Əlaqə Arxiv
news Image
2016.10.11
13:05
| A A A
Aşura günü toplanan qanlardan QİÇS virusu yayıla bilərmi? ARAŞDIRMA

Sabah ölkədə Aşura günü ilə əlaqədar Səhiyyə Nazirliyinin Mərkəzi Qan Bankından başqa, 14 məsciddə qanvermə aksiyası keçiriləcək. Qan verib yaşatmaq nəcib təşəbbüs olsa da, qanvermə aksiyalarında toplanan qanların təhlükəsizlik məsələsi həmişə gündəmdə olub. Mərkəzi Qan Bankının müdir müavini Namirə Abbasovanın Movqe.az-a verdiyi məlumata görə, qanvermə aksiyalarında toplanılan qanlarda təhlükəli infeksiyaların olması hallarına ötən illərdə keçirilən qanvermə aksiyalarında da rast gəlinib: "Əlbəttə ki, qanvermə aksiyalarında HİV, Hepatit B və C, eləcədə siflis xəstəliyi olanların qanverməsi mümkündür. Bunu ötən illərin təcrübəsi də təsdiqləyir. Statistik təhlil göstərir ki, 2015-ci ildə respublika üzrə donorlardan tədarük edilən 36 min 598 milli qandan,7-8 faizində təhlükəli infeksiyalar aşkarlandığından, yararsız hesab edilərək yararsızlaşdırılıb.  Donorlardan tədarük olunan qanlarda HİV, Hepatit B və C, eləcədə siflis aşkarlanıb. N. Abbasova deyir ki, 2015-ci ildə ölkə üzrə 75 min 184 nəfər donor qan verib. N. Abbasova təhlükəli infeksiyalar aşkarlanan qanların arasında, qanvermə aksiyalarında tədarük olunan qanların da olduğunu qeyd edib. Onun sözlərinə görə, qanvermə aksiyalarında iştirak edən, həmçinin digər donorlardan tədarük olunan qan, ciddi şəkildə dörd təhlükəli infeksiyaya görə labarator müayinədən keçirilir. Və bu işə çox ciddi nəzarət olunur".

N. Abbasova deyir ki, ötən il Aşura günündə məscidlərdə keçirilən qanvermə aksiyası zamanı 5 min litrdən çox qan toplanıb: "Bu il də Aşura günü keçirilən qanvermə aksiyalarında donorların qanı dörd təhlükəli infeksiyaya görə labarator müayinədən keçiriləcək. Bu məsələyə ciddi nəzarət olunur".

N. Abbasova qanvermə aksiyasında yığılan qanlarda xəstəlik aşkarlanan şəxslərə bu barədə məlumat verildiyini də söyləyib.

Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva da bildirir ki, qan infeksiyalara görə yoxlanıldıqdan sonra xəstələrə vurulur. Həmsöhbətimizin sözlərinə görə, qanvermə aksiyalarında toplanan qanların Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda ilkin yoxlamaları aparılır: "Daha dəqiq yoxlama isə Qan Bankında aparılır. Orada laboratoriya qanlar müəyyən xəstəliklərə görə, müayinədən keçirildikdən sonra istifadəyə buraxılır".

Z.Əlimirzəyeva bildirir ki, əhali arasında qanvermə aksiyaları zamanı toplanan qanda təhlükə, hər hansı infeksion xəstəliyin olması barədə narahatlığın yaranmasına heç bir əsas yoxdur. Həmsöhbətimizin sözlərinə görə, qanvermə aksiyalarında labarator müayinə zamanı müxtəlif xəstəliklər aşkarlanan qanların olduğu üzə çıxır. Bu zaman isə həmin qanlar yararsızlaşdırılır.

Z. Əlimirzəyevanın sözlərinə görə, qanvermə aksiyalarında toplanılan qanlar bir aya yaxın Mərkəzi Qan Bankında saxlanılır: " Qan daxil olduqdan sonra onun eritrosit kütləsi plazma hissəsindən ayrılır. Bütün dünyada qan komponentlərə ayrılaraq istifadə edilir. Xroniki qan xəstələrinə köçürülən qan ayrılmış ertrosit kütləsidir. Yəni, tərkibindəki hemoqlobinin sayəsində qana qırmızı rəng verir. Qanda dövr edən eritrositlər 120 gündən sonra dalaqda parçalanır. Eritrositlərin sayəsində qanın əsas funksiyasiyalarından biri - tənəffüs funksiyası həyata keçir. Qanın ayrılmış plazma hissəsi isə orqanizmin qan itirmə zamanı istifadə edilir. 6 saat müddətində dondurulan qanın plazma kütləsi 1 ilə qədər saxlanılır və qan itirən insanlara vurulur".

Respublika QİCS-lə Mübarizə Mərkəzinin Epidemioloji Nəzarət və Profilaktika şöbəsinin müdiri Afət Nəzərli isə deyir ki, QİCS kimi təhlükəli virusa qanvermə aksiyalarında toplanılan qanlardan yoluxmaq riski demək olar ki, yoxdur. Həmsöhbətimiz bildirir ki, Aşura günü keçirilən qanvermə aksiyalarında toplanacaq qanlar da, 4-cü nəsil Ekspress-testlərlə aparılır. A. Nəzərli bu müayinə ilə çevik şəkildə qanda HİV-in müayinəsinin aparıldığını, virusun yoxlanılaraq üzə çıxarılmasının mümkün olduğunu bildirdi. 


Zülfiyyə QULUYEVA 


Sizin Reklam Yeriniz