Oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində "Mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlığın genişləndirilməsi" mövzusunda regional konfrans keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı
direktoru Vüqar Səfərli, Naxçıvan Muxtar Respublikasının Ali
Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai
təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Hacıyev, muxtar
respublikadakı dövlət qurumlarının mətbuat xidmətlərinin
əməkdaşları, Naxçıvan Dövlət Universitetinin jurnalistika
fakültəsinin tələbələri, yerli televiziya, radio və nəşrlərin,
habelə Bakıda fəaliyyət göstərən 20-dək aparıcı kütləvi informasiya
vasitələrinin baş redaktorları iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin
abidəsini ziyarət edib, dahi öndərin adını daşıyan Muzeylə tanış
olublar.
Naxçıvan Dövlət Texniki Kollecinin akt zalında işinə başlayan
konfransı giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının Ali
Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai
təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Hacıyev qonaqları
salamlayaraq tədbirin dövlət qurumları ilə ölkənin aparıcı KİV-ləri
arasında sıx və məhsuldar əməkdaşlığın genişləndirilməsi baxımından
əhəmiyyətini diqqətə çatdırıb. Rəhman Hacıyev mərkəzi və yerli icra
hakimiyyəti orqanları arasında sıx və məhsuldar əlaqələrin əsasının
1990-1993-cü illərdə – ulu öndər Heydər Əliyevin Naxçıvana
rəhbərliyi dövründə qoyulduğunu vurğulayıb. Həmin dövrdə Muxtar
respublikanın siyasi, sosial-iqtisadi, mədəni həyatı, qonşu
ölkələrlə ikitərəfli əlaqələri barədə yeniliklərin «Şərq qapısı»
qəzetində dərc olunduğunu xatırladan Rəhman Hacıyev əlavə edib ki,
ümummilli lider Azərbaycana rəhbərliyi dövründə də kütləvi
informasiya vasitələrinin cəmiyyət həyatındakı rolunu hər zaman
yüksək dəyərləndirib, jurnalistlərin peşə fəaliyyətinə geniş
imkanlar yaradıb.
Rəhman Hacıyev, həmçinin qeyd edib ki, Azərbaycan Prezidenti cənab
İlham Əliyev kütləvi informasiya vasitələrinin inkişafına dövlət
qayğısını siyasi fəaliyyətinin əsas istiqamətlərindən biri kimi
müəyyənləşdirib. Ölkədə söz, fikir və məlumat azadlığının təmin
olunması, yüzlərlə qəzet və jurnalın, informasiya agentliklərinin
maneəsiz fəaliyyəti bu diqqət və qayğının bariz təcəssümüdür.
Naxçıvanda dövlət qurumları ilə KİV-lər arasında əlaqələrin
inkişafı istiqamətində davamlı tədbirlərin həyata keçirildiyini
diqqətə çatdıran Rəhman Hacıyev hazırda burada 1 Muxtar respublika,
8 şəhər və rayon qəzetlərinin, 4 jurnalın, 3 televiziya, 3 radio və
6 nəşriyyatın fəaliyyət göstərdiyini bildirib. Natiq, həmçinin qeyd
edib ki, Muxtar respublikada Televiziya və Radio Şurasının, Mətbuat
Şurasının yaradılması KİV-lərlə dövlət qurumları əlaqələrin sivil
məcrada tənzimlənməsini təmin edib. O, Muxtar respublikanın bütün
rayonlarında fəaliyyət göstərən mətbuat orqanları üçün normal iş
şəraitinin yaradıldığını, maddi-texniki bazalarının
gücləndirildiyini xüsusi vurğulayıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının humanitar
siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri
ixtisaslı jurnalist kadrların hazırlanması və dövlət orqanlarında
mətbuat xidmətlərinin işinin təkmilləşdirilməsi sahəsində həyata
keçirilən tədbirlər barədə də ətraflı məlumat verib. Rəhman Hacıyev
Fondun təşkilatçılığı ilə Naxçıvanda keçirilən tədbirin dövlət
orqanları və media arasında əlaqələrin genişləndirilməsinə mühüm
töhfə verəcəyinə inandığını bildirərək sözü icraçı direktor Vüqar
Səfərliyə verib.
İcraçı direktor Vüqar Səfərli tədbir iştirakçılarını salamlayaraq
ölkənin 20-dək aparıcı kütləvi informasiya vasitələrinin baş
redaktorlarının Naxçıvana geniş heyətdə ilk səfərinin və belə bir
konfransın təşkilinin əhəmiyyətindən söz açıb. İcraçı direktor
bildirib ki, konfransın təşkilində məqsəd Muxtar respublikanın
dövlət qurumları ilə respublikanın aparıcı KİV-ləri arasında
əlaqələrin daha da genişləndirilməsi, habelə ölkə ictimaiyyətinin
blokada şəraitində yaşayan Naxçıvanda ictimai həyatın bütün
sahələri üzrə qazanılan nailiyyətlər barədə dolğun və obyektiv
məlumatlandırılmasıdır.
Vüqar Səfərli son illərdə Muxtar respublikanın iqtisadi, siyasi,
mədəni və abadlıq-quruculuq sahələrində möhtəşəm nailiyyətlərə imza
atdığını bildirərək burada Naxçıvan Ali Məclisinin sədri Vasif
Talıbovun müstəsna xidmətlərini diqqətə çəkib. İcraçı direktor,
Heydər Əliyev ideyaları əsasında inkişaf edən Muxtar respublikada
Azərbaycan Prezidenti cənab İlham Əliyevin mütərəqqi inkişaf
strategiyasının uğurla reallaşdırıldığını vurğulayıb.
Fondun icraçı direktoru ölkə mətbuatının müstəqilliyin ilk
illərində ciddi problemlərlə üzləşdiyini, müxtəlif təzyiqlərə,
senzuraya məruz qaldığını xatırladıb və ümummilli lider Heydər
Əliyevin hakimiyyətə qayıdışından sonra cəmiyyət həyatının digər
sahələri kimi, KİV-lərin inkişafında da keyfiyyətcə yeni mərhələnin
başlandığını bildirib. Vüqar Səfərli ümummilli liderin siyasi
iradəsi ilə 1998-ci il avqustun 6-da KİV üzərində senzuranın ləğv
edildiyini, söz və mətbuat azadlıqlarının etibarlı təminatına
xidmət edən mükəmməl qanunvericilik bazasının formalaşdırıldığını,
qəzetlərin "Azərbaycan" nəşriyyatına borclarının dondurulduğunu və
digər mütərəqqi islahatları diqqətə çatdırıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu
siyasəti son 13 ildə uğurla davam etdirdiyini deyən icraçı direktor
KİV-lərin fəaliyyətini tənzimləyən qanunvericilik bazasının
təkmilləşdirilməsi, mətbuatın maddi-texniki bazasının, iqtisadi
müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin peşəkarlıq
səviyyəsinin və sosial vəziyyətlərinin yüksəldilməsi istiqamətində
həyata keçirilən tədbirlər barədə geniş məlumat verib. Vüqar
Səfərli qəzetlərin "Azərbaycan” nəşriyatına olan borclarının dövlət
büdcəsi hesabına silinməsi, ölkə mətbuatının 130, 135 və 140 illik
yubileylərinin yüksək səviyyədə qeyd edilməsi, onlarla jurnalistin
fəxri adlara, orden və medallara layiq görülməsi və digər mühüm
tədbirləri xüsusi xatırladıb.
Fondun icraçı direktoru KİV-ə dövlət qayğısının sistemli və ardıcıl
şəkildə həyata keçirilməsi məqsədilə ölkə başçısının 2008-ci ildə
imzaladığı müvafiq sərəncamla Azərbaycan Respublikasında Kütləvi
İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Konsepsiyasının təsdiq
edildiyini xatırladıb. Konsepsiyadan irəli gələn vəzifələrin
gerçəkləşdirilməsi üçün 2009-cu il 3 aprel tarixdə Azərbaycan
Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya
Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması
KİV-lərə dövlət dəstəyinin sistemli və ardıcıl şəkildə həyata
keçirilməsini təmin edib. Fondun fəaliyyət istiqamətlərindən biri
də mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə kütləvi
informasiya vasitələri arasında qarşılıqlı faydalı əməkdaşlığın
genişləndirilməsidir. İcraçı direktor Naxçıvanda keçirilən
konfransın kütləvi informasiya vasitələri ilə Muxtar respublikanın
müvafiq icra strukturları arasında əməkdaşlığın genişləndirilməsi
baxımından əhəmiyyətli olacağını bildirib.
Vüqar Səfərli ötən illərdə Fondun KİV-lərin maddi-texniki bazasının
təkmilləşdirilməsi, ölkə jurnalistlərinin peşəkarlıq səviyyəsinin
yüksəldilməsi, sosial vəziyyətlərinin yaxşılaşdırılması və digər
proritet istiqamətlərdə gerçəkləşdirdiyi layihələr barədə də
ətraflı məlumat verib. Yarandığı gündən Fondun hesabına dövlət
büdcəsindən köçürülən vəsaitlərin məbləğinin 26 milyon 795 min
manat təşkil etdiyini diqqətə çatdıran icraçı direktor əlavə edib
ki, bir qrup jurnalistin mənzillə təmin olunması və jurnalistlər
üçün növbəti binanın tikintisinin yekunlaşmaq üzrə olması mediaya
dövlət tərəfindən göstərilən yüksək diqqətin əyani
təcəssümüdür.
İcraçı direktor Fondun KİV-lərə Dövlət Dəstəyi Konsepsiyasına
müvafiq olaraq keçirdiyi fərdi jurnalist yazıları müsabiqələri
barədə də ətraflı məlumat verib. Ötən illərdə həmin müsabiqələrdə
Muxtar respublika mətbuatında çalışan jurnalistlərin də iştirak
edərək qalib olduqlarını diqqətə çatdıran Vüqar Səfərli media
nümayəndələrini Fondun növbəti müsabiqələrində daha fəal olmağa
dəvət edib.
Sonra konfrans diskussiya şəraitində işini davam etdirib. "Palitra"
qəzetinin baş redaktoru Namiq Əliyev, Milli Məclisin deputatı,
«Ədalət» qəzetinin təsisçisi Aqil Abbas, Naxçıvan Muxtar
Respublikasının Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin
sədri Sahil Tahirli, "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf
Arifoğlu, "Şərq qapısı" qəzetinin baş redaktoru Tural Səfərov, "İki
sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Naxçıvan MR Mətbuat
Şurasının üzvü Qahirə Hüseynova, "APA-Holdinq"in prezidenti Vüsalə
Mahirqızı, Naxçıvan MR Mətbuat Şurasının sədri Rövşən Hüseynov,
"Trend" informasiya agentliyinin baş direktorunun müavini Arzu
Nağıyev, Naxçıvan MR Televiziya və Radio Şurasının üzvü Sara
Əzimova, "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı, "Şərqin
səhəri" qəzetinin redaktor əvəzi Zaleh Novruzov, "Olaylar"
qəzetinin baş redaktoru Yunus Oğuz çıxış edərək konfransın
əhəmiyyətindən söz açıb, habelə Naxçıvandakı inkişaf və tərəqqi
prosesi ilə bağlı yüksək təəssüratlarını bölüşüblər.
Tədbiri yekunlaşdıran Fondun icraçı direktoru Vüqar Səfərli
konfransın təşkilinə verdiyi dəstəyə görə Naxçıvan MR Ali
Məclisinin rəhbərliyinə təşəkkürünü bildirib və qarşılıqlı faydalı
əməkdaşlığın genişləndirilməsinə xidmət edən belə tədbirlərin
gələcəkdə də davam etdiriləcəyini vurğulayıb.
Rəsmi tədbirdən sonra Naxçıvanda səfərdə olan qonaqlara oktyabrın
14 və 15-də Muxtar respublikanın tarixi-mədəni, dini abidələri,
aparıcı ali təhsil müəssisələri və KİV-ləri ilə yaxından tanışlıq
imkanı yaradılıb. «Əshabi-Kəhf» Ziyarətgahı Dini-Mədəni Abidə
Kompleksi, Culfa rayonu ərazisində yerləşən Gülüstan türbəsi və
Əlincəqala tarixi abidəsi və muzeyi, «Xan sarayı», Mömünə Xatın
türbəsi və Açıq Səma altında Muzey Kompleksi, Bal festivalı, xalq
şairi M.Arazın Ev Muzeyi, Dövlət Bayrağı Meydanı və Muzeyi,
Naxçıvan Xalça Muzeyi, Duzdağ Fizioterapiya Mərkəzi, Naxçıvan
Biznes Mərkəzi, Naxçıvan Dövlət Universitetinin Media Mərkəzi,
Naxçıvan MR Televiziya və Radio Şirkətləri Komitəsi, «Şərq qapısı»
qəzeti ilə tanışlıq media nümayəndələrində xoş təəssüratlar
yaradıb.