Əlaqə Arxiv
news Image
2016.12.22
09:15
| A A A
Avtomobil hissələrini xaricdən almağa ehtiyac qalmayacaq
Azər Allahverənov: “Məsələ kompleks şəklində həllini taparsa, istehsala yerli xammal cəlb edilərsə, avtomobillərin ehtiyat hissələri üzrə idxaldan asılılıqdan qurtara bilərik”

Azərbaycanda avtomobil hissələrinin istehsalı təşkil oluna bilər. Bu barədə Azərbaycanda ağır sənaye və maşınqayırmanın inkişafına dair strateji yol xəritəsində deyilir. 

Qeyd olunur ki, hazırda ölkədə avtomobil, traktor və yükdaşıyan maşınların yerli istehsalı əsasən yığımla məhdudlaşdığından perspektivdə maşın mühərriklərinin, transmissiya mexanizmlərinin idxalı saxlanılmaqla, qalan hissələr yerli bazardan təchiz oluna bilər. Bildirilir ki, maşın və avadanlıq, qoşqu və yarımqoşqular, elektrik avadanlığı və digər nəqliyyat vasitələrinin istehsalı üzrə sahəvi işçi qruplar yaradılacaq. Mədənçıxarma, təbii inhisarlar, müdafiə sənayesi və kənd təsərrüfatında fəaliyyət göstərən iri sifarişçi təşkilatları, sənaye müəssisələrini və müvafiq dövlət orqanlarını əhatə edəcək həmin qruplara Azərbaycanda fəaliyyət göstərən iri transmilli şirkətlərin nümayəndələri dəvət olunacaq. 
Avtomobil hissələri istehsalının təşkili bu sahəyə nə vəd edir? Qiymətlərdə ucuzlaşmaya və idxaldan asılılığın aradan qalxmasına yol aça bilərmi?
Nəqliyyat məsələləri üzrə ekspert  Azər Allahverənov avtomobil hissələri istehsalının daxildə təşkilinin mürəkkəb proses olduğu qənaətindədir. Onun  fikrincə, məsələnin həlli üçün prosesə kompleks şəklində yanaşılmalı, yerli xammaldan istifadə edilməlidir: “Mürəkkəb olduğundan məsələ öz həllini kompleks şəklində tapmalıdır. Mürəkkəbliyi isə onunla bağlıdır ki, söhbət təkcə hansısa ehtiyat hissələrinin istehsalından getmir. Çünki ehtiyat hissələrinin istehsalı ilə yanaşı, prosesdə vacib komponent həmin xammalın təmin olunması məsələsidir. Yəni, hazırlanacaq ehtiyat hissələri üçün xammal və texnologiyanın gətirilməsi başlıca məsələdir. Birdəfəlik rüsum ödəmək, prosesi qurmaqla fərz edək ki, hansısa avadanlığı gətirib işə start verildi. Amma məsələ ondadır ki, xammal xaricdən gətirilməlidir. Belə olduğu halda, düşünürəm ki, burada vacib komponent həmin xammalın da Azərbaycan daxilində emalı məsələsi olmalıdır. Vaxtilə sovet imperiyasında ağır sənayenin müəyyən sahələrində bu kimi elementlər mövcud idi. Amma həmin dönəmlərdə belə maşınqayırma müəssisələrində istifadə olunan materiallar imperiyanın digər respublikalarından gətirilirdi. Dövlət planlaşdırılması yolu ilə sistem elə qurulmuşdu ki, ölkənin bir vilayəti digərini xammalla təmin etdikdə, o da başqalarını hazır məhsulla təmin edirdi. Yəni, belə bir-birinə bağlı olan proses vardı. O baxımdan da düşünürəm ki, Azərbaycanda avtomobil hissələri istehsalının təşkili yolunda vacib məsələ həmin xammalla bağlı olan məsələdir. 
Məsələ ətrafında müəyyən işlər həyata keçirilməlidir ki, xammalın təkrar emalı ölkəmizdə də təşkil olunsun. Nəticə etibarı ilə də ehtiyat hissələri istehsalı prosesinə yerli xammal cəlb edilsin. Bu baş verərsə, avtomobillərin ehtiyat hissələri üzrə idxalından asılı olmaqdan qurtara bilərik.  Mövcud vəziyyət də son olaraq qiymət məsələsinə öz təsirini göstərəcək, avtomobillərin qiymətlərində enmələr baş verəcək. Xammal idxalından azad olmasaq, ehtiyat hissələrinin yerli istehsalı fonunda qiymətlərdə hansısa azalmalar baş verə bilər, amma bu, çox cüzi olacaq. Belədə həm daxili bazarda qiymət siyasətinə təsir göstəriləcək, həm də bu məhsullar xaricə çıxarıla bilər. Xaricə çıxarılması isə ölkəyə valyuta axınının gəlməsi demək olacaq. Bütün hallarda məsələ öz həllini kompleks şəklində taparsa, mövcud mürəkkəblik də əslində, xeyir gətirə biləcək tərzdə öz həllini tapacaq”.
Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz