Əlaqə Arxiv
news Image
2016.10.21
17:09
| A A A
Binəqədi rayonunun təhsil müəssisələri üçün yol təhlükəsizliyi mövzusunda məlumat sessiyası təşkil edildi

21 oktyabr 2016-cı il tarixdə Binəqədi rayonu 276 №-li məktəbdə Binəqədi rayonu İcra Hakimiyyəti, Bakı şəhəri üzrə Təhsil İdarəsi, 46 №-li Məktəbdənkənar Tərbiyə İşi Mərkəzi və “Həyat” Humanitar Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə yol təhlükəsizliyi mövzusunda növbəti tədbir keçirildi. Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Həyat” Humanitar Dəstək İctimai Birliyi tərəfindən icra olunan “Yol təhlükəsizliyi pasportunun yaradılması vasitəsilə məktəb icmasının yollarda davranış qaydalarının təkmilləşdirilməsi” layihəsi çərçivəsində təşkil olunan tədbirdə Binəqədi rayon İcra Hakimiyyətinin, Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin və rayon ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin nümayəndələri iştirak edirdi. Tədbiri giriş sözü ilə açan 276 №-li məktəbin direktoru Bəhrəm Şiriyev yol təhlükəsizliyi mövzusunun aktuallığı və bu sahədə təbliğat işinin vacibliyi barədə danışdı. Məktəb direktoru qeyd etdi ki, baxmayaraq bu mövzu daima gündəmdədir, amma yenə də yol-nəqliyyat hadisələri, yol qəzaları və bu hadisələr zamanı tələfat olan və yaralanan insanlar var. Belə bir vəziyyətdə yol hərəkəti qaydaları ilə əlaqədar keçirilən təbliğat və təşviqat işlərinin əhəmiyyəti bir qədər də artmış olur.

Binəqədi rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Rauf Həsənov yol qəzalarının ümumdünya üzrə statistik rəqəmlərinə nəzər saldı və bildirdi ki, tədbirin mövzusu olduqca aktualdır və hər bir vətəndaş yol qəzaları ilə bağlı mübarizə prosesinə öz töhfəsini verməlidir. R.Həsənov vurğuladı ki, rayon miqyasında yol təhlükəsizliyi ilə bağlı bir sıra işlər həyata keçirilir və bu mövzu daima rayon rəhbərliyinin diqqət mərkəzindədir.
Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov rayon ərazisində yaşayan gənclər üçün təşkil olunan tədbirlər barədə geniş bəhs etdi və bildirdi ki, maarifləndirmə və məlumatlandırma xarakterli olan həmin tədbirlər həm də ictimai təşkilatların fəal iştirakı ilə keçirilir. Yol təhlükəsizliyi ilə bağlı olan fəaliyyətlər də həmin qisimdən olan işlərdir ki, onların davam etdirilməsi rayon miqyasında həyata keçirilən dövlət gənclər siyasətinin tərkib hissəsidir. Yol təhlükəsizliyi probleminin ayrı-ayrı aspektlərinə toxunan Q.Bayramov sürücülük vəsiqələrinin verilməsi prosesi üzərində daha güclü nəzarətin tətbiq olunmasını qeyd etdi.
Tədbirin təşkilatçılarına və Binəqədi rayon rəhbərliyinə təşəkkürünü bildirən Bakı Şəhər BPİ DYPİ-nin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov xüsusilə vurğuladı ki, Bakı şəhərinin ərazisində fəaliyyət göstərən məktəblər ətrafında qeydə alınan inzibati xətaların statistik təhlili göstərir ki, bu kimi hallar dayanma-durma qaydalarının kobud şəkildə pozulması ilə bağlı olur və bu məsələlərdə əsas günahkar tərəf məhz valideynlərdir. Bu səbəbdən olduqca vacib şərt bir nəfər kimi hamının yol hərəkəti qaydalarına riayət etməsidir.
46 №-li Məktəbdənkənar Tərbiyə İşi Mərkəzinin şöbə müdiri Fəridə Süleymanova yol hərəkəti qaydalarının təbliği ilə bağlı həyata keçirdiyi fəaliyyətlər və bu müstəvidə əldə etdiyi zəngin təcrübənin ayrı-ayrı elementləri barədə danışdı. F.Süleymanova qeyd etdi ki, orta təhsil müəssisələrində keçirilən təbliğat işi çox effektivdir o səbəbdən ki, uşaqların mənimsəmə bacarıqları daha yüksəkdir.
Yol təhlükəsizliyi pasportunun tərtib edilməsi üçün hazırlanmış metodik tövsiyə barədə danışan “Həyat” Humanitar Dəstək İctimai Birliyinin sədri, layihə rəhbəri Azər Allahverənov qeyd etdi ki, məktəb ətrafında yol təhlükəsizliyinin təmin olunması, məktəblilərin daşınması üçün istifadə olunan xüsusi nəqliyyatın cəlb olunması, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və digər məsələlər tövsiyədə geniş şəkildə şərh olunan məsələlərdir. Məktəblərdə həmin fəaliyyətlərin icrası və bu fəaliyyətlərdən qaynaqlanan prinsiplərin tətbiqi yol hərəkətinin effektiv şəkildə təmin edilməsinə xidmət edir.
248 №-li orta məktəbin müəllimi Saleh Quliyev, 126 №-li orta məktəbin müəllimi Nigar İmanova, 284 №-li orta məktəbin müəllimi Gülnarə Rüstəmova və digər iştirakçılar mövzu ətrafında fikir və mülahizələrini irəli sürdü və qaldırılan məsələlər ətrafında geniş diskussiyalar aparıldı.

Sizin Reklam Yeriniz