox az miqdarda məcburi köçkün var ki, müəyyən səbəblərdən limitdən artıq elektrik enerjisi, qaz və sudan istifadə edir. Bununla yanaşı, bəzi regionlarda elektirk enerjisi, qaz və sudan nadir hallarda istifadə edən məcburi köçkünlər də var. Göründüyü kimi, kommunal xidmət təşkilatlarına kifayət qədər və artıqlaması ilə pul köçürülür.  Yeni qayda imkan verəcək ki,məcburi köçkünlərin elektrik enerjisinə, təbii qaza, suya sərf etdikləri real məbləğ ortaya çıxsın".

 

S. Əliyev bu qaydanın gələcəkdə məcburi köçkünlərə kommunal xidmətlər üçün ayrılan limitin də azalmasına gətirib çıxaracağını bildirdi: "Məcburi köçkünlər üçün kommunal xidmətlərə ödəniş üçün nəzərdə tutulan məbləğ karta köçürüldükdə, hər məcburi köçkün öz işlətdiyi kommunal xidmətin haqqını ödəyəcək. Bu da imkan verəcək ki, dövlət yaxın gələcəkdə məcburi köçkünlərin nə qədər elektrik enerjisi, nə qədər su, nə qədər qaz işlətdiyini üzə çıxartsın. Əlbəttə ki, bunun limitdən az olduğu üzə çıxarsa yəqin ki, limit aşağı salınacaq".

Ə.Həsənovun iclasda qeyd etdiyi daha bir məsələ kommunal xərclərin, o cümlədən işıq və qaz pulunun ödənilməsi üçün məcburi köçkünlərin yerləşdiyi məntəqələrdə fərdi sayğaclaşma aparmağın labüdlüyüdür.  Bəllidir ki, məcburi köçkünlərin məskunlaşdığı bəzi yerlərdə nə su, nədəki qaz sayğacı var.

"Azərsu"  ASC-nin mətbuat katibi Anar Cəbrayıllı deyir ki, məcburi köçkünlər üçün yeni salınan qəsəbə və massivlərdə sayğaclaşma təmin edilib. Yalnız bağça, məktəb və bu kimi obyektlərdə məcburi köçkünlər su sayğacı ilə təmin olunmayıb: "Hətta yataqxanaların da bir hissəsində sayğaclaşma aparılıb. Məcburi köçkünlərin kommunal xərclərinin plastik kartla dövlət tərəfindən ödənilməsi, hər məcburi köçkünün sərf etdiyi suyun haqqını özünün ödəməsi bizim üçün də yaxşı olardı. Çünki, elə yataqxanalar var ki, müxtəlif bölgələrdən gələn sakinlər orada yaşayır. Onlar da su pulu verməkdən imtina edirlər".  

"Azəriqaz" İstehsalat Birliyinin sözçüsü İbrahim Kəlbalıyev də bildirib ki, məcburi köçkünlərin köçürüldüyü yeni binalar tam sayğaclaşdırılıb. Yataqxana, məktəb və digər inzibati binalarda isə qaz verilişi layihəsində nəzərdə tutulubsa, onlarda da sayğaclaşdırma işləri başa çatıb. Amma məcburi köçkünlərin məskunlaşdığı elə binalar var ki, ora qaz verilişi binanın layihəsində nəzərdə tutulmadığından təbii qaz verilməyib.

Sizin Reklam Yeriniz