Əlaqə Arxiv
news Image
2016.10.20
10:00
| A A A
İntensiv yağışların səbəbləri açıqlandı

Bir neçə gündür ölkə ərazisinə ara vermədən yağış yağması və bunun səbəbləri xüsusi maraq doğurur. Əvvəllər belə yağıntı nadir hallarda olurdu və yağışın yağması daha az vaxtı əhatə edirdi. Mütəxəssislər buna şimaldan gələn hava kütləsinin səbəb olduğunu deyirlər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova bildirdi ki, oktyabrın 16-ı axşamdan başlayan eləcə də 17-də paytaxtda davam edən yağışın intensiv olacağı ilə bağlı əvvəlcədən proqnoz verilmişdi: “Havanın temperaturunun ötən günlərlə müqayisədə 9-11 dərəcədə aşağı enməsi müşahidə olunur. Belə hava şəraiti ayın 19-u da davam edib. Ancaq oktyabrın 20-də artıq hava şəraitinin mülayimləşəcəyi və gün ərzində xüsusən yağmursuz hava keçəcəyi proqnozlaşdırılır.
Paytaxtda oktyabrın 16-ı və 17-də müşahidə edilən intensiv yağış şimal-qərbdən hərəkət edən hava kütləsinin təsiri nəticəsində yaranmışdı. Lakin artıq paytaxtda mülayim şimal-şərq küləyinin üstünlüyü müşahidə olunur. Oktyabrın 20-də də belə mülayim hava şəraitinin davam edəcəyi gözlənilir. Ümumiyyətlə, oktyabr yağıntılı ayıdır. Oktyabr yayla payız arasındakı keçid ayıdır. Oktyabrda əvvəlki aylara nisbətən yağıntıların miqdarı, tutqun günlərin sayı artır. Bu da yağışlı günlərin bir neçə gün davam etməsinə şərait yaradır. Əvvəlki illərə də nəzər salsaq, oktyabr ayında yağışlı hava müşahidə olunub”.
Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri, aqrar üzrə fəlsəfə doktoru, dosent Ənvər Əliyev bildirir ki, ümumiyyətlə, hava haqqında ən yaxşı halda bir həftə əvvəlcədən nəsə demək mümkündür: “Yəni, aylar, illər öncədən hava haqqında proqnoz vermək olmaz. Ancaq bu il həddindən artıq rütubətli oldu. Oktyabr ayının 16-dan 17-nə keçən gecə 43 millimetrdən artıq yağıntı düşdü. Bu isə böyük göstəricisidir. Düzdür, payız yağıntılı dövrdür, amma təəssüf ki, yağıntılar qeyri-bərabər paylanır. İndi yağıntılı dövrdür. Halbuki, yay ayları həddindən artıq quraqlıq keçdi. İndiki hava şəraiti qışın həddindən artıq sərt keçəcəyindən xəbər verir”.
Ekspert əlavə etdi ki, Bakı şəhərində yağıntının intensiv xarakter alması küləyin olmamasından irəli gəldi: “Bakı Böyük Qafqaz dağlarının qurtaracağıdır. Şimaldan gələn hava axınlarının təsiri altında qalır. Külək olmadığı halda isə Bakıya davamlı yağıtılar düşür. Şimaldan gələn hava axınları adətən Şimal Buzlu Okeandan və quru kontinental ərazilərdən gəlir. Bakı şəhəri üçün nadir hadisələrdən biridir. Ancaq havanın dəyişkən olması üçün güclü külək lazımdır. Güclü külək adətən buludları dağıdır. Bu baxımdan “surprizli” qış ola bilər”.
Ənvər Əliyevin sözlərinə görə, burada iqlim dəyişikliyindən söhbət gedə bilməz: “İqlim dəyişikliyini hiss etmək üçün yüz illiklər lazımdır ki, müqayisə aparıla bilinsin. Müxtəlif ekspertlərin sözlərinə görə, dəniz səviyyəsindən 700 metr hündürlükdə çoxillik göstəricilərə görə temperatur bir qədər artıb. Ancaq ciddi dəyişikliklər daha sonrakı illərdə bilinəcək”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz