Hərbi Hava Qüvvələrinin döyüş hazırlığının yoxlanılması
məqsədilə Müdafiə naziri general-polkovnik Zakir Həsənov hərbi
aviasiya bazalarından birində olub. Movqe.az
nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, müdafiə
naziri uçuş və texniki heyətlə görüş keçirib, hərbi aviasiyanın
döyüşə hazırlığının səviyyəsini, onun imkanları və effektiv
istifadəsini, uçuş-enmə zolaqlarını, trenajor siniflərini, yardımçı
bina və tikililərin mövcud vəziyyətini yoxlayıb.
Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham
Əliyev tərəfindən ordu quruculuğu sahəsində qarşıya qoyulan
vəzifələr zabit heyəti ilə keçirilən görüşdə şəxsi heyətin
diqqətinə çatdırılıb.
Müdafiə nazirinə yerli istehsal olan yeni növ pilotsuz uçuş
aparatlarının döyüş qabiliyyəti, praktiki uçuşları, heyətlərin
hazırlığı və yerüstü idarəetmə stansiyasının imkanları nümayiş
etdirilib.
Müdafiə naziri hərbi pilotların uçuş praktikası, onların təlim-məşq
hazırlığının plana müvafiq şəkildə həyata keçirilməsi ilə bağlı
Hərbi Hava Qüvvələrinin komandanlığı qarşısında tapşırıqlar
qoyub.
Görüşün sonunda nazirliyin rəhbər heyəti uçuş və texniki heyətlə
birgə nahar ediblər.