Son vaxtlar baş verən intihar olaylarına nəzər saldıqda görünür ki, canına qıyanlar arasında özünü hündürlükdən ataraq həyatına qəsd edənlərin sayı artır. Özünü öldürmək, həm də yüksəklikdən ataraq həyatla vidalaşmaq ağızda asan səslənsə də, bunu depressiya vəziyyətində olan, intihar etmək barədə fikirləşən hər adamın yerinə yetirməsinin heç də asan olmadığını psixoloqlar da təsdiqləyir. Psixoloqlar insanların ən ağır affekt halında özünü yüksəklikdən ataraq canına qıymasının mümkün olduğunu söyləyirlər.
Qeyd edək ki, zaman-zaman intihar edənlər arasında özünü hündür
yerə çıxaraq oradan atması hadisələrinə rast gəlinib. Son vaxtlar
isə, intiharın bu növü sanki, bir qədər də populyarlaşıb. Psixoloq
Elnur Rüstəmov Movqe.az-a müsahibəsində özünü
hündürlükdən ataraq canına qıyanların sayının artmasına elə
intiharın bu növünün populyarlaşmasının səbəb olduğunu söyləyir.
Psixoloq deyir ki, demək olar, son vaxtlar sosial şəbəkələr
intiharın bu növünü təşviq etməklə məşğuldurlar: “Əvvəllər kiminsə
canına qıymaq üçün yüksəkliyə çıxdığını görən insanlar mümkün qədər
onu bu fikirdən daşındırmağa, intihar etməkdən vaz keçməsi üçün
söhbət aparırdılar. İndi isə kiminsə özünü binanın eyvanına,
körpüyə çıxıb intihar etməyə hazırlaşdığını görənlər həmin anı
mobil telefon vasitəsilə kameraya çəkərək sosial şəbəkələrdə
paylaşırlar. Bununla da intihar etmək fikrində olan insanları mənfi
istiqamətə manipulyasiya edirlər.
Depressiyaya düşən, həyatın, yaşamağın onun üçün mənasız olduğunu
düşünən insanlar bu cür videolara baxdıqdan sonra həmin
görüntülərin təsiri altında özlərini yüksəklikdən atırlar. Həmin
videolar normal insanı intihara sövq etməsə də, depressiya halında
olan insanlar bu görüntünün təsiri ilə hərəkət edə bilərlər. Ona
görə də, bu cür videoların çəkilməsi, üstəlik sosial şəbəkələrə
yüklənməsi, intiharın bu növünün bir növ populyarlaşmasına gətirib
çıxardır. Bu isə öz növbəsində özünü hündürlükdən ataraq intihar
edənlərin sayını artırır”.
E. Rüstəmov bildirir ki, bu cür hadisələrin qarşısı ancaq
maarifləndirmə yolu ilə alınmalıdır: “İnsanlara aşılanmalıdır ki,
onların çəkdikləri bu cür videolar psixi cəhətdən zəif olanlara
mənfi təsir göstərərək onları ölüm həddinə çatdıra bilər. Bu cür
videoların çəkilməsi, sosial şəbəkəyə yüklənməsi etik hərəkət
deyil. İnsanlar bu cür davranışlardan çəkindirilməli, onlara bu
hərəkətlərinin cəmiyyət üçün ziyanlı olduğu başa salınmalıdır.
Bunun üçün isə maarifləndirmə işləri aparılmalıdır. İnsanı hansı
halların intihar həddinə çatdırdığı barədə araşdırma yazılar
yazılmalıdır. Əks halda, intiharın özünü yüksəklikdən atma növü
populyarlaşmaqda davam edəcək”.
Zülfiyyə QULUYEVA