Əlaqə Arxiv
news Image
2013.01.15
22:00
| A A A
700-dən çox əcnəbi cəzalandırılıb

Dövlət Miqrasiya Xidməti tərəfindən 700-dən çox əcnəbi cəzalandırılıb. Xidmətdən Movqe.az-a verilən məlumata görə, yanvarın 7-12-də Bakı şəhərində, həmçinin respublikanın digər şəhər və rayonlarında qanunsuz miqrasiyaya qarşı müvafiq tədbirlər keçirilib. Keçirilən tədbirlər və aparılan araşdırmalar nəticəsində 717 əcnəbi və vətəndaşlığı olmayan şəxs tərəfindən Azərbaycan Respublikasında olma, habelə müvəqqəti və daimi yaşama qaydalarına əməl etmədən inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilib. Saxlanılan əcnəbilər arasında Gürcüstan, Türkiyə və Rusiya vətəndaşları üstünlük təşkil edib. Həftə ərzində inzibati xəta törətmiş əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərdən 1 nəfəri Azərbaycan İnzibati Xətalar Məcəlləsinin 331-ci maddəsinə (Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması haqqında qərarın və Azərbaycan Respublikası ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün sənədlərin itirilməsi və ya qəsdən korlanması) əsasən otuz manat miqdarında, 509 nəfəri 339.1.1-ci maddəsi (Azərbaycan Respublikasında olma və ya yaşama hüququ verən sənədlər olmadan, habelə qeydiyyatsız yaşamasına), 34 nəfəri 339.1.2-ci maddəsi (etibarsız sənədlərlə Azərbaycan Respublikasının ərazisində olmasına və ya yaşamasına), 1 nəfəri isə 339.1.6-cı maddəsi (qanunvericiliklə müəyyən edilmiş qalma müddəti qurtardıqdan sonra getməkdən boyun qaçırmasına) ilə Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla və ya çıxarılmamaqla üç yüz manatdan dörd yüz manatadək məbləğində cərimə ediliblər. İnzibati qanun pozuntusuna yol vermiş 172 nəfər İXM-in 21-ci maddəsinə əsasən inzibati məsuliyyətdən azad edilib. Həmçinin, işəgötürənin ölkə qanunvericiliyinin tələbləri pozulmaqla fərdi icazə alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin haqqı ödənilən əmək fəaliyyətinə cəlb edilməsi hallarının aşkar edilərək qarşısının alınması məqsədilə Azərbaycan Dövlət Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən Bakı şəhərində fəaliyyət göstərən bir sıra sahibkarlıq subyektlərində yoxlamalar aparılıb. Keçirilmiş tədbirlər nəticəsində 6 sahibkarlıq subyektində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulması halları aşkar edilib.

Sizin Reklam Yeriniz