Əlaqə Arxiv
news Image
2016.12.24
09:30
| A A A
Spirt bazarındakı təhlükə
İmran Abdullayev: “Onu kimsə içirsə, günah özündədir” Eyyub Hüseynov: “Ölkəmizdə də keyfiyyətsiz spirtli içkilərdən satılma ehtimalı istisna olunmur”

Rusiyanın İrkutsk vilayətində tərkibində ölümcül metanol spirit olan “Boyarshnik” adlı içkidən ölənlərin sayı son məlumatlara görə, 71 nəfəri ötüb. Bu dəfə surroqat alkoqoldan ölümlərin kütləvi xarakter almasına görə məsələyə Rusiya prezidenti və hökuməti müdaxilə edib. Matəm elan olunub və saxta alkaqollu içkilər, o cümlədən lasyon, kosmetik vasitə adı altında buraxılan, əslində isə rusların sevimli içkisinə çevrilən, 250 qramlıq flakonlarda buraxılan cürbəcür mayelərin istehsal edildiyi sexlərdə yoxlamalar aparılır, həbs olunanlar var. Problem spirtli içkilərdən istifadə olunduğu Azərbaycanda da saxta alkaqollu içkilər bazarını gündəmə gətirir. Düzdür, ruslardan fərqli olaraq Azərbaycanda kosmetik losyon, odekalon və ya apteklərdə satılan 95 faizlik spirt alıb içmə  halları kütləvi deyil. Amma Azərbaycanda da saxta içkilərdən zəhərlənənlər və ya  ölənlər az olmayıb. Saxta məhsul məsələsində isə ekspertlərlə aidiyyatı qurumların fikirləri üst-üstə düşümür. 

Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev bildirdi ki, Rusiyada zəhərlənənlər içmək üçün nəzərdə tutulan spirtli içkidən zəhərlənməyiblər: “Onlar içmək üçün nəzərdə tutulmayan içki qəbul ediblər. Hansı ki, həmin içki yemişandan hazırlanıb. Donmanın qarşısını almaq üçün sənayedə istifadə olunur. Onun tərkibində qeyd olunub ki, etil spirtli var, amma sonradan məlum olub ki, etil yox, metil spirti imiş. Bundan istifadə ediblər və zəhərlənmə baş verib. Normal ağlı olan adam spirtli içki əvəzinə həmin spirtdən istifadə etməz. 
Həmin məhsul ərzaq malları üçün nəzərdə tutulan mağazalarda satılmır. Onun üzərində yemişandan hazırlandığı göstərilib.  Yəni, onu kimsə içirsə, günah özündədir. Azərbaycanda isə bu cür məhsulların satışı yoxdur”.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə Azərbaycanda da bu cür hadisənin baş verməsini istisna etmir: “Ümumiyyətlə, “təhlükəli məhsul” anlayışı partiya məhsula aiddir. Odur ki, ölkəmizdə də keyfiyyətsiz spirtli içkilərdən satılma ehtimalı istisna olunmur. Lakin bu, o demək deyil ki, bu araqların hamısı keyfiyyətsizdir. Sadəcə, müəyyən partiyası zərərli ola bilər. 
Məlum olub ki, Rusiyada etil spirti əvəzinə metil spirti qarışdırılıb. Lakin Rusiyada belə hallar tez-tez baş verir. Bizdə də satışda keyfiyyətsiz spirtli içkinin olması istisna edilmir. Ona görə də müvafiq orqanlar ciddi araşdırma aparmalıdır. Vətəndaşlar isə bilməlidirlər ki, satış şəbəkəsində araqların saxlanma müddəti 1, konyak 3 il, şərablar isə 6 aydan artıq deyil. Amma təəssüflər olsun ki,  satışdakı spirtli içkilərin böyük əksəriyyətinin üzərində buraxılma tarixi və son yararlılıq müddəti yoxdur. Bu, o deməkdir ki, satışda köhnəlmiş, tərkibi ağır metallarla dolmuş spirtli içkilərə rast gəlinə bilər”. 
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz