Sabunçu rayonu 252 №-li məktəbdə Bakı şəhəri üzrə Təhsil İdarəsi, 46 №-li Məktəbdənkənar Tərbiyə İşi Mərkəzi və “Həyat” Humanitar Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə yol təhlükəsizliyi mövzusunda tədbir keçirildi. Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Həyat” Humanitar Dəstək İctimai Birliyi tərəfindən icra olunan “Yol təhlükəsizliyi pasportunun yaradılması vasitəsilə məktəb icmasının yollarda davranış qaydalarının təkmilləşdirilməsi” layihəsi çərçivəsində təşkil olunan tədbirdə Sabunçu rayon təhsil müəssisələrinin və hüquq mühafizə orqanlarının nümayəndələri iştirak etdi.
Giriş sözü ilə tədbiri açıq elan edən 252 №-li məktəbin
direktoru Xədicə Eminova qonaqları və tədbir iştirakçılarını
salamladı və təşkil olunan məlumat sessiyasının məqsəd və
vəzifələri barədə danışdı. Tədbirin aktual bir mövzuya həsr
olunduğunu qeyd edən X.Eminova vurğuladı ki, yol hərəkəti
qaydalarına əməl edilməsi hər bir insanın daxilində olan ən
mükəmməl nəzarət və cəza sistemi hesab edilən vicdanla
tənzimlənməlidir.
Bakı Şəhər BPİ DYPİ-nin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov
yol təhlükəsizliyi mövzusunda mütəmadi əsaslarla keçirilən bu kimi
tədbirlər yol-nəqliyyat hadisələrinin sayının azalmasına səbəb
olur. V.Əsədov çıxışında bildirdi ki, yol təhlükəsizliyinin təmin
olunması baxımından məktəbətrafı ərazilərdə bir sıra nöqsanlar
büruzə verməkdədir ki, dayanma-durma qaydalarının pozulması
onlardan biridir. Bu kimi nöqsanların aradan qaldırılmasında hər
bir vətəndaş fəal iştirak etməli və özünün mədəni davranışı ilə yol
hərəkəti qaydalarını pozan şəxslər üçün örnək olmalıdır. 46 №-li
Məktəbdənkənar Tərbiyə İşi Mərkəzinin şöbə müdiri Fəridə
Süleymanova məktəb ətrafında müşahidə edilən nöqsanlara münasibət
bildirdi və vurğuladı ki, bu kimi inzibati xətalar əksər hallarda
valideynlər tərəfindən törədilir. Şübhəsiz ki, bəzi qayda
pozuntuları obyektiv səbəblər üzündən baş verir. Amma bəzi hallarda
bu kimi xətalar məhz subyektiv səbəblərə görə törədilir. Həmin
subyektiv səbəblərin aradan qaldırılması isə yol təhlükəsizliyi
probleminə münasibətin dəyişməsi nəticəsində mümkün ola bilər ki,
bu da hər bir şəxsin vətəndaş mövqeyindən irəli gəlməlidir.
Suraxanı rayonu ərazində yol təhlükəsizliyinin təmin olunmasında
fəal iştirak edən və əksər Suraxanı uşaqlarının “Canlı svetofor”
adlandırdıqları Xalid Musayev gördüyü işlər barədə danışdı və qeyd
etdi ki, hər bir vətəndaş əlindən gələni etməlidir ki, baş verən
yol qəzalarının və həmin qəzalarda həlak olan insanların sayı
azalsın.
“Həyat” Humanitar Dəstək İctimai Birliyinin sədri, layihə rəhbəri
Azər Allahverənov tədbirin mahiyyəti barədə danışdı və bildirdi ki,
hər bir valideyn maraqlıdır ki, onun uşağı məktəbə təhlükəsiz
şəkildə getsin və yollardakı təhlükələrdən uzaq şəraitdə evinə
qayıtsın. Bunun üçün hər şeydən vacib həmin məktəblərin ətrafında
olan yollarda təhlükəsizlik tədbirlərinin lazımi səviyyədə
olmasıdır. Bununla yanaşı yol hərəkəti iştirakçısı olan həmin
valideyn və uşaqlar da yol hərəkəti qaydalarına uyğun hərəkət
etməlidirlər. Yol təhlükəsizliyi pasportu həm də bu kimi
davranışların formalaşmasına səbəb olan sənəddir ki, bu və ya həmin
sənədin ayrı-ayrı elementləri da məhz təhsil müəssisələri
tərəfindən hər bir məktəb üçün ayrıca olaraq tərtib
edilməlidir.
128 №-li məktəbin direktoru Cavanşir Əliyev, 96 №-li məktəbin
tərbiyə işləri üzrə direktor müavini Valeh Ağakişiyev, 188 №-li
məktəbin direktoru Sabir Mahmudov və digər çıxışçılar məktəblər
üçün yol təhlükəsizliyi mövzusunda keçirilən təbliğat və təşviqat
işinin vacibliyini qeyd etdilər və tədbir təşkilatçılarının
təşəbbüsünü yüksək qiymətləndirdilər. Çıxışçılar xüsusilə
vurğuladılar ki, onların təmsil etdikləri məktəblərə yaxın yollarda
təhlükəsizlik tədbirləri davamlı şəkildə keçirilməli və hər bir
məktəb icması bu prosesdə fəal olmalıdır.