Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Ərazi
ekologiya və təbii sərvətlər şöbəsinə (Balakən-Zaqatala- Qax-Şəki
inzibati rayonlarını əhatə edən) Şəki rayonu ərazisində qanunsuz ov
edilməsi ilə bağlı siqnal daxil olub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən
Movqe.az-a verilən məlumata görə, nazirliyin
əməkdaşları dərhal reyd keçirib və reyd zamanı Şəki rayonunun Şin
dərəsində şübhəli bilinən “Ural” markalı AQS 95-85 dövlət qeydiyyat
nişanlı maşın saxlanılıb. Avtomobilə baxış zamanı üzərilərində 7 ov
tüfəngi olan 7 nəfər şəxs, bir baş ovlanmış ayı cəmdəyi və dərisi,
həmçinin iki aylıq bir diri ayı balası aşkar edilib. İlkin
araşdırmalar nəticəsində məlum olub ki, qanunsuz ov edən şəxslər
Şəki rayonu, Şin kəndinin sakinləridir. Ərazi sərhəd zonası
olduğundan hazırda ETSN-nin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları
birgə araşdırma və sənədləşmə aparır. Sənədləşmə başa çatdıqdan
sonra təqsirli bilinən şəxslər barəsində qanunamüvafiq qaydada
tədbir görüləcək.
Avtomobildə aşkar olunan tüfənglər və ayı cəsədi maddi sübut kimi
Şəki rayon Polis Şöbəsinə, ayı balası isə Altıağac Milli Parkının
nəzdindəki Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya
Klinikasına təhvil veriləcək.