Bu gün Sabunçu rayon Məhkəməsində ləğv olunmuş Milli
Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat
Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi,
general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə
məhkəmə prosesi davam etdirilib.
Movqe.az-ın məlumatına görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib
Həsənovun sədrliyi ilə keçirilən proses jurnalistlərin iştirakı
olmadan keçirilib.
Vəkil Cavid Rzazadə jurnalistlərə bildirib ki, proses oktyabrın
31-dək təxirə düşüb.
Akif Çovdarov və vəkili Kamandar Nəsibov cinayət işinin
materialları ilə tanış olmaq üçün yenə də məhkəmədən vaxt
istəyiblər.
Vəkil Kamandar Nəsibov jurnalistlərə açıqlamasında deyib ki,
cinayət işinin materiallarından 24 cildlə hələ də tanış olmayıblar,
buna görə proses təxirə salınıb.
Onun sözlərinə görə, A. Çovdarov məhkəmədə deyib ki, işin ədalətli
aparılamasını tələb edir, eyni zamanda səhhətində ciddi problemlər
var.
Qeyd edək ki, təqsirləndirilən şəxslər - Akif Çovdarova Cinayət
Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrumetmə ehtiyatsızlıqdan
zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb
olduqda), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israfetmə mütəşəkkil
dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2
(Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə
etmək məqsədilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə
tələbetmə külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə ),
228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq
atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli
qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki
vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti
haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4
(Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil
dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və
təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2
və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla
hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya
hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda)
maddələri, Səlim Məmmədova həmin Məcəllənin 145.3, 179.3.1,
179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.1, 302.2, 311.3.1,
311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü
maddələri, Akif Əliyevə həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2,
181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2,
311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri və
Orxan Osmanova isə həmin Məcəllənin 145.3, 181.3.1, 181.3.2,
182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4,
341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə yekun ittihamlar irəli
sürülüb.
Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması
üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər Akif
Çovdarov, Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanova məxsus
ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul
vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət
və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və
sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat
dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və
37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər
qoyulub./apa/