Əlaqə Arxiv
news Image
2016.10.20
15:30
| A A A
Türkiyədə 415 nəvəsi olan 115 yaşlı nənə yaşayır

Diyarbakırda yaşayan və 115 yaşında olduğu təxmin edilən Şahə Tayurakın ən azı 415, böyük ehtimalla isə 430-dan çox nəvəsi var.

Üç dəfə ərdə olmuş Şahə nənənin ilk evliliyindən iki, ikinci evliliyindənsə beş uşağı var.

Artıq nəvələrinin beşinci nəslini görən Şahə nənə Diyarbakırın Əlipaşa məhəlləsində bağ-bağatlı bir evdə, kiçik oğlu Camal Tayurak və ailəsiylə birlikdə yaşayır.

Bugünlərdə biraz xəstə olsa da, yaşlı qadının yaddaşı ilə bağlı ciddi bir problemin olmadığını deyirlər.

Camal Tayurak anasının beşinci nəsildən olan nəvə-nəticələrini gördüyünü, üç il əvvəl onların ümumi sayının 415-i aşdığını deyir.

"Üç il öncə 415 idi, amma indi neçə olduğunu bilmirəm. Yeni sayı tapmağım üçün gərək üç il əvvəl etdiyim kimi bütün bacı-qardaşıma, onların uşaqlarına, nəvələrinə zəng vurub siyahı tutum. Ancaq çox rahatlıqda deyə bilərəm ki, üç il içində ən azı 15 yeni nəvə doğulub və indi bu say 430-u aşıb," Tayurak deyir.

Şahə nənənin ən böyük övladı 90, ən kiçiyi 60, ən böyük nəvəsi 70, ən kiçiyi isə 2 yaşındadır.

Şahə nənənin 60 yaşlı oğlu Camal anasının əsl yaşını bilmədiklərini, ilk sənədini ikinci əri öləndən sonra aldığını deyir.

"1945-ci ildə kəndin muxtarı anamın adını qeydiyyata saldırır. Hətta anama 15 dönüm (150 sot) torpaq da verirlər. Muxtar özündən bir yaş verib. Yəni anamın əsl yaşını heç birimiz bilmirik. Amma ən azı 110 yaşında olduğunu düşünürəm. Hətta Diyarbakır və bölgənin ən yaşlı insanı olduğunu iddia edə bilərəm," Camal gülərək deyir.

O, iddiasını sübut etmək üçün hətta anasını həkimə aparıb sümük yaşını təyin etdirə biləcəyini deyir.

Şahə nənənin köhnə şəxsiyyət vəsiqəsinin doğum tarixi bölməsində rumi 335 tarixi yazılıb. Miladi təqvimlə bu, 1919-cu ilə düşür. Ancaq böyük qızının 90 yaşında olduğunu və bizə danışdığı hekayələri nəzərə alsaq, sənəddə Şahə nənənin yaşının kiçik yazıldığı ortaya çıxır.

Yaşlı kadının sol gözü artıq görmür, qulağı da ağır eşidir. Gəlini Qasidə Şahə nənədən keçmişə aid nələri xatırladığını soruşur. O da "yaddaşmı qalıb?" deyərək öncə danışmaq istəmir. İsrar edincə ağır-ağır danışmağa başlayır.

"Erməni hadisələrini xatırlamıram, ilk köçürülmə qərarı çıxanda mən kiçik olmuşam, xatırlamıram. Atatürkü görməmişəm, amma Silvana gəldiyini dedikləri yadımdadır. Böyük qıtlığı xatırlamıram, amma ikinci qıtlıqda dağ kəndlərindən insanlar gəlib kəndimizdən pencər (yeməli yabanı ot növü-tərc.) yığardı. Bir də Şeyx Səid üsyanını çox yaxşı xatırlayıram," Şahə nənə deyir.

Gəlini Şahə nənənin atası Əbdülqədirin Şeyx Səid üsyanında həlak olduğunu deyəndə biz də ondan atasının hekayəsini danışmasını xahiş edirik.

Şahənin atası Əbdülqadir Osmanlı zamanında Ərabistanda 7 il əsgərlik keçib. 1925-ci ilin aprelində Şeyx Səid üsyanı qalxanda əsgərlikdən qayıdan Əbdülqadir də üsyana qoşulur və döyüşlərdə öldürülür.

Atası 7 illik əsgərliyini keçmək üçün Ərəbistana gedəndən sonra kənddə evi, bağ-bağçanı idarə edən, heyvanlara baxan adam qalmayınca anası Şahəni kiçik yaşda Heştər kəndində yaşayan İbrahim adında bir kişiyə ərə verir.

"Şeyx Səidin yoldaşları bizim kəndə, Şerali kəndinə qədər gəlmişdilər. Atam da üsyana qoşuldu. Tağımlar Silvanı basmış, üsyançılarla döyüşlərə girmişdilər. Əsgərlərin kəndə yaxınlaşması xəbəri gəlincə atam yoldaşlarına deyib ki, "siz gedin, mən əsgərlərin başını qataram." Atamın yoldaşları Hazroya (Diyarbakırın bir bölgəsi - tərc.) doğru çıxıblar, atamsa bir neçə yoldaşı ilə yaxınlıqdakı bir kənddə döyüşə girib. Atam döyüşdə güllə ilə öldürülüb."

Birinci əri İbrahimi soruşuram, amma Şahə nənə ondan danışmaq istəmir. Oturduğu döşəkcənin üstünə uzanıb yatır. Oğlu Camal son günlərdə anasının taqətinin çox azaldığını deyir.

Şahə nənənin keçən ilə qədər heç bir xəstəlik keçirmədiyini deyən Camal keçən il onun balaca bir öd kisəsi problemindən narahat olduğunu, buna qədərsə heç bir xəstəxana qeydiyyatında olmadığını deyir.

"Anamın ümumi vəziyyəti keçən ilə qədər də yaxşı idi. Düşünürəm ki, uzun və sağlam ömür Allahın bir lütfüdür. Uşaqları da özünə oxşayıb. Ən böyük uşaqları ondan daha yaşlı görünür," Camal deyir.

Şahənin birinci əri İbrahimdən iki uşağı olub. Uşaqlar balaca olanda İbrahim xəstələnib ölür. Gənc yaşda dul qalan Şahə, uşaqları anasının yanında qoyub Gündüz kəndində ikinci dəfə ərə gedir. İkinci əri Camalın atasıdır.

Camalın atasından sonra da ərə gedir, amma son evliliyindən daha uşaqları olmur. Sonuncu əri də öləndən sonra Şahə nənə kiçik oğlu Camalın yanına qayıdır.

Qızı 90 yaşındadır

Şahə nənənin birinci evliliyindən olan 90 yaşlı qızı Telli Tayurakı da birlikdə yaşadığı oğlunun evində ziyarət edirik.

Onun qulaqları yaxşı eşitmədiyindən həmişə yüksək səslə danışır. Yeriməyə çətinlik çəkən Telli, anasının səhhətinin öz səhhətindən daha yaxşı olduğunu deyir.

Telli və qardaşını nənələri böyüdüb. Onu anaları bilirmişlər. Amma altı yaşı olanda əsl anasının Şahə olduğunu öyrənib. "Nənəm əsl anamızın yaxın bir kənddə evli olduğunu deyəndə çox ağlamışdıq" deyən Telli uşaqlıqda anası ilə bağlı bizə danışacağı çox hekayəsinin olmadığını bildirir.

Atası İbrahimin də köçürülmədən sağ qurtulan bir erməni yetimi olduğunu deyən Telli Tayurak davam edir:

"Babam Ərəbistanda 7 il əsgərlik keçir. Nənəm də görür ki, onlara baxmağa adam yoxdur, anamı qonşu kənddən kimsəsiz erməni yetimi olan atama ərə verir. Atam anamgilin bütün işlərini görərmiş, çox güclü-qüvvətli imiş. O qədər güclüymüş ki, bir inəyi çiyinlərində bir kənddən digərinə daşıyırmış. Mən və qardaşım atamın nə qədər güclü olduğundan bəhs edən hekayələrlə böyümüşük. Altı yaşıma qədər nənəmi də anam bilirdim. Çox sonralar anamızla tanış olanda artıq ikinci evliliyindən olan digər qardaş-bacılarım da doğulmuşdu."

Telli Tayurak ərə gedəndən sonra atasının erməni qohumlarının ortaya çıxdığını da deyir:

"Atamın çox güclü bir adam olmasından başqa haqqında elə bir şey bilmirdik. Bir də, onun müsəlman olmuş bir erməni olduğunu danışırdılar. Mən ərə gedəndən sonra da atamın erməni qohumları ortaya çıxdı. Suriyanın Qamışlı şəhərində yaşayırlarmış. Hazırda Gündüz kəndində yaşayan qardaşımla neçə il əvvəl əlaqə yaradıblar. Qardaşım deyir ki, atamızın qohumlarından biri bizi Suriyaya dəvət edir. Pasport alıb qardaşımla Qamışlıya gedəcək, onlarla tanış olacaqdıq. Amma hələ qismət olmayıb."

Telli Tayurak heç görmədiyi atasını, uzaqda yaşayan, heç vaxt görmədiyi qohumlarını tanıya bilmədiyi üçün heyfsilənir. (BBC)

Sizin Reklam Yeriniz