Yolunu bu diyardan salanlar Naxçıvanı mütləq yenidən görmək istəyir. Səbəbini bilmək üçün yenə də yolunu mütləq Naxçıvandan salmaq lazımdır. Hələ təyyarə pəncərələrindən Naxçıvanı seyr etdikcə burada qəribə bir cazibədarlıq duyursan. Naxçıvanın gözəlliyi, ayrı bir aləm olduğu, səliqə-sahmanı ayağın bu torpağa dəymədən hiss olunur. Bu hiss və duyğular Naxçıvan hava limanından başlayan səyahət boyu daha da güclənir, muxtar respublikanın təkcə Azərbaycan yox, dünya miqyasında artıq bir nümunə olduğu qənaəti tam əminliyə çevrilir.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi
informasiya vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun
təşkilatçılıığ ilə 20 media rəhbərinin Naxçıvan səfəri
iştirakçıların hamısında böyük məmnuniyyət yaratmışdı. Onlar
arasında Naxçıvan torpağına ilk dəfə qədəm basanlar da var idi,
buranı il ərzində bir neçə dəfə ziyarət edənlər də. Amma böyük türk
dünyasına açılan qapı olan Naxçıvan barədə fikirlər birmənalı idi:
qədimiliklə müasirliyin çuğlaşdığı bu məkan intibahının yeni
zirvəsində abadlıq-quruculq işlərinin möhtəşəm nümunəsini ərsəyə
gətirə bilib. Hətta səfər yoldaşlarımızdan biri Naxçıvan şəhərini
Londonla, Parislə müqayisə edərək təmizlik və səliqə-sahman
baxımından Avropanın bu meqapolislərinin böyük fərqlə Naxçıvana
uduzduğunu da xüsusi fəxarətlə qeyd etdi.
Həqiqətən də Naxçıvanı gəzib dolaşdıqca təkcə mərkəzdə yox, ətraf
ərazilərdə də bir səliqə hökm sürdüyünü, küçələrdə nəinki hər hansı
sellofan torba, heç siqaret kötüyü tapmağın belə mümkün olmadığını
görürsən. Enli, düz yollar isə əsəbləri tarıma çəkən tıxaclardan
xalidir. Yeni tikililər və restavrasiya olunlar isə bir ahəngdarlıq
təşkil edir və bu da Naxçıvana xüsusi bir gözəllik verir. Özü də
restavrasiya prosesi xüsusi zövq və sənətkarlıqla aparılır.
Məsələn, qaldığımız «Təbriz» otelinin əvvəlki vaxtını xatırlayanlar
onun indiki durumu ilə müqayisəyə belə gəlməz olduğunu etiraf
edirlər. Elə «Mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə
kütləvi informasiya vasitələri arasında əməkdaşlığın
genişləndirilməsi» mövzusunda keçrilən regional konfransın baş
tutduğu Naxçıvan Dövlət Texniki Kolleci haqda da eyni fikirləri
söyləmək olar. Amma Naxçıvan barədə möhtəşəm təəssüratları yaradan
bütünlükdə Naxçıvanın özüdür. Çünki yenilik, quruculuq bu diyrın
hər guşəsindədir. Həmkarım Namiq Əhmədovun sözləri Naxçıvanda gedən
abadlıq işlərinin əsl xaraketrini əks etdirir. Bir neçə il Naxçıvan
şəhərində Heydər Əliyev muzyeinin yaxınlığında yaşadığıın bildirən
Namiq müəllim indi illərlə qaldığı evi tapmaqda çətinlik çəkdiyini
bildirir. Qeyd edir ki, burada həyata keçrilən yeniliklər indi tam
fərqli, amma olduqca gözəl olan yeni bir mənzərə yaradıb. Bu
yenilikləri isə hətta Naxçıvanın ən ucqar kəndlərindən belə
müşahidə etmək olar. Səfər əsnasında ziyarət etdiyimiz,
Azərbaycanın ən qüdrətli qələm sahiblərindən biri olan Məmməd
Arazın dünyaya göz açdığı Şahbuzun Nursu kəndi deyilənlərin real
təsdiqlərindən biri oldu. Bütün yolları asflatlanan, abadlığı göz
oxşayan kənd Naxçıvandakı tərəqqinin daha bir təcəssümü idi.
Bu cür möhtəşəm inkişafa isə Naxçıvan illərdir, yaşadığı blokada
şəraitində nail olub. Rusiyalı jurnalist Nadona Fridrixsonun
təbirincə desək, bu gün «qoparılmış region» çiçəklənən və memarlıq
cəhətdən olduqca cazibədar bir yerdir. «Qoparılmış region» amili
isə Naxçıvan Dövlət Bayrağı muzeyində olarkən burada müxtəlif
dövrləri əhatə edən xəritələr fonunda özünü kifayət qədər aydın
şəkildə büruzə verir. Həmin xəritələrin müqayisəsindən aydın olur
ki, bir vaxtlar olduqca böyük ərazini əhatə edən Naxçıvan türk
dünyasının düşmənlərinin məkrli siyasəti, Azərbaycana qarşı yönələn
qəsdlər nəticəsində torpaq itkilərinə məruz qalıb.
Çox təəssüf ki, istər rus imperiyası, istərsə də sovetlər dönəmində
bu proses davam etdirildi. Azərbaycanın tarixi ərazisi olan İrəvan
quberniyası əsasında Ermənistan dövlətinin yaradılması fonunda
Zəngəzur və Vedibasarın Naxçıvandan qoparılması ilə bu cənnət məkan
ölkənin digər ərazilərindən aralı salındı. Perspektivdə isə əsas
planda Naxçıvanın bütünlükdə Azərbaycandan qoparılması, yad əllərə
təslim edilməsi dururdu, bununla tək Azərbaycana yox, bütün türk
dünyasına böyük bir zərbə vurulucaqdı. Amma ilahi qüdrət və
Azərbaycanın xalqının qeyrətli oğulları bu məkrli niyyətin
reallaşmasına imkan vermədi. Bu gün də Naxçıvan Azərbaycanın
qəsdinə duranlar, o cümlədən ermənilər üçün göz dağıdır, həm
inkişafı, həm də strateji coğrafi mövqeyi ilə. Artıq sərhəddən
Naxçıvana boylananlar gur işıqlar aləmində Azərbaycanın bu ayrılmaz
diyarının coşğun inkişafına şahidlik edirlər.
Çağdaş dünya standartları səviyyəsində qurulan infrastruktur,
təbiətin əsirgəmədiyi naz-nemət, lütf etdiyi resurslar və bunlardan
səmərəli istifadə Naxçıvanı heyrətamiz dərəcədə dəyişib. Özü də
abadlıq-quruculuq işləri təkcə yaşayış məntəqələrini əhatə etmir.
Səfər çərçivəsində baş çəkdimiz «Əshabi-Kəhf ziyarətgahı», bir
vaxtlar dünyanı lərzəyə salan cahangirlərdən olan Teymurləngin
qarşısında 14 il sinə gərmiş Əlincə qalası, Gülüstan türbəsi,
Möminə Xatun məqbərəsi, Xan sarayı və digərləri Naxçıvanın tarixi
məkanlarının da öz ilkin görüntüsünün qalması şərti ilə bu gün
ziyarəçilər üçün ən mükəmməl hala gətirildyini göstərir. Ən əsası
isə bu, tarixə, xalqın keçmişinə olan böyük hörmət və ehtiramının
yüksək bir göstəricisidir. Özü də qurulanlara, yaradılanlara təkcə
müvafiq qurumlar yox, bütün sakinlərin bir doğma münasibət
bəslədiyi dərhal özünü qabarıq büruzə verir.
Digər tərəfdən sözügedən istiqamətdə atılan addımlar Naxçıvana
turist kimi gələnlərin sayını da əhəmiyyətli dərəcədə artırır.
Naxçıvan gəzintisində bizi müşayiət edən «Şərq qapısı» qəzetinin
baş redaktoru Tural Səfərovla söhbətimiz zamanı bəlli olur ki, hər
il Naxçıçvanı 400 min turist ziyarət edir. Görülən işlər isə
Naxçıvana üz tutan turistləri, xüsusən də əcnəbilərin sayını
artıracaq. Elə Naxçıvanda olarkən buraya İrandan üz tutanların
sayının kifayət qədər olduğunu görmək olar. Rahat yollar, yaradılan
şərait bu turistləri «Əshabi-Kəhf ziyarətgahı»na və digər məkanlara
da cəlb edir. Artıq şöhrəti Azərbaycan sərhədlərindən kənarda da
sürətlə yayılan «Duzdağ» Fizioterapiya Mərkəzənin baş həkimi
Zülfiyyə xanımın sözlərindən isə belə bəlli olur ki, Naxçıvana
təkcə İrandan yox, qonşu Türikyədən, Rusiyadan, ərəb və Avropa
ölkələrindən üz tutanların sayı da kifayət qədərdir. Amma onlar
təkcə «Duzdağ» üçün Naxçıvana təşrif buyurmurlar.
Naxçıvanı gəzdikcə buranın hətta bir ağac bitməyən torpaqları,
dağları, dərələrinin möhtəşəm bir relyef qurluşuna malik oluduğunu
da görmək olar. İlandağ, zirvələrdə inşa edilən Əlincə qalası,
Arazyanı dağlar, Batabat yaylası və digərləri görənləri sözün əsl
mənasında özünə heyran edir. Hətta Əlincə qalasını ziyarət edən
amerikalı jurnalistlərdən biri bildirib kit, bu yerlər Hollivud
filmlərinin çəkilişi üçün ən ideal məkanlar sırasındadır. Əslində,
hansısa Hollivud filmlərinin müəyyən hissəsinin çəkilişlərini
Naxçıvanda həyata keçirməklə bura xaricdən daha çox turist cəlb
etmək olar. Yeri gəlmişkən qeyd edək ki, qardaş Türkiyə bu
təcrübədən geniş istifadə edir. Yəni, bu və digər vasitələrlə
Naxçıvana gələn əcnəbilərin sayını xeyli artırmaq olar. Elə ölkə
daxilində də Naxçıvanı olduğu kimi təbliğ etməklə bura üz tutan
vətəndaşlarımızın sayında daha çox artıma nail olmaq mümkündür.
Naxçıvanda olarkən diqqət çəkən daha bir məqam daxili bazarın
qorunması istiqamətində görülən işlər, həmçinin, yerli məhsulların
istehsal həcminin artması ilə bağlı oldu. Burada bir sıra məhsullar
üzər qiymətlər Azərbaycanın digər bölgələri ilə müqayisədə
aşağıdır. Məsələn, siqaret, mineral sular, bəzi növ qida
məhsullarının timsalında Naxçıvanda qiymətlərin daha az olması
dərhal nəzərə çarpır. Həmkarım Elçin Mirzəbəyli məhz bu kontekstdə
Naxçıvanda daxili bazarın kifayət qədər mükəmməl şəkildə
qorunduğunu vurğulayır. Yerli istehsal məhsulları isə ötən illərlə
müqayisədə artır və bu gün Naxçıvanad 324 adda məhsul istehsal
edilir. Özü də bu məhsulların böyük əksəriyyətinin xammalı yerli
səviyyədə təmin olunur.
Naxçıvanda ən çox diqqət cəlb edən məziyyət isə bu yerin sakinlərin
səmimiyyətidir. Yolu Naxçıvandan ilk dəfə düşənlər belə burada məhz
bu səmimiyyət, onlara göstərilən doğma münasibət nəticəsində
qətiyyən özünü qərib hiss etmir. Əksinə, Naxçıvan sakinləri onları
illərdir tanıdıqları adam kimi qəbul edir və ona hər cür kömək
etməyə çalışır. Elə bu da Naxçıvana gələnlərin növbəti illər üçün
də bir daha bu diyarı ziyarət etməsi üçün bəri başdan planlar
cızmasında az rol oynamır. Biz də zəngin təəssüratlarla
ayrıldığımız Naxçıvana yenidən üz tutacağımız günü səbirsizliklə
gözləyərək bu möhtəşəm məkanla sağollaşırıq.
Rasim BAYRAMOV,"Mövqe" qəzetinin baş redaktoru