Əlaqə Arxiv
news Image
2016.12.21
09:15
| A A A
Tarif Şurasının hesabına avtomobil dayanacaqlarında qiymətlər xeyli ucuzlaşa bilər
Azər Allahverənov: “Dövlət qurumlarının sərəncamında olan dayanacaqların qiymətləri birbaşa Tarif Şurası tərəfindən tənzimlənə bilər” Eyyub Hüseynov: “Tənzimlənən qiymətlər əhalinin alıcılıq qabiliyyətinə uyğun olarsa, dayanacaqlardan istifadə edənlərin də sayı artar”

“Dövlətin tikdiyi xeyli yeraltı dayanacaqlar var. Amma bəziləri avtomobillərini həmin dayanacaqlarda saxlamır. Çünki qiymətləri bahadır”. Bunu millət vəkili Siyavuş Novruzov deyib.  O bildirib ki, dayanacaqlarda qiymətlər tənzimlənməlidir: “Girirsən içəri, görürsən ki, siçanlar oynayır, maşın yoxdur. Saatına bir manat alırlar. Əgər hər gün orada avtomobil saxlayırsansa, aylıq minumum 200 manat edir. Bu qiymətləri tənzimləmək lazımdır”.

Mütəxəssislər də təklifi məqbul hesab edirlər. Dövlət balansında olan dayanacaqlarda qiymətlərin tənzimlənməsi özəl dayanacaqlarda da qiymətlərin enməsinə səbəb olacaq. Bu isə dayanacaqdan istifadə edənlərin sayını artıra bilər.
Nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov “Mövqe”yə bildirdi ki, prosesə dövlət tərəfindən müdaxilə mümkündür: “Amma müdaxilənin də həcmi var. Bakı Şəhəri İcra Hakimiyyətinin nəzdində olan dayanacaqlara müdaxilə etmək mümkündür. Əslində, dövlət qurumlarının sərəncamında olan dayanacaqların qiymətləri birbaşa Tarif Şurası tərəfindən tənzimlənə bilər. Lakin hansısa özəl şirkətin vəsaiti hesabına qurulmuş dayanacağın qiymətini şirkət özü müəyyənləşdirir. Amma söhbət ondan gedir ki, Tarif Şurası dövlət qurumlarının sərəncamında olan dayanacaqların qiymətinə müdaxilə etdikdə orada qiymətlərin aşağı düşməsi baş verəcək ki, bu da özəl dayanacaqlarda qiymətlərin aşağı düşməsinə səbəb olacaq. Çünki, yaxınlıqda daha ucuz qiymətə dayanacaq varsa, sürücülər mütləq ora üz tutacaqlar. 
Düzdür, təhlükəsizlik baxımından hər ikisi təhlükəsizdir, xidmət baxımından da hər ikisi yüksək səviyyədə təmin olunub. Amma əgər qiymət fərqi varsa, sürücülər mütləq qiyməti aşağı olan dayanacaqlara üz tutacaqlar. Belə olduğu halda özəl dayanacaqlar qiymətləri aşağı salmaq məcburiyyətində qalacaq”.
Ekspert əlavə etdi ki, bu hal baş verərsə, dayanacaqlardan istifadə edənlərin sayı da artacaq: “Ən azından ona görə ki, hazırda avtomobil dayanacaqlarda qiymətlər çox yüksəkdir. Ancaq qiymətlər enərsə, maddi vəziyyəti elə də yüksək olmayan insanlar da avtomobillərini orada saxlamağa üstünlük verəcəklər. Nəzərə alaq ki, dayanacaqlarda avtomobillər xüsusi ilə uzun müddətdə saxlandıqda daha böyük məsrəflər tələb edir. O baxımdan qərarla yanaşı, aylıq dayanacaq hüququ qazanılarsa, bu, daha ucuz qiymətə başa gəlir Ancaq hazırda qiymətləti münasib olan dayanacaqlar da fəaliyyət göstərir.”.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da  dayanacaqların qiymətinin təzimlənməsini məqbul hesab edir: “Ümumiyyətlə, xarici praktikada olduğu kimi, bu proses avtomatlaşdırılmalıdır. Yəni, insan amili aradan qaldırılmalıdır. Xarici təcrübədə avtomobilin dayanması üçün pula uyğun vaxt təyin olunur. Həmin vaxtı keçdikdən sonra nə evaukator, nə də başqa biri avtomobilə müdaxilə etmir. Cərimələr birbaşa vətəndaşın yaşadığı ünvana gəlir. Küçədəki dayanacaqlara da bu sistem tətbiq olunmalıdır. O zamanda evaukator nəqliyyat vasitəsini gəlib aparmaz. Çünki, evaukator qaydanı pozan bütün maşınları apara bilməz. Amma o sistemdə bütün qaydanı pozanlar cərimələnir”. 
Eyyub Hüseynov əlavə etdi ki, əgər tənzimlənən qiymətlər əhalinin alıcılıq qabiliyyətinə uyğun olarsa, dayanacaqlardan istifadə edənlərin də sayı artar”. 
Mübariz BAYRAMOV 
 

Sizin Reklam Yeriniz