Əlaqə Arxiv
news Image
2016.10.19
08:00
| A A A
Atılmış avtomobillərin sahibləri cərimələnəcək?!

Məlumdur ki, ayr-ayrı ölkələr istismar müddəti bitmiş nəqliyyat vasitələrinin utilizasiyasını müxtəlif üsullarla həyata keçirirlər. Məsələn, Fransa, Polşa, Almaniya, Yaponiyada, o cümlədən qonşu Rusiyada atılmış avtomobillərin sürücüləri nəqliyyat vasitələrinə sahib çıxmadıqda cərimə olunurlar. Ancaq oxşar mənzərə ilə ölkəmizdə üzləşsək də, analoji cərimələr tətbiq olmur.

Qeyd edək ki, bu yaxınlarda Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Azərbaycanda 10-15 ildir cərimə meydançasında “yatan” avtomobillərin olduğunu bildirmişdi. Bundan başqa bəzi yol kənarlarında, məhəllə daxillərində də istismar müddəti bitmiş nəqliyyat vasitələrinə rast gəlmək mümkündür. Onlar isə hərəkətə maneçilik törətməklə yanaşı, digər problemlərə də səbəb ola bilirlər. Bu baxımdan mütəxəssislər oxşar cərimə metodlarının ölkəmizdə tətbiq olunmasının tərəfdarıdırlar.
Nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov da ölkə ərazisində bu cür nəqliyyat vasitələrinə tez-tez rast gəlindiyi təsdiqləyir: “Amma həmin maşınların əksəriyyətinin hüquqi baxımdan sahibləri var. Problemin həllində ən optimal variant o ola bilərdi ki, sahibləri istismar müddəti bitmiş avtomobillərini utilizasiyaya təhvil versinlər. Bunun müqabilində hətta müəyyən qədər maliyyə əldə edə bilərlər. Ancaq hazırda görünən odur ki, dediklərimiz baş vermir. Sanki, sürücülər bu kimi məsələləri özlərinin öhdəliyi hesab etmirlər. Ona görə də problemin məsuliyyətini daşımırlar. Ən yaxşı halda avtomobili köhnə olduğuna görə harasa atır.
Bəzi icra qurumlarının bu məsələ ilə bağlı işə başlamaq fikirləri var. Amma ilkin olaraq prosesinin hüquqi tərəfləri həll edilməlidir. Çünki, nəqliyyat vasitəsi atılmış vəziyyətdə olsa da, hüquqi baxımdan reyesterdə kiminsə əmlakı kimi qeydiyyatdadır. O baxımdan hansısa qurum maşını götürərsə, sahibi tərəfindən günahlandırıla bilər. Ona görə də belə problem yaranmasın deyə, işə baş qoşulmur. Amma istismar müddəti bitimiş avtomobillər küçərlərdən yığışdırılmalıdır. Çünki, o cür nəqliyyat vasitələri yer tutur, müəyyən problemlər yaradır. Hətta o maşınlardan kriminal məqsədlər üçün də istifadə oluna bilər. İlkin olaraq hər bir o cür nəqliyayt vasitəsinin sahibi müəyyən edilməlidir. Dövlətə bu kimi məsələnin həlli ilə bağlı əlavə səlahiyyət verilməlidir.
Qanunvercilikdə müəyyən dəyişikliklər edilməlidir. Utilizasiya ilə bağlı dövlət proqramının qəbulu istiqamətində müəyyən işlər görülür. Lakin maşınqayırma sənayesi ağır prosesdir. Hələlik bu problem insanların öhdəliyinə buraxılıb”.
“Nəqliyyat Təhlükəsizliyi” Araşdırmaları və Tədqiqatlar Mərkəzinin rəhbəri İlqar Hüseynli bildirdi ki, xaricdə cərimə praktikası mövcuddur: “Atılmış nəqliyyat vasitələri illərlə qaldıqda onun sahibi müəyyənləşdirilir və müvafiq tədbirlər görülür. Amma cərimə tətbiq edilməmişdən əvvəl ona xəbərdarlıq edilir.
Nəqliyyat vasitəsinin utilizasiyası üçün sahibi bütün hüquqi proseslərdən keçməlidir. Xəbərdarlığa heç bir reaksiya olmadıqda sahibi cərimələnir və həmin nəqliyyat vasitəsi istismar müddətinin başa çatması ilə bağlı aktlaşdırılır. «Metallom»a və ya təkrar istehsal üçün müvafiq sexlərə təhvil verilir”.
Ekspertin sözlərinə görə, Azərbaycanda da eyni cür qaydanı tətbiq etmək olar: “Amma nəzərə alaq ki, ölkəmizdə o cür nəqliyyat vasitələrinin sayı çox deyil. İnsanlar bir nəqliyyat vasitəsindən illərlə istifadə etməyə üstünlük verirlər. Yeni nəqliyyat vasitələrinin alınmasında o qədər də maraqlı deyillər. Ancaq hansısa ərazidə atılmış halda nəqliyyat vasitəsi varsa və maneçilik yaradırsa, müvafiq qurumlar onun sahibinin müəyyənlədirilməsi istiqamətində işlər həyata keçirməlidirlər. Qaydalara müvafiq olaraq əvvəlcə xəbərdarlıq edilməli, sonra isə daha ağırlaşdırıcı tədbirlər həyata keçirməlidirlər. Cərimələrdən sonra nəqliyyat vasitəsini «metallom»a təqdim etmək olar”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz