Əlaqə Arxiv
news Image
2016.12.26
11:36
| A A A
İqtisadi artımın davamlılığı təmin olunub

Dünya iqtisadiyyatının dalğalı inkişafı dövründə iqtisadi artımın müsbət rəqəmlərlə ifadə olunan həcmdə saxlanılması mühüm şərtlərdəndir. Bu baxımdan muxtar respublikamızın iqtisadi inkişafının səviyyəsi haqda bitkin təsəvvür yaradan ümumi daxili məhsulun həcminin artım dinamikası dünyada gərgin keçən iqtisadi konyunktura şəraitində öz sabitliyini qorumaqdadır.

Belə ki, Naxçıvan Muxtar Respublikasında 2016-cı ilin yanvar-noyabr aylarında 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,6 faiz çox, yəni 2 milyard 251 milyon 910 min 900 manatlıq ümumi daxili məhsul istehsalı iqtisadi resursların məhdud olduğu bir şəraitdə iqtisadi artım üçün daxili ehtiyatlardan səmərəli istifadə olunması və rasional idarəetmənin nəticəsində mümkün olub. Ümumi daxili məhsulun keyfiyyət göstəricisi kimi onun əhalinin hər bir nəfərinə düşən həcmi isə bu dövrdə daha çox artımla, yəni 3,6 faiz yüksəlişlə müşayiət olunaraq 5042,3 manata çatıb.

Təhlil olunan dövr muxtar respublikanın iqtisadi həyatının bütün sahələrində müsbət dinamika ilə xarakterizə olunur. Belə ki, iqtisadi artımın faizlə göstəricisində ilk yeri tutan aqrar sektorda bəhs olunan dövr üçün yüksəliş dinamikası 6 faizlə müşahidə olunaraq 369 milyon 626 min 500 manat həcmində kənd təsərrüfatı məhsulu istehsalı ilə nəticələnib. Muxtar respublikada yaradılan ümumi daxili məhsulun tərkibində ilk yeri tutan sənaye sahəsində də artım mövcud şərtlərə görə müqayisədə kifayət qədər yüksək olub. Belə ki, 2016-cı ilin yanvar-noyabr aylarında muxtar respublikada sənaye üzrə 859 milyon 555 min 800 manat həcmində məhsul istehsal edilib ki, bu da 2015-ci ilin müvafiq dövründəki göstəricidən 1,9 faiz çoxdur.

İqtisadi fəallıq muxtar respublikanın xarici ticarət əlaqələrinin həcminin qorunub saxlanılmasında da özünü göstərir. Belə ki, cari ilin yanvar-noyabr aylarında muxtar respublikada 413 milyon 185 min 800 ABŞ dolları həcmində xarici ticarət dövriyyəsi qeydə alınıb. İxracın həcmi son bir il ərzində 1,1 faiz artaraq 378 milyon 761 min 700 ABŞ dolları, idxalın həcmi 42,6 faiz azalaraq 34 milyon 424 min 100 ABŞ dolları təşkil edib, 344 milyon 337 min 600 ABŞ dolları həcmində müsbət saldo yaranıb. Muxtar respublikada əhali tələbatlarının daha çox yerli məhsullarla ödənilməsi, xarici analoqlarından daha keyfiyyətli və qiymətcə daha münasib idxaləvəzləyici məhsul istehsalına ayrılan diqqət bu məqamda ixracyönümlü fəaliyyəti stimullaşdırmaqla bərabər, həm də idxaldan asılılığın əhəmiyyətli dərəcədə azaldılmasında mühüm rol oynayıb.

İqtisadiyyatın stabil inkişaf dinamikası bank-kredit təşkilatlarının da fəaliyyətinə müsbət təsir edib. Bu baxımdan cari ilin yanvar-noyabr aylarında muxtar respublikamızın bank və kredit təşkilatları tərəfindən təsərrüfat subyektlərinə verilən kreditlərin həcmi diqqəti cəlb edir. Belə ki, bu müddətdə muxtar respublika ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərə 39 milyon 798 min 900 manat məbləğində kreditlər verilib ki, bunun da 25,2 faizi qısamüddətli, 74,8 faizi isə uzunmüddətli kreditlər olub. Eyni zamanda ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta daxilolmaları sahəsində əldə olunmuş 1,4 faizlik artım da iqtisadiyyatın sağlam təməllər üzərində qurulduğunun göstəricisidir. Təsərrüfat subyektlərində iqtisadi fəallığın qorunub saxlanılması burada işlə təmin olunmuş işçilərin gəlirlərinin də artımına təsir edib. Belə ki, cari ilin yanvar-oktyabr aylarında muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqının məbləği 411,2 manat təşkil edib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,4 faiz çoxdur.

İnsanların firavan sosial həyatı iqtisadi inkişafın tamamlayıcısı, onun mühüm keyfiyyət göstəricilərindəndir. Bu baxımdan başa çatmaqda olan 2016-cı ildə əhalinin rabitə, informasiya və digər pullu xidmətlərdən istifadəsindəki artım, regiona səyahət edən turistlərin sayının çoxalması və muxtar respublika əhalisinin də ötən illə müqayisədə 5 min nəfərə yaxın artması diqqəti cəlb edən müsbət cəhətlərdəndir.

Əli CABBAROV- "Şərq qapısı" qəzetinin əməkdaşı

Sizin Reklam Yeriniz