Əlaqə Arxiv
news Image
2016.12.07
13:36
| A A A
"Reket"lərə qarşı cəbhə genişlənir - Mediadan DTX-ya dəstək

Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Azərbaycanda "reket" jurnalist fəaliyyəti ilə məşğul olan şəxslərə qarşı keçirdiyi son əməliyyatlara ölkə ictimaiyyəti və ciddi mediası tərəfindən reaksiyalar gəlir.

Movqe.az qafqazinfo-ya istinadən xəbər verir ki, ölkədə "reket" media adlandırılan aşağı səviyyəli, şantajçı, qeyri-peşəkar saytlar və qəzetlərə qarşı mübarizə bu il daha ciddi xarakter alıb. Belə ki, bir neçə ay əvvəl jam.az saytının rəhbəri Fikrət Fərəməzoğlu hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və ona qarşı "hədə-qorxu ilə tələb etmə" ittihamı irəli sürülüb. Hazırda məhkəmə qarşısına çıxarılacağı gözlənilir.

Bir neçə gün əvvəl isə DTX bu sahədə irimiqyaslı hesab olunacaq əməliyyatlara başlayıb. Belə ki, insanların intim videogörüntülərini yaymaqla şantaj etmə, hədə-qorxu ilə tələb etməyə görə "Bizim dövr" qəzetinin və eyniadlı saytın rəhbəri Surxay Əliyev və onun dəstəsinə daxil olan bir neçə nəfər həbs olunub.

Dünən isə "Gündəlik Bakı" qəzetinin və eyniadlı saytın baş redaktoru Habil Vəliyev xüsusi əməliyyatla saxlanılıb. Bu barədə yaxın saatlarda DTX açıqlama ilə çıxış edəcək.

Məlumatlara görə, DTX tərəfindən analoji əməliyyatlar əsasən, "reket"lərin yuvası kimi tanınan "Azərbaycan" nəşriyyatında aparılır. Hazırda nəşriyyatın ciddi nəzarətdə olduğu, burada və digər ünvanlarda yerləşən "reket"lərlə bağlı növbəti əməliyyatların keçiriləcəyi gözlənilir.

Qeyd etdiyimiz kimi, cəmiyyət, eləcə də ciddi medianın bu məsələyə dəstəyi hiss olunmaqdadır. Bir neçə gündür ki, DTX tərəfindən həyata keçirilən tədbirlər alqışlanır və bunların davam etdirilməsi istənilir.

Məsələ ilə bağlı "Qafqazinfo" bir neçə tanınmış media təmsilçisinin münasibətini öyrənib.

"APA" Holdinqin direktorlar şurasının sədri Vüsalə Mahirqızı mövzu ilə bağlı bildirib ki, Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həyata keçirilən bu əməliyyatları dəstəkləyir:

"Keçmiş Milli Təhlükəsizlik Nazirliyi zamanında vətəndaşlardan şantaj yolu ilə pul almaq kimi məsələlər də saxlanılan həmin "reket"lərin fəaliyyətinə daxildir. Bu təkcə hüquq müstəvisində mübarizə ilə yanaşı, həm də medianın peşəkarlaşması, təmizlənməsi üçün yaxşı bir xidmətdir. Həbs olunan şəxslərin jurnalistika ilə bağlılığı yoxdur. Mətbuat Şurası illərdir ki, bununla bağlı kampaniya aparır. Azərbaycan jurnalistlərinin iradəsinin ifadəsi olan Mətbuat Şurası hələ bir neçə il öncədən reket jurnalistika ilə mübarizəyə qarşı bir komissiya yaratmışdı. İndi həbs olunan şəxslərin bir çoxu "qara siyahı" ya salınmışdı. Dəfələrlə onlarla söhbət edilmişdi və məsələ ictimai qınağa çıxarılmışdı. Azərbaycan jurnalistləri, təəssüf ki, onların adından sui-istifadə edən belə insanların olduğunu illər əvvəl bəyan etmişdilər.

"Reket"çilik yolu ilə peşədən sui-istifadə edilməsinə hüquq müstəvisində qiymət verilməli idi. Hesab edirəm ki, DTX-nın bu əməliyyatları uğurludur. 

Normal, müstəqil jurnalistika ilə məşğul olmaq istəyənlər, peşəni şərəflə daşımaq istəyən, ondan utanmayan insanların hamısı bu cür əməliyyatları dəstəkləməlidir. Nəhayət ki, medianın üzərinə bu adamlar vasitəsilə vurulan qara ləkə aradan götürülməlidir. Biz də bu məsələyə hər cür informasiya dəstəyi verəcəyik".

"525-ci qəzet"in baş redaktoru, Mətbuat Şurasının üzvü Rəşad Məcid də Dövlət Təhlükəsizlik Xidmətinin reket qəzetlərin aşkarlanması istiqamətindəki fəaliyyətini yüksək qiymətləndirir:

"Mətbuat Şurasında artıq neçə ildir ki, "reket" jurnalistikaya qarşı komissiya var. "Reket" qəzətlərdən ictimaiyyətin şikayətləri bəlli idi. Elə qəzetlər var idi ki, dəfələrlə onlar barəsində ictimai qınaq formasında Mətbuat Şurasında rəy çıxarılmasına baxmayaraq, bunlar öz "fəaliyyətlərini" davam etdirirdilər.

Mən ötən il Milli Təhlükəsizlik Nazirliyində baş verən hadisələrdən sonra demişdim ki, bir sıra reket qəzetlər var ki, onların yazdıqları faktlar jurnalist fəaliyyətindən daha çox, hansısa xüsusi xidmət orqanının fəaliyyətinə bənzəyir. Bu kimi halların mövcudluğu da vaxt keçəndən sonra aşkarlanacaq.

Məlum olurdu ki, bu kimi qəzetlərə bir çox hallarda MTN-in o vaxtki xəbər əməkdaşları himayədarlıq edirdi. Onların vasitəsilə məmurları, sadə insanları şantaj edərək pul qazanırdılar. İndi DTX-nın bu cür əməliyyatları aparması və faktların aşkarlanması, "Azərbaycan" nəşriyyatında bu kimi qəzetlərə qarşı xüsusi əməliyyatın keçirilməsi Mətbuat Şurasının neçə illər əvvəl dediyi fikirlərin reallaşmasıdır. Mən bu cür hadisəni yüksək qiymətləndirirəm. Elə bilirəm ki, mətbuat adına xələl gətirən bu tipli insanların gələcəkdə mediaya üz tutmasının qarşısı alınmalıdır. Əlbəttə ki, proses davam etməlidir. Bir neçə qəzet var ki, dəfələrlə Mətbuat Şurası onların haqqında qərarlar çıxardıb. Onlar da yəqin ki, Dövlət Təhlükəsizlik Xidmətinin diqqətində olacaq".

Mətbuat Şurasının "reket" jurnalistikaya qarşı Mübarizə Komissiyasının sədri Vüqar Rəhimzadə isə bildirib ki, kimliyindən asılı olmayaraq, jurnalistikaya xələl gətirən, istənilən qəzet, sayt cəzalandırılacaq:

"Hesab edirəm ki, aparılan uğurlu işlər göz qabağındadır. Həmin şəxslərin adları Mətbuat Şurasının "qara siyahı"sına düşüb və dəfələrlə bu cür fəaliyyətlə məşğul olan mediaya xəbərdarlıqlar etmişik. Qanun qarşısında hər bir vətəndaş bərabər məsuliyyət daşıyır. Bizə həmin qurumlarla bağlı çoxsaylı şikayətlər daxil olub.

Hazırda "qara siyahı"da təxminən 100-ə yaxın çap və elektron mətbuatın adı var. Qısa müddətdə araşdırma aparılacaq. Komissiyamızın növbəti iclası keçiriləcək. Həmin iclasdan sonra "qara" siyahıya düşən mediaların adları ictimailəşdiriləcək.

Bəzən hansısa kiçik reket mətbuatın yazdığı hansısa xəbərə böyük bir qurum reaksiya verir. Bu bizi düşündürən məsələdir. "Reket"in xırdası-böyüyü yoxdur".

Qeyd edək ki, DTX-nın bu əməliyyatının nə vaxta qədər davam edəcəyi, onların tam təmizlənməsinin mümkün olub-olmayacağı bəlli deyil. Çünki hazırda onların böyük bir qrupu fəaliyyətlərini davam etdirməkdədirlər. 

Sizin Reklam Yeriniz