Dünən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət
İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov və
akademiyanın bir qrup əməkdaşı Naxçıvan Muxtar Respublikasına
səfərə gəliblər. Movqe.az "Şərq qapısı" qəzetinə
istinadən xəbər verir ki, qonaqlar əvvəlcə ulu öndər Heydər
Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan
abidəsini və Heydər Əliyev Muzeyini ziyarət ediblər. Məlumat
verilib ki, bu muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisi
Sədrinin 1999-cu il 18 fevral tarixli Sərəncamı ilə yaradılıb və
həmin il mayın 10-da fəaliyyətə başlayıb. Ulu öndərin sağlığında
yaradılan muzeydə görkəmli dövlət xadimi Heydər Əliyevin həyatı və
siyasi fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən eksponatlar
toplanılıb. Hər il minlərlə tamaşaçı muzeyi ziyarət edir.
Sonra qonaqlar Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan
Bölməsi və bölmənin tərkibində fəaliyyət göstərən, nadir bitkilərin
və ağacların qorunduğu “Nəbatat bağı” ilə tanış olublar.
“Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi ilə tanışlıq zamanı
bildirilib ki, muxtar respublikanın ərazisi dünyanın ən qədim insan
məskənlərindən biridir. Buna görə də ərazidə tarixin bütün
dövrlərinə aid zəngin mədəniyyət və memarlıq nümunələri mövcuddur.
Bu abidələr arasında Naxçıvanqalanın mühüm əhəmiyyəti vardır.
2010-cu ildə Naxçıvanqalanın bərpasına başlanılıb, tarixi ərazidə
yenidənqurma işləri aparılıb, qalanın əvvəlki görkəmi özünə
qaytarılıb. Naxçıvanın qədim tarixi-mədəni irsinin mühafizəsini
təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi
Sədrinin 5 iyun 2013-cü il tarixli Sərəncamı ilə “Naxçıvanqala”
Tarix-Memarlıq Muzey Kompleksi yaradılıb. Kompleks çoxsaylı
turistləri özünə cəlb etməklə yanaşı, həm də son dövrlərdə
mədəni-kütləvi tədbirlərin keçirildiyi mərkəzə çevrilib.
Günün sonuna doğru qonaqlar yerli məhsulların nümayiş etdirildiyi
Naxçıvan Biznes Mərkəzində olublar. Məlumat verilib ki, mərkəzdə
kərpicdən mebel dəstinə, kiçik plastik hissələrdən dam örtüyünə,
mineral sulardan ərzaq məhsullarına, Naxçıvan duzundan
konservləşdirilmiş qovurmaya qədər bir çox çeşiddə yerli məhsullar
sərgilənir. Mərkəz eyni zamanda yerli sahibkarların fəaliyyətinin
stimullaşdırılmasında, onlara müxtəlif metodik köməkliklərin
göstərilməsində əhəmiyyətli rol oynayır.
Qeyd edək ki, bu gün Naxçıvanda Azərbaycan Respublikasının
Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektorunun
iştirakı ilə "Azərbaycanın innovativ davamlı inkişaf modeli:
səmərəli idarəetmə və beynəlxalq qiymətləndirmə" mövzusunda elmi
seminar keçiriləcək.