Əlaqə Arxiv
news Image
2016.10.29
09:30
| A A A
Hava dəyişkənlyinin səbəbləri açıqlandı
Dilşad Məmmədova: “Oktyabrda havanın bu cür qeyri-sabit keçməsi ölkə ərazisinə soyuq hava kütləsinin daxil olması və şərq küləklərinin üstünlük təşkil etməsilə bağlıdır”

İmişli rayon sakinləri son 60 ildə görünməyən təbiət hadisəsinin şahidi olublar. Payız fəsli olmasına baxmayaraq, rayon ərazisinə qar yağıb. Hansı ki, Azərbaycanda ilin bu vaxtı qarın düşməsi bir qədər möcüzə hesab olunur. Qar yağımı ölkənin digər bölgələrini də bürüyüb. Görəsən, oktyabr ayında belə hava dəyişikliyinə səbəb nədir? Bu iqlim dəyişikliyinin təzahürü sayıla bilərmi?

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometrologiya Departamentinin Proqnozlar Bürosunun direktoru Dilşad Məmmədovanın bildirdiyinə görə, oktyabr ayında özünü göstərən soyuq iqlim şəraiti həmin aya xas xüsusiyyət olmaqla yanaşı, ölkə ərazisinə soyuq hava kütləsinin daxil olmasının təzahürüdür: “Bildiyiniz kmi, oktyabr ayında ölkədə yağışlı hava şəraiti müşahidə olundu. Artıq bəzi rayonlarda yağışlar intensiv xarakter aldı. Dağlıq və dağətəyi rayonlarda isə proses sulu qar və qarın yağması ilə nəticələnmişdi. Yağışlı hava şəraiti də havanın temperaturunun aşağı enməsinə şərait yaradıb. Belə hava şəraitinin yaxın bir neçə gün ərzində də davam edəcəyi gözlənilir. Havanın temperaturu da yenə aşağı düşəcək. Mərkəzi Aran rayonlarında günorta saatlarında 9-11, dağ və dağətəyi rayonlarda 2-6 dərəcə olacaq. Bildiyiniz kimi, oktyabr ayı Azərbaycanda yay fəslindən payız fəslinə keçid ayı kimi xarakterizə olunur. Ümumiyyətlə, əvvəlki illərin anoloji dövrü ilə müqayisədə yağıntının miqdarı bu ayda bir qədər çoxalıb. Amma əvvəlki illərin təcrübəsindən də görürük ki, oktyabr ayında havanın temperaturunun 15-20 dərəcə, ayın sonuna yaxın isə 10-13 dərəcəyə enməsi müşahidə olunurdu. Lakin hər halda 2011, 2014, 2015-ci illər arasında da oktyabr ayı yağıntılı ay kimi xarakterizə olunub. Yəni, əvvəllər də oktyabr ayında havanın temperaturu indi olduğu kimi olub, hava intensiv yağışla və bəzi yerlərdə hətta qarla da müşahidə olunub.
Əvvəlki illərdə sadəcə, havanın temperaturu bu ilin anoloji ayı ilə müqayisədə bir qədər yüksək olub. Bu il oktyabrda düşən yağıntının miqdarı isə əvvəlki illərlə müqayisədə bir qədər artıqdır. Oktyabrda havanın bu cür qeyri-sabit keçməsi ölkə ərazisinə soyuq hava kütləsinin daxil olması və şərq küləklərinin üstünlük təşkil etməsilə bağlıdır”.
Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz