Əlaqə Arxiv
news Image
2013.01.22
15:35
| A A A
Azərbaycanda qripdən ölən olmayıb?
İbadulla Ağayev: "Bizim camaatımız çox təəssüf ki, qripə adi bir xəstəlik kimi baxır"

"Azərbaycanda qripdən ölənlərin statistikasının aparılmasında yaranan problem həmin xəstələrin sağ ikən tibb müəssisələrinə müraciət etməməsi ilə bağlıdır".

Bu sözləri Movqe.az-a açıqlamasında Vəli Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, Azərbaycanın baş infeksionisti Namiq Əliyev bildirib. N. Əliyevin sözlərinə görə, ölkədə qrip virusu ilə stasionar tibb müəssisələrinə müraciət edənlər qeydiyyata  alınır.  Əgər onlarda xəstəliyin ağırlaşmış forması olduğundan, müalicə effekt vermirsə, yəni həmin xəstə dünyasını dəyişirsə, onun ölüm səbəbi xəstəlik tarixcəsinə qeyd edilir: "Sadəcə olaraq həmin xəstənin ölüm səbəbi artıq qrip virusu deyil, bu virusun törətdiyi başqa fəsad olduğundan, xəstənin ölüm səbəbi kimi həmin xəstəlik qeyd edilir".

Səhiyyə Nazirliyinin baş epidemioloqu  İbadulla Ağayevdə Azərbaycanda   qrip virusu ilə dünyasını dəyişən varsa, bunun statistikasının bütün tibb müəssisələrində toplanaraq  Respublika Gigiyena və Edidemiologiya Mərkəzinə (RGEM) göndərildiyini söyləyir: "Azərbaycanda qrip virusundan ölüm halları o qədər də çox deyil. Səbəbi isə ölkəmizdə qripə yoluxanların stasionar tibb müəssisələrinə müraciət etməməsidir. Buna görə tibb müəssisələrini qınamaq olmaz. Bizim camaatımız çox təəssüf ki, qripə adi bir xəstəlik kimi baxır. Qrip infeksiyasının daşıyıcıları nadir hallarda polikilinikaların qapısını döyürlər. Bu xəstələrin çoxu qripi ev şəraitində müalicə etməyə üstünlük verirlər. Amma bəzən ev şəraitində belə türkəçarə müalicəni düzgün aparmırlar. Qripə yoluxanların əksəriyyəti bu müalicəni elə ayaq üstəcə, qrip əleyhinə yüngülləşdirici dərmanlarla müalicə edirlər ki, çox vaxt bu müalicə efekt vermir. Əksinə, xəstəlik hada da ağırlaşır. Daxili tənəffüs yollarının ağır iltihablaşması ilə fəsadlarını biruzə verən xəstəlik, əksər hallarda ağciyər pnevmoniyasına gətirib çıxardır. El arasında sətəlcəm adlandırılan bu xəstəlik müalicəsi gecikdikdə ölümə belə səbəb olur. Artıq bu xəstənin ölüm səbəbi qrip deyil, pnevmoniya kimi göstərilir. Çox vaxt belə ölümlər statistikada ona görə əksini tapmır ki, xəstə ən ağır durumunda belə stasionar şəkildə müalicə almır".

RGEM-in epidemiologiya şöbəsindən isə bildirdilər ki,  mövsümü qriplə bağlı stasionara müraciətlər olsa da, mövsümi qripdən ölüm halları qeydə alınmayıb. Şöbədən ötən ilin statistikasında qripdən ölümlə bağlı bir faktın qeydə alınmadığı söylədilər.

 

 

 

 

Sizin Reklam Yeriniz