Əlaqə Arxiv
news Image
2016.10.20
20:15
| A A A
Avtomobil sahibləri elektron icbari sığortanı birbaşa ala bilməyəcəklər

Avtomobillərin elektron icbari sığorta müqaviləsini avtomobil sahibləri birbaşa əldə edə bilməyəcək. Bu barədə İcbari Sığorta Bürosundan (İSB) bildirilib. Qeyd edək ki, elektron icbari avtomobil sığortasının əvvəlcə birbaşa vətəndaşların özlərinin də əldə edə biləcəyi gözlənilirdi.

Məsələyə aydıqlıq gətirən İSB-dən deyiblər ki, noyabr ayının 1-dən etibarən avtomobillərin icbari sığortası üzrə yeni sığorta müqavilələri yalnız elektron sənəd formasında bağlanılacaq. Vətəndaşlar əvvəlki qaydada seçdikləri sığorta şirkəti və ya sığorta agentlərinə müraciət edərək avtomobillərini sığortalaya biləcəklər. Bürodan verilən məlumata görə, sığorta müqaviləsinin elektron qaydada bağlanılması sığortaçının vəzifəsi hesab edilir. Ona görə də adi vətəndaşlar elektron imza əldə etsələr belə sığorta müqaviləsini birbaşa ala bilməzlər.

Müqavilə dərhal qüvvəyə minəcək
Kağız şəhadətnamələrdən fərqli olaraq elektron sığorta müqaviləsinin əsas üstünlüklərindən biri budur ki, sığorta haqqı ödənildikdən dərhal sonra müqavilə qüvvəyə minəcək. Bürodan deyirlər ki, hazırda informasiya sistemində sığorta haqqının ödənilməsinin doğruluğunu yoxlamaq mümkün deyil. «İcbari sığortalar haqqında» qanuna əsasən standart və sərhəd (tranzit) sığorta müqavilələrinin elektron sənəd formasında bağlanması və sığorta haqqı ödənildikdən sonra qüvvəyə minməsi tələb edilirdi. Büronun informasiya sisteminin Hökümət Ödəniş portalına inteqrasiyası ilə bu mümkün olacaq.

Bürodan o da əlavə edilib ki, ödəniş ödəniş kodu əsasında bank, poçt, internet və ya bank terminallarından aparıla bilər. Yenilikdən sonra müqavilənin etibarlılığını avtomobilin nömrəsini 9707 nömrəsinə göndərməklə və ya services.isb.az saytına daxil olmaqla yoxlamaq mümkün olacaq.

Sizin Reklam Yeriniz