Əlaqə Arxiv
news Image
2016.12.07
09:45
| A A A
Mənzil-Kommunal Sahələri özəlləşdiriləcək?!
Rəşad Həsənov: “Mənzil-Kommunal Sahələri özəlləşdirilərsə, bu zaman onların təklif etdiyi xidmətlərin keyfiyyəti yüksələ bilər” Cümşüd Nuriyev: “Dövlətdən maliyyələşmənin dayanması ilə həmin sahədə çalışanların əmək haqları da arta bilər”

"Mənzil kommunal xidmət obyeklərinin tam özəlləşdirilməsi mümkündür". Bunu maliyyə naziri Samir Şərifov bildirib. 

S. Şərifov hesab edir ki, büdcədən Mənzil-Kommunal Sahələrinə ayrılan xərclər o qədər də yüksək deyil: "Büdcədən bu sahəyə ayrılan vəsaitin böyük hissəsi, yəni 40%-i Mənzil-Kommunal Sahələrdə çalışanların əmək haqqının ödənilməsinə yönəlir. Digər tərəfdən, bu vəsaitdən yaşıllıqların salınması, tullantıların daşınması və s. istifadə olunur. Lakin bu sahəni özəlləşdirmək o demək deyil ki, hökumət bu xərclər üzrə qazanır. Həmin istismar xidmətlərin göstərilməsini hər hansı bir özəl şirkətlərə verilə bilər. Hər hansı bir küçənin süpürülməsi ilə bağlı bir şirkətlə müqavilə bağlanılsa, siz həmin şirkətə pul ödəməli olacaqsınız. Şəhərlərin, rayonların işıqlandırılması xərcləri, bütün bu xərclər həmin bu maddə üzrə maliyyələşdirilir. Ona görə də, mən hesab edirəm ki, bu xərclərin ixtisar edilməsi çətin olar". 
Mənzil-Kommunal Sahələrinin özəlləşdirilməsi prosesinə başlanıla bilərmi və bu həmin sahəyə nə vəd edir?
İqtisadçı ekspert Rəşad Həsənov bildirdi ki, MKS-lərin özəlləşdirilməsi mümkündür və bu addımın atılması bir tərəfdən dövlət büdcəsinin yükünü azaldacaq, digər tərəfdən də həmin sahənin təklif etdiyi xidmətlərin keyfiyyəti yüksələcək: “Azərbaycanda uzun müddətdir müzakirə predmeti olan bir neçə məsələ vardır ki, onlardan biri də məhz Mənzil-Kommunal Sahələrinin özəlləşdirilməyə verilməsilə bağlı məsələdir. Sirr deyil ki, ölkəmizdə kommunal xidmətləri təklif edən qurumların fəaliyyəti kifayət qədər səmərəsizdir. Bu müəssisələr özlərinin beynəlxalq sferada olan opponentlərinin fəaliyyətilə müqayisədə kifayət qədər qeyri-peşəkar səviyyədə idarə olunurlar. Ümumiyyətlə götürdükdə, dünyada təsdiqini tapan tendensiyalardan biri ondan ibarətdir ki, hər hansı bir müəssisə dövlət mülkiyyətinə aid olaraq onun tərəfindən idarə olunursa, onun idarəetməsi, səmərəliliyi, peşəkarlığı, çevikliyi özəl sektordakı uyğun istiqamətdə fəaliyyət göstərən opponenti ilə müqayisədə kifayət qədər zəif olur. Məsələyə bu baxımdan yanaşdıqda təbii ki, həmin müəssisələrin özəlləşdirilməsi fikri gündəmdədir. Eyni zamanda, ötən il ölkə başçısının birbaşa olaraq ictimailləşdirdiyi böyük özəlləşdirmə proqramı çərçivəsində də bəzi dövlət müəssisələrinin özəlləşdirilməyə çıxarılması ehtimalı güclənib. Düşünürəm ki, böyük ehtimalla gələcək dövrlərdə bu istiqamətdə addımlar atıla bilər. 

Təbii ki, Mənzil-Kommunal Sahələri özəlləşdirilərsə, bu zaman onların təklif etdiyi xidmətlərin keyfiyyəti yüksələ bilər.  Amma ola bilsin, bu hal ilkin olaraq kommunal xidmətlərin qiymətlərində də öz əksini tapa bilsin, bahalaşma baş versin. Hazırda bu müəssisələrin sağlamlaşdırılaraq özəlləşdirilməyə çıxarılması məsələsi müəyyən mənada tariflərin bahalaşmasını gündəmə gətirər. Bununla yanaşı, göstərilən xidmətlərin keyfiyyətinin yüksəlməsini də müşahidə edəcəyik. Digər tərəfdən, dövlət büdcəsindən bu istiqamətə əlavə dotasiyaların ayrılmasının dayandırılması yolu ilə dövlət büdcəsinə də qənaət ediləcək. Bu sahələr üzrə belədə dövlət büdcəsinin yükü azaldılacaq. Eyni zamanda, müəssisələrin şəffaf şəkildə idarə edilməsi bu sahə üzrə orta və uzunmüddətli dövrdə təklif olunan xidmətlərin maya dəyərində müəyyən qədər azalmalara gətirib çıxara bilər ki, son nəticədə bu da uzunmüddətli dövr üçün kommunal xidmətlərin yenidən optimalılığının təmin olunmasna dəstək olar”.  
İqtisadçı-ekspert Cümşüd Nuriyev düşünür ki, sözügedən addımın atılması bir neçə istiqamət üzrə müsbət effekt verəcək: “Azərbaycanın özəlləşdirmə ilə bağlı strateji planında da Mənzil-Kommunal Sahələrin özəlləşdirilməsi məsələsi vardır. O vaxt qəbul olunan qərarda da nəzərdə tutulub ki, Azərbaycanda bu sektor özəlləşdirilməlidir. Bu sahə təsərrüfat hesablı olmalıdır. 
Dövlət artıq bu sahəni maliyyələşdirməkdən əl çəkməlidir. Onlar özləri özlərini saxlamalıdır. Onsuz da bu sahə uzun müddətdir dotasiyada olub. Özəlləşdirilsə, artıq hər kəs öz işini bilər. Artıq Azərbaycan bu sahədə təcrübəyə də malikdir. Ölkədə çoxmərtəbəli yeni tikililər var. Onların təsərrüfat işlərilə də sahibkarların özləri məşğul olur. Sahənin özəlləşməsi dövlətə də əlavə gəlirlərin gəlməsi deməkdir. Bilirsiniz ki, MKS-lə bağlı çoxsaylı şikayətlər var. Prosesin özəlləşdirilməsilə belə şikayətlərə də birdəfəlik son qoyular. Bu addım həmçinin yeni iş yerlərinin açılması deməkdir. Dövlətdən maliyyələşmənin dayanması ilə həmin sahədə çalışanların əmək haqları da arta bilər. Yəni, həmin özəlləşmənin bir neçə istiqamət üzrə müsbət tərəfləri mövcuddur”.

Rüfət NADİROĞLU 

Sizin Reklam Yeriniz