Əlaqə Arxiv
news Image
2016.10.20
16:37
| A A A
Xətai rayonunun təhsil müəssisələri üçün yol təhlükəsizliyi mövzusunda məlumat sessiyası təşkil edildi

20 oktyabr 2016-cı il tarixdə Xətai rayonu 58 №-li məktəbdə Xətai rayonu İcra Hakimiyyəti, Bakı şəhəri üzrə Təhsil İdarəsi, 46 №-li Məktəbdənkənar Tərbiyə İşi Mərkəzi və “Həyat” Humanitar Dəstək İctimai Birliyinin təşkilatçılığı yol təhlükəsizliyi mövzusunda məlumat sessiyası keçirildi. Birlikdən Movqe.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Həyat” Humanitar Dəstək İctimai Birliyi tərəfindən icra olunan “Yol təhlükəsizliyi pasportunun yaradılması vasitəsilə məktəb icmasının yollarda davranış qaydalarının təkmilləşdirilməsi” layihəsi çərçivəsində təşkil olunan tədbirdə Xətai rayon İcra Hakimiyyəti Başçısının müavini Jalə Abdiyeva, Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov, rayon ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin və digər icra qurumlarının nümayəndələri iştirak edirdi.

Tədbiri giriş sözü ilə açan 58 №-li məktəbin direktoru Ulduzxan Abdullayev qonaqları təqdim etdikdən sonra yol təhlükəsizliyinin təmin olunmasının vacibliyi və bu prosesdə təhsil müəssisələrinin, xüsusilə müəllim kollektivinin rolu barədə danışdı. U.Abdullayev bildirdi ki, bu mövzularda təşkil olunan təbliğat işlərində hər birimizin fəal olması yol təhlükəsizliyi məsələlərində ciddi uğurların əldə olunmasına səbəb olacaqdır.
Ölkədə, o cümlədən Xətai rayonunda aparılan yenidənqurma və abadlaşdırma işləri barədə danışan Xətai rayon İcra Hakimiyyəti Başçısının müavini Jalə Abdiyeva gündən-günə inkişaf edən yol infrastrukturu, böyüyən nəqliyyat vasitələrinin parkı və bundan irəli gələn yol təhlükəsizliyinin təmin olunmasının vacibliyini qeyd etdi. J.Abdiyeva vurğuladı ki, məhz bu səbəbdən yol təhlükəsizliyi mövzusu Xətai rayon İcra Hakimiyyətinin diqqət mərkəzində olan məsələlər arasında xüsusi yerə malikdir.
Bakı Şəhər BPİ DYPİ-nin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov məktəbətrafı ərazilərdə yol təhlükəsizliyinin effektiv şəkildə təmin olunmasına maneçilik törədən problemlər barədə danışdı və qeyd etdi ki, həmin ərazilərdə müşahidə edilən problemlərin yaranmasında valideynlərin günahı böyükdür. Məhz buna görə hər bir valideyn yol mədəniyyətinə xas davranışa üstünlük verməlidirlər.
46 №-li Məktəbdənkənar Tərbiyə İşi Mərkəzinin şöbə müdiri Fəridə Süleymanova yol hərəkəti qaydalarının öyrənilməsinin vacibliyini qeyd etdi və beynəlxalq statistikaya istinad edərək yol nəqliyyat hadisələrində zərər çəkənlərin müəyyən bir qisminin məhz uşaqlar olduğunu vurğuladı.
Yol təhlükəsizliyinin təmin olunmasında yol təhlükəsizliyi pasportunun əhəmiyyətini xüsusi qeyd edən “Həyat” Humanitar Dəstək İctimai Birliyinin sədri, layihə rəhbəri Azər Allahverənov vurğuladı ki, yol hərəkəti iştirakçılarının yol hərəkəti qaydalarına uyğun davranışı hər şeydən əvvəl yollarda baş verəcək faciələrin qarşısını almaq iqtidarındadır. “Yol təhlükəsizliyi pasportunun yaradılmasına dair metodik tövsiyə” təhlükəsiz davranışın formalaşmasına kömək olacaq gərəkli olan alətdir. Bu alətdən istifadə edən hər bir məktəb onun ətrafından keçən yollarda təhlükəsiz yollar mühitini yarada bilər və bu kimi vacib məsələnin həlli bilavasitə məktəb kollektivinin, müəllim və məktəblilərin fəal iştirakı ilə baş verər.
261 №-li liseyin müəllimi Rövşən Əzizov, 55 №-li məktəbin müəllimi Mətanət Əsgərova, 194 №-li məktəbin direktoru Əliyusif Əliyev və digərləri təmsil etdikləri təhsil müəssisələrinin ətrafından keçən yollardakı mövcud vəziyyət barədə danışdılar və bildirdilər ki, bu kimi tədbirlərin zaman-zaman keçirilməsi təbliğat işinin vacib elementidir.

Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz