Beynəlxalq Diaspor Mərkəzi (BDM) Azərbaycanın müstəqilliyinin 25
illiyi münasibətilə 16-23 oktyabr tarixlərində Belarusiyada
tədbirlər həyata keçirib. tədbirlər Azərbaycan Respublikası
Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə
dəstəyi ilə baş tutub. İlk tədbir Yanki Kupala adına Qrodno Dövlət
Universitetində keçirilib. Universitet rəhbərliyi başda olmaqla
professor, müəllim və tələbə heyətinin iştirak etdiyi tədbirdə BDM
tərəfindən rus dilində “Nezavisimiy Azerbaycan - 25” adlı film
nümayiş etdirilib. Daha sonra BDM sədri İsmayıl Ağayev, BDM
sədrinin birinci müavini Samir Adıgözəlli, Qrodno Azərbaycanlıları
Konqresinin sədri Namiq Vəliyev və sədr müavini Arif Xudayarov
Azərbaycanın müstəqillik tarixi və siyasi-iqtisadi inkişafından
bəhs edən çıxışlar ediblər. Daha sonra çıxış edən universitetin
birinci prorektoru İrina Kiturko, hüquq fakültəsinin dekanı
Svetlana Çeburanova, iqtisadiyyat və idarəetmə fakültəsinin dekan
müavini İosif Dvornyak, tarix və turizm fakültəsinin dekan müavini
Viktor Belozoroviç, beynəlxalq əlaqələr şöbəsinin rəisi Olqa Minova
və başqaları çıxış edərək, Belarusiya-Azərbaycan arasındakı xoş
münasibətlər və təhsil sahəsində əməkdaşlıq haqqında fikirlərini
bildiriblər. Sonda azərbaycanlı tələbələr də çıxış edərək,
universitet haqqında xoş təəssüratlarını bölüşüblər.
Layihə çərçivəsində növbəti tədbir Baranoviç Dövlət Universitetində
baş tutub. İlk öncə universitetin rektoru, professor Vasiliy
Koçurko və BDM nümayəndə heyəti arasında görüş keçirilib. Daha
sonra universitetin professor, müəllim və tələbə heyətinin iştirakı
ilə Azərbaycanın müstəqilliyinə həsr edilmiş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan birinci prorektor Aleksandr Unsoviç BDM
nümayəndə heyətini salamlayıb, Azərbaycanın müstəqilliyinin
bərpasının 25 illiyi münasibətilə universitet adından Azərbaycan
xalqını təbrik edib. Sonra BDM sədri İsmayıl Ağayev tədbirin
keçirilməsinə şərait yaratdığına görə universitet rəhbərliyinə
minnətdarlığını bildirərək, Azərbaycanın müstəqilliyinin bərpasının
25 illiyi və Belarusiya-Azərbaycan münasibətləri haqqında çıxış
edib. Çıxışdan sonra BDM tərəfindən hazırlanmış rus dilində
“Nezavisimiy Azerbaycan - 25” adlı film nümayiş etdirilib.
Keçirilən tədbirlərdə həmçinin BDM tərəfindən hazırlanmış
hədiyyələr hər iki universitetin rəhbərliyinə təqdim olunub. Eyni
zamanda bukletlər, filmlər, kitablar və digər hədiyyəlik əşyalar
müəllim və tələbə heyətinə paylanılıb. Səfər müddətində BDM
nümayəndə heyəti Qrodno Azərbaycanlıları Konqresində və Minskdə
diaspor fəalları ilə görüşlər keçirib.