Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi (BNA)
paytaxtın əsas küçə və prospektlərində nəqliyyat vasitələrinin
rahat, intensiv və təhlükəsiz hərəkətini təmin etmək üçün mütəmadi
olaraq şəhərdaxili və qəsəbədaxili yollarda monitorinqlər aparırır.
Montorinqlər zamanı əldə edilən məlumatlar xüsusi ekspert qrupu
tərəfindən təhlil edilir, mövcud qanunvericiliyin tələbləri nəzərə
alınmaqla təşəbbüslər irəli sürülür. Movqe.az xəbər verir ki,
BNA-nın irəli sürdüyü növbəti belə bir təşəbbüs ilə Ziya Bünyadov
prospektinin Xəlil Rza Ulutürk küçəsi ilə kəsişməsində yaranan
nəqliyyat sıxlığını aradan qaldırmaq və Xəlil Rza Ulutürk
küçəsindən hərəkət edən nəqliyyat vasitələrinin, o cümlədən
müntəzəm sərnişindaşıma xidməti göstərən avtobusların birbaşa yol
ötürücüsünə daxil olmalarının qarşısını almaq məqsədilə 132 metr
məsafədə, qoşa xətt boyunca 60 sm enində bordür düzülür.
Qeyd edilir ki, metronun "Koroğlu" stansiyası yaxınlığında yerləşən
Nəqliyyatı Mübadilə Mərkəzindən ("Koroğlu" NMM) Qara Qarayev
prospekti və Heydər Əliyev Beynəlxalq Hava Limanı istiqamətində
hərəkət etmək istəyən avtobusların günün pik saatlarında Xəlil Rza
Ulutürk küçəsindən qoşa xəttin tələblərini pozaraq birbaşa Böyükşor
körpüsünə daxil olmaları qeyd edilən ərazidə nəqliyyat
vasitələrinin hərəkətində tıxac və sıxlıq hallarının yaranması ilə
yanaşı, yol-nəqliyyat hadisələrinin baş verməsinə də səbəb olurdu.
Bildirilir ki, X.R.Ulutürk küçəsi tam olaraq istifadəyə verildikdən
sonra həmin küçədə nəqliyyat vasitələrinin sayının artması
Z.Bünyadov prospekti ilə kəsişmədə daha böyük problemlərin
yaranmasına gətirib çıxaracaqdı.