Əlaqə Arxiv
news Image
2016.12.27
13:42
| A A A
Əcnəbilər üçün “Azərbaycan dili” dərsliyi
Bu ölkəmizdə bir ilk və dərslik sahəsində yenilik sayıla bilər

Movqe.az xəbər verir ki, Bakı Dövlət Universitetinin təcrübəli müəllimlərinin həmmüəllifliyi ilə əcnəbi vətəndaşlar üçün hazırlanmış yeni “Azərbaycan dili” dərsliyi (Bakı, 2016) işıq üzü görüb. Bu ilk dəfə kommunikativ metodla əcnəbi vətəndaşlar üçün hazırlanmış dərslik hesab oluna bilər. BDU-nun xarici tələbələrlə iş üzrə dekanı, dosent Gülheyran Rəhimova, alman və fransız dilləri kafedrasının müdiri dosent Elmira Fərəcullayeva, Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının dosenti Məhbubə Qurbanova, Azərbaycan dilçiliyi kafedrasının dosenti Reyhan Həbiblinin həmmüəllifliyi ilə hazırlanmış dərslik təkcə nəfis tərtibatı ilə yox, həm də innovatik strukturu, müasir təlim və tədris metodları əsasında hazırlanması ilə diqqəti cəlb edir.

Kitabın həmmüəlliflərindən biri, BDU-nun alman və fransız dilləri kafedrasının müdiri, dosent Elmira Fərəcullayeva müxbirımızlə söhbətində kitabın az bir zaman kəsiyində böyük maraq döğurduğunu bildirmiş və bu nəfiş nəşrin həyata vəsiqə almasında SOCAR rəhbərliyinin qayğısını xüsusi qeyd etmişdir.

Müasir standartlara cavab dərslik yeni kommunikativ metodla hazırlanıb. Kitab müəlliflərinin uzun illər boyu bu sahədə qazandığı təcürbələr də göstərir ki, Azərbaycan dilinin bu üsulla tədrisi təkcə dilin öyrənilməsinə deyil, həm də Azərbaycanın tarixi və mədəniyyəti ilə tanışlığa da geniş imkan yaradır. Bu cür təqdimat öz növbəsində dilin mənimsənilməsini xeyli dərəcədə asanlaşdırır.

Kitabın sonunda Azərbaycan dilinin qrammatikasının ayrıca verilməsi dərsliyin daha bir orijinallığını ortaya qoyur. Maraqlıdır ki, hər bir dərsin qrammatik materialına baxmaq üçün sonda səhifəsi göstərilməklə qeydlər verilir və eyni zamanda burada hər modula uyğun sözlük də öz əksini tapır.

Dərsliyin daha bir yeniliyi və uğuru ayrıca tərtib olunmuş "İş dəftəri"nin təqdimatı ilə bağlıdır. "İş dəftəri"ndə dilin rahat mənimsənilməsi üçün praktik tapşırıqlar verilir və bu tapşırıqlar məzmun etibarilə Azərbaycanın tarixindən, zəngin mədəniyyətindən və məişət həyatından tutmuş bütün sahələri əhatə edir. Bu da dil öyrənənin hazırlıq səviyyəsini daha da artırır, onun məntiqli və rabitəli nitq vərdişlərinə yiyələnməsinə yardımçı olur. Həmçinin ilk dəfə olaraq dərsliyin üzərində əyani vəsait kimi təqdim edilən CD diskdəki video və audio materiallar Azərbaycan dilini öyrənən əcnəbilərin dinləmə və anlama bacarıqlarını formalaşdırmağa xidmət edir.

Nəfis tərtibatda və əhatəli şəkildə hazırlanmış, metodik tələblərə və günümüzün tələblərinə cavab verən belə bir dərsliyin təkcə Azərbaycanda deyil, xarici ölkələrdə də yayımlanmasına ehtiyac var. 25 illik müstəqillik tarixində böyük bir inkişaf yolu keçən ölkəmizin dövlət dili olan Azərbaycan dilinin xarici dil kimi tədrisinə xidmət edən "Azərbaycan dili" dərsliyinin nəşri bu sahədə yeni

bir uğur olmaqla, həm də əcnəbilərə Azərbaycan dilini öyrənməkdə yaxından kömək edəcəkdir.

Sizin Reklam Yeriniz