Əlaqə Arxiv
news Image
2016.12.06
08:00
| A A A
Xaricdən Azərbaycana gələn saxta diplomlar
Əjdər Ağayev: “Saxta diploma tələsindən xilas olmağın çox yığcam və qısa bir cavabı var” Vaqif Abışov: “Xarici diplomlar hökmən Azərbaycan Təhsil Nazirliyinin sorğusundan keçməli, bu diplomlar məhz həmin qurum tərəfindən tanınmalıdır”

“Saxta diplomların əksəriyyəti MDB ölkələrində fəaliyyət göstərən ail məktəblər tərəfindən verilir. Bu ölkələr arasında ilk üçlüyə Rusiya, Ukrayna və Gürcüstanda daxildir”. Bu barədə “Təhsilin keyfiyyətinin təmin edilməsində akkreditasiyanın rolu” mövzusunda tədbirdə məlumat verilib. 

Saxta diplom tələsindən necə xilas olmaq olar. Nə etmək lazımdır ki, valideynlər, tələbələr bu tələyə düşməsinlər? 
Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev  problemdən çıxış yolunu saxta diploma alanlara və işi təşkil edənlərə qarşı ciddi cəza tədbirləri həyata keçirməkdə görür: “Saxta diploma tələsindən xilas olmağın çox yığcam və qısa bir cavabı vardır. Hər hansı cinayət əməlinin kökünü kəsmək üçün o əməli törədənlərə qanun çərçivəsində ciddi cəza verilməlidir. Bu da bütün digərləri üçün örnək olur, başa düşürlər ki, belə bir pis əmələ yol verməklə ağır cəzalara məhkum olacaqlar. 
Neçə illərdən bəridir ki, ölkədə saxta diplom məsələsi gündəmdədir. İctimai fikir, elm nümayəndələri, mətbuat belə çirkin əməllərin əleyhinədir və hər zaman problemi qabardaraq onun aradan qaldırılmasının vacibliyini vurğulayıb. Amma məsələ ondadır ki, bizlər qərar verən, cəza təyin edən deyilik. Birinci növbədə müvafiq qurumlar onu üzə çıxarıb saxta diplomaları məhv etməlidir”. 
Tarix üzrə fəlsəfə doktoru Vaqif Abışov isə bu qənaətdədir ki, saxta diplomlarla effektiv mübarizə aparmaq üçün müvafiq qurumlar tərəfindən proses ciddi nəzarətdə olmalıdır: “Saxta diplom məsələsi hər zaman Azərbaycan hökuməti, Təhsil Nazirliyini düşündürüb. Uzun müddətdir ki, saxta diplom məsələsi davam edir və “öz aktuallığını” saxlamaqdadır. Deməzdim ki, təkcə Azərbaycandan kənarda təhsil almaqla bağlı olaraq saxta diplom məsələsi ortaya çıxır. Yəni problem təkcə xaricdə təhsil almaqla bağlı olaraq yaranmayıb. Daxildə də ayrı-ayrı universitetlərdə saxta diplomların təəssüf ki, verilməsi məsələsi baş verib. 
Təhsil Nazirliyinin hesabatında belə bu məsələ qeyd olunmuş, komissiya təşkil edilmiş, hətta bir çox saxta diplom daşıyıcıları da üzə çıxarılmışdı. Belədə saxta diploma sahib olanların bir çoxu təhsil sistemindən uzaqlaşdırıldı. Problemin həlli üçün müvafiq dövlət strukturları prosesi ciddi nəzarətə götürməlidirlər. Təhsil müəssisələrinə nəzarəti dövlət strukturları edir. O baxımdan problemlə real mübarizə aparmaq üçün Təhsil Nazirliyi, həm də hökumətdə sahəyə cavabdeh olan digər strukturlar ciddi nəzarət mexanizmi yaratmalıdırlar. 
Xarici diplomlar da hökmən Azərbaycan Təhsil Nazirliyinin sorğusundan keçməli, bu diplomlar məhz həmin qurum tərəfindən tanınmalıdır. Tanındıqda da yoxlamadan keçməlidir. Ona görə də məsələni daha çox  Təhsil Nazirliyi öz nəzarətinə götürməlidir. Başqa bir tərəfdən təhsildə də ciddi rəqabət mühiti formalaşdırmalıyıq ki, xaricdə təhsil almağa gedən tələbələr daxildə daha yüksək səviyyədə təhsil almağa imkanın yarandığını görsünlər. Bu gün Azərbaycan təhsilində tələblə təklif tərs-mütənasibdir. Ölkədə əhalinin say nisbətilə universitetlərin sayı həddən artıq çoxdur. Xüsusən də orta məktəblər üçün ixtisaslı müəllim kadrı hazırlayan universitetlər çoxdur”.  
Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz