Əlaqə Arxiv
news Image
2016.12.16
08:00
| A A A
Əczaçılıq sənayesi ökə daxilində dərman bitkilərinə yeni böyük tələb yaradacaq
Vüsalə Süleymanova: “Bitki tərkibli dərman istehsalı üçün ilk növbədə bu növ bitkilərin plantasiyaları olmalıdır” Adil Qeybulla: “Daha çox tələb olunan dərmanların istehsalı zəruridir”

Azərbaycanda yaxın iki ildə bir neçə dərman zavodu fəaliyyətə başlayacaq. Qeyd edək ki, Yaponiya, Almaniya, Türkiyə, İran, Rusiya şirkətləri Azərbaycanda dərman zavodları qurmaq niyyətində olduqlarını bildiriblər. Bu fonda ölkəmizdə yetişən müxtəlif bitkilərin əczaçılıq sənayesində istifadə olunması gözlənilir. Nəzər alaq ki, ölkəmiz belə bitkilərlə zəngindir və bitkidən hazırlana dərmanlara tələb daha böyükdür. Ancaq mütəxəssislər bunun üçün həmin bitkilərin plantasiya şəklində istehsalını təklif edirlər.

Əczaçı firmalardan birinin nümayəndəsi Vüsalə Süleymanova qəzetimizə bildirdi ki, ümumiyyətlə, bazarda iki cür dərman preparatları var: “Bunlardan birincisi, kimyəvi, digər isə təbii tərkibli  - bitki və otdan hazırlanan dərman preparatlarıdır. Təbii tərkibli dərmanlar badlar adlanır. Bunlar bioloji aktiv qida əlavələridir. Hansı ki, Avropa ölkələrində bu preparatlar apteklərdə deyil, marketlərdə satılır. Amma təxminən iki ilə yaxındır ki, Azərbaycanda kimyəvi molekullu dərman preparatlarının idxalına  məhdudiyyətlər tətbiq olunub. 2015-ci ilin dekabr ayından etibarən, Tarif Şurası bir çox dərman preparatlarına standart qiymət qoydu. Standartlaşma müəyyən molekullarda qiymət endirimi etsə də, bəzi preparatlarda 3-4 dəfə bahalaşmayla özünü göstərdi. 
Kimyəvi molekullu dərman preparatlar üçün rüsum  və lisenziyalar çox bahadır. Ona görə də şirkətlər daha çox badlar gətirməyə üstünlük verirlər. Çünki, onun idxalı normal qiymətə başa gəlir. Onlar üçün lisenziya alıb, gətirib burada satmaq daha asan olur. Düzdür, elə də ucuz satılmasa da, kimyəvi molekula nisbətən ciddi qiymət fərqi hiss edilir. Bu ilin dekabr ayında isə Səhiyyə Nazirliyinin badlar haqqında yeni qərarı qəbul olundu və 2017 yanvar ayının 1-dən qüvvəyə minəcək. Beləliklə,  bad preparatları həkim tərəfindən hər hansı reseptdə təyin olunarsa, həmin həkim 500 manat cərimə olunacaq. Həkimlərə bu haqda məlumat və xəbərdarlıq poliklinika və xəstəxanaların baş həkimləri tərəfindən verilib”.
Vüsalə Süleymanova əlavə etdi ki, Azərbaycanda dərman zavodlarının fəaliyyətə başlaması və yerli dərman istehsalı pis təşəbbüs deyil: “Ancaq yerli məhsulun keyfiyyətinin yüksək olması vacib şərtdir. Əslində, prinsip olmalıdır, yəni yerli məhsullarımıza daha çox üstünlük verməliyik. Amma bitki tərkibli dərman istehsalı üçün ilk növbədə bu növ bitkilərin plantasiyaları olmalıdır. Hansı ki, əczaçılığı inkişaf etmiş bütün ölkələrdə belədir. Bizdə isə hazırda elə də geniş dərman bitkisi plantasiyası yoxdur. Nisbətən dağlıq zonalarda belə bitkilərə rast gəlinir. Onlar  isə elə də böyük miqdarda deyil. Dediyimiz kimi, bunun üçün böyük plantasiyalar salınmalıdır. Yəni, xammalın dağdan, bağdan yığılması ilə alınan iş deyil. Böyük həcmdə xammal bazası olmalıdır. 
Eyni zamanda dərman bitkilərinin istehsalı üçün mühit mühüm şərtdir. Hansı ki, bu cür şərait Dağlıq Qarabağ ərazilərində var idi. Həmin ərazilərdə müalicəvi bitkilər çoxdur.Həmçinin nəzərə alaq ki, hər bir preparat istehsal olunduqdan sonra, əlavə təsirlərinə görə bəzən aylarla üzərində tədqiqatlar aparılmalıdır. Yəni, bir çox hallarda bu proses milyonlarla xərc tələb edir. Bahalı və zaman tələb edən prosedurdur. Bütün bunları nəzərə almaq lazımdır”. 
Tibb elmləri doktoru, professor Adil Qeybulla ölkəmizdə dərman zavodlarının açılmasının özlüyündə pis təşəbbüs olmadığını qeyd etdi: “Ancaq söhbət ondan gedir ki, Azərbaycan hansı şirkətlərlə əməkdaşlıq edəcək. Dərman istehsalında bunun önəmi böyükdür. Çünki, istehsal olunan dərmanların beynəlxalq standartlara cavab verməsi vacib şərtdir. 
Bu gün ən azından ən vacib olan dərman preparatlarının istehsalı mühüm məsələdir. Bütün dərmanları istehsal etmək bizə vacib deyil. Daha çox tələb olunan dərmanların istehsalı zəruridir. Hansı ki, bunun üçün təbiətimizdə yetərincə bitki var. Bu, həm qiymətinin ucuz olmasına imkan verəcək, həm də gələcəkdə icbari tibb sığortası paketində  onlardan istifadə imkanlarını asanlaşdıracaq”. 
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz