Əlaqə Arxiv
news Image
2013.01.19
15:14
| A A A
Frankfurtda DAK İdarə Heyətinin iclası keçirilib
İsmayıl Ağayev DAK-ın Azərbaycan nümayəndəliyinin rəhbəri, Niyaz Qubadov isə birinci müavin seçilib. BMT baş katibi, ABŞ prezidenti, Gürcüstanın baş naziri və dünya ictimaiyyətinə müraciət, Urmiya gölü və Ermənistandan azərbaycanlıların deportasiyası ilə bağlı bəyanat qəbul edilib.

Yanvarın 19-da Almaniyanın Frankfurt şəhərində Dünya Azərbaycanlıları Konqresi (DAK) İdarə Heyətinin növbəti toplantısı keçirilib. Yığıncağa DAK həmsədrləri Sabir Rüstəmxanlı və Firidun Pərvizniya rəhbərlik edib. Toplantıda DAK Nəzarət-Təftiş Komissiyasının üzvləri də iştirak ediblər. Yığıncaqda DAK-ın sonuncu qurultayından sonrakı dövr ərzindəki fəaliyyəti müzakirə edilib və 2013-cü ilin iş planı qəbul olunub. DAK həmsədri Sabir Rüstəmxanlı ötən müddət ərzində görülən işlər və təşkilatın fəaliyyəti barədə geniş məruzə ilə çıxış edib. DAK-ın digər həmsədri Firidun Pərvizniya isə Avropada görülən işlər, Azərbaycan diasporunun durumu və fəaliyyəti barədə məlumat verib. DAK İdarə Heyətinin üzvləri Əjdər Tağızadə Güney Azərbaycandakı son durum, Rəhmət Rafət isə Urmiya gölündəki ekoloji fəlakət və onun mənfi təsirləri barədə danışıblar. DAK İdarə Heyətinin digər üzvləri - İraq parlamentinin deputatı Əkrəm Fevzi Tərzioğlu İraq və Suriyadakı türkmanların durumu, İsmayıl Ağayev Ermənistandan öz tarixi torpaqlarından azərbaycanlıların deportasiyası, Vaqif Arzumanlı bu il 200 illiyi tamam olacaq Gülüstan müqaviləsi, Zəlimxan Məmmədli Borçalı türklərinin vəziyyəti, Abuzər Bağırov regionda baş verən prosesler, Tahir Hacıyev və Rəhman Abbasov Rusiyadakı azərbaycanlıların vəziyyəti və DAK-ın bu ölkədəki fəaliyyətindən danışıblar. DAK Nəzarət-Təftiş Komissiyasının üzvü Qalib Ağayev isə təmsil olunduğu qurumun adından məruzə ilə çıxış edib.

Toplantıda Gülüstan müqaviləsinin 200 illiyi ilə bağlı tədbirin keçirilməsi barədə qərar qəbul olunub. Eyni zamanda yığıncaqda Güney Azərbaycandakı vəziyyətlə bağlı dünya ictimaiyyətinə, BMT baş katibi Pan Gi Muna, ABŞ prezidenti Barak Obamaya, Gürcüstanın baş naziri Bidzina İvanişviliyə müraciət, Urmiya gölü, Ermənistandan azərbaycanlıların deportasiyası ilə bağlı bəyanat qəbul edilib.

Sonda təşkilati məsələlərə baxılıb, İsmayıl Ağayev DAK-ın Azərbaycan nümayəndəliyinin rəhbəri, Niyaz Qubadov isə DAK-ın Azərbaycan nümayəndəliyinin rəhbərinin birinci müavini seçilib.

Qeyd edək ki, yaxın günlərdə Bakıda mətbuat konfransı keçiriləcək.

Sizin Reklam Yeriniz