Əlaqə Arxiv
news Image
2016.10.12
07:00
| A A A
GMO problemi aradan qalxır
Eyyub Hüseynov: “GMO ilə mübarizə üsullarından biri də ənənəvi yerli bitki toxumlarının artırılması, onların əkilməsidir” Çingiz Fərəcov: “Real vəziyyəti bilmək üçün istehsal düzgün proqnozlaşdırılmalıdır”

Məlumdur ki, xaricdən idxal edilən bəzi ərzaq və kənd təsərrüfatı məhsullarına tətbiq edilən gömrük rüsumlarının noyabrın 30-dan etibarən kəskin artırılmasını nəzərdə tutulub. Qərar idxalın azalması ilə yanaşı, yerli istehsalın artmasına səbəb olacaq. 

İdxalın azalması isə ölkəyə gətirilən geni modifikasiya olunmuş (GMO) məhsulların da azalması deməkdir. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, təəssüflər olsun ki, ölkəmizdə GMO əkinçilik var: "Düzdür, yüksək səviyyədə insanların hüquqlarını, sağlamlığın qorunması baxımından əhəmiyyətli tapşırıq və qərarlar var. Lakin Azərbaycanda GMO əkilir. Xüsusən də xarici ölkələrdən gətirilmiş çiyələklər, hansı ki, bərk olurlar, qarğıdalı növləri, hansı ki, adi qarğıdalıdan dörd dəfə artıq məhsuldarlıq verir, soyanın 95 faizi GMO-dur. Təəssüflər olsun ki, GMO-nun yoxlanılması üçün laboratoriyalar da aktiv deyil. Onlar sadəcə, müraciəti gözləyirlər. GMO-nın tədqiqatı baha olduğu üçün bizim təşkilat bu il ərzində cəmi bir dəfə tədqiqat keçirə bilib".

Eyyub Hüseynov əlavə etdi ki, idxalın azalması Azərbaycana gələn GMO-nun həcminə müəyyən qədər təsir edə biləcək: "Amma tam həll etməyəcək. Çünki, artıq daxildə GMO-nun istehsalı var. Yalnız xaricdən gələn hazır məhsullar arasında onların həcmi azalacaq. GMO ilə mübarizə üsullarından biri də ənənəvi yerli bitki toxumlarının artırılması, onların əkilməsidir". 

Aqrar məsələlər üzrə ekspert Çingiz Fərəcov isə GMO məsələsinə fərqli yanaşdı. Belə ki, Azərbaycana xaricdən GMO-nun idxalı haqqında heç bir rəsmi məlumatın olmadığını qeyd etdi: "Heç ölkəmizdə məhsulların GMO olub-olmasını təyin edən laboratoriyalar yoxdur. Belə olduğu halda GMO-dan danışmağa ehtiyac yoxdur. 

Bu yaxınlarda ölkəmizdə beynəlxalq humanitar forum keçirildi. Forumda Nobel mükafatı laureatları iştirak edirdi. Nobel mükafatı laureatlarından üç nəfəri çıxışında qeyd etdi ki, bəzi ölkələrdə əsassız olaraq GMO-lar tənqid olunur. Bunun üçün əsas olmadığını qeyd etdilər. Əgər alimlər, böyük laboratoriyalar illərini sərf edib GMO hazırlayırlarsa, bunu yoxsul ölkələr üçün nəzərdə tuturlar. Həmin alimlər də bu məhsulların insan sağlamlığına heç bir ziyanı olmadığını qeyd etdilər. 

Dövlətlər də insana ziyan vuran məhsullar istehsal etməzlər. GMO-nun əsas məqsədi ərzaq təhlükəsizliyinin təmin edilməsidir. Ona görə bu məsələni dərindən öyrənmədən GMO haqqında mənfi fikirlər söyləmək tezdir".

Çingiz Fərəcov əlavə etdi ki, idxalda gömrük rüsumları artırılır: "Bu mənada respublikaya idxal da azalacaq. Deməli, daxildə aqrar istehsal artırılmalıdır. Əks təqdirdə qiymət artımı qaçılmaz olacaq. Eyni zamanda real vəziyyəti bilmək üçün istehsal düzgün proqnozlaşdırılmalıdır. Əks təqdirdə lazımi qədər istehsal edə bilmərik. Bütün bunlar xaricdən idxal həcmini azaldacaq. Eyni zamanda GMO qorxsu da azalmış olacaq".

Sizin Reklam Yeriniz