Əlaqə Arxiv
news Image
2016.10.17
12:45
| A A A
Siqaretdən imtina etmək istəyənlər üçün xüsusi kabinetlər yaradıldı

Noyabrın 1-dən Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) ambulator şöbəsinin nəzdində əhali üçün tütündən imtina üzrə tibbi məsləhət kabineti və xüsusi “qaynar xətt” fəaliyyətə başlayacaq.

Bu barədə virtualaz.org saytına nazirlikdən məlumat veriblər.

Xəbərdə deyilir ki, burada tütündən asılılığı olan və ondan imtina etmək istəyən şəxslər professional tibbi yardım və psixoloji məsləhətlər alacaqlar. Layihə “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”nın müvafiq tələblərinə uyğun olaraq tətbiq olunacaq.

Mərkəzin əməkdaşları Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regionunun və Rusiya Federasiyasının “Tütündən istifadənin dayandırılmasına yardım göstərilməsi” sahəsində əldə olunan beynəlxalq təcrübənin Azərbaycana uyğun modelini İSİM-də açılacaq kabinetin fəaliyyətində tətbiq etməkdir.

2 ay davam edəcək pilot faza ərzində yaradılan kabinetin və “qaynar xətti”n hər birində bir mütəxəssisin işləməsi nəzərdə tutulur. Hazırda İSİM-in ambulator şöbəsində müvafiq kabinet yaradılıb, xüsusi telefon xətti ayrılıb və çalışacaq mütəxəssislərə tütündən istifadənin dayandırılması və asılılığın müalicəsinə dair metodik təlimatlar əsasında 3 günlük təlimlərin keçirilməsinə başlanılıb.

Fəaliyyət çərçivəsində İSİM əhaliyə tütündən istifadənin dayandırılmasına və tütündən asılılığın aradan qaldırılmasına, tütündən asılılığın müalicəsinə dair milli mütəxəssis potensialının gücləndirilməsinə və qeyd olunan tibbi-konsultativ xidmətlərin təşkilinə yardım göstərəcək.

Pilot layihənin müddəti başa çatdıqdan sonra görülmüş işlərin qiymətləndirilməsi və gələcəkdə tütündən imtina kabineti və qaynar xəttin davamlı fəaliyyətdə olması və işinin səmərəli, effektiv aparılması üçün zəruri tədbirlərin görülməsi nəzərdən keçiriləcək.

Xatırladaq ki, Azərbaycanda 2005-ci ildə “Tütünə qarşı mübarizə haqqında” Ümumdünya Səhiyyə Təşkilatının Çərçivə Konvensiyasını ratifikasiya edib. Həmin Konvensiyanın 14-cü maddəsinə əsasən hər bir ölkə tütündən istifadənin dayandırılmasına və tütündən asılılığın adekvat müalicəsinin təmin edilməsinə kömək üçün səmərəli tədbirlər görməli, habelə tibbi-sanitariya yardımı müəssisələrində və reabilitasiya mərkəzlərində tütündən asılılığın diaqnostikası, profilaktikası, müalicəsi və məsləhətlərin verilməsi üzrə proqramlar hazırlamalı və həyata keçirməlidir.

Sizin Reklam Yeriniz