Yanvarın 20-də yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda yanvarın 20-də bəzi yollarda hərəkət məhdudlaşdırılacaq.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov
bildirib ki, 20 Yanvar faciəsi qurbanlarını yad edənlərin rahat,
fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunması ilə əlaqədar
yanvarın 20-də saat 08:00-dan mərasim qurtaranadək Mikayıl Müşfiq
küçəsi və Hüseyn Cavid prospektinin kəsişməsindən, Mikayıl Müşfiq
dairəsi ilə Mətbuat prospektinin kəsişməsindən, Mehdihüseyn küçəsi,
Teleteatr binasının qarşısından, İzzət Nəbiyev, Abbasqulu Abbaszadə
küçələrinin kəsişməsindən, yəni Milli Məclisin inzibati binasının
arxa hissəsindən Parlament prospekti - Şəhidlər xiyabanı
istiqamətinə bütün nəqliyyat vasitələrinin hərəkəti
məhdudlaşdırılaraq istiqamət dəyişdiriləcək. Parlament prospekti
boyunca avtomobillərin parklanmasına yol verilməyəcəyindən Bakı
şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərdən, əhalidən xahiş edir
ki, bu istiqamətdə şəxsi nəqliyyat vasitələrindən mümkün qədər az
istifadə etsinlər, ictimai nəqliyyatdan istifadəyə üstünlük
versinlər. Parlament prospekti vasitəsilə müəyyən istiqamətə
hərəkət edənlər alternativ yollardan istifadə etsinlər.