Məlumat verildiyi kimi, aprelin 22-də İsrailin Xarici İşlər naziri Avigdor Lieberman Bakıya rəsmi səfərə gəlib. Aprelin 23-də isə o, prezident İlham Əliyevlə və xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb. Bu səfər İran ətrafında beynəlxalq təzyiqlər halqasının daraldığı bir dönəmə təsadüf etdiyindən xüsusi maraq doğurur.
Əksər ekspertlər bu kontekstdə vurğulayırlar ki, səfər cənub qonşumuz tərəfindən birmənalı qarşılanmayacaq. Lakin Azərbaycan ilk olaraq öz mövqelərini və milli maraqlarını əsas götürərək müvafiq xarici siyasət yeridir. Bu sıraya İsraillə yaxından əməkdaşlıq da daxildir.
Rəsmi məlumatlara görə, A.Lieberman prezident İlham Əliyevlə görüşdə Azərbaycana səfərindən ötən dövr ərzində ölkədə çox böyük inkişafın şahidi olduğunu deyib. Prezident isə Azərbaycanda quruculuq işlərinin ardıcıl olaraq sürətlə həyata keçirildiyini vurğulayıb. Görüşdə Azərbaycanla İsrail arasında əlaqələrin müxtəlif sahələrdə inkişafına dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
İsrailin xarici işlər naziri Bakıda jurnalistlərə bildirib ki, Azərbaycanla İsrail arasında qarşılıqlı etimada söykənən, səmərəli münasibətlər var. O, iki ölkə arasında yüksək səviyyəli siyasi əlaqələrin olduğunu, iqtisadi əlaqələrin də inkişaf etdiyini deyib: "Azərbaycanla İsrail arasında ticarət dövriyyəsinin həcmi 4 milyard dollara çatıb. Bakıda Azərbaycan prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşlər keçirdim. Görüşlərdə beynəlxalq siyasətin bütün spektri, regional məsələlər, o cümlədən İranla bağlı məsələ müzakirə olundu. Azərbaycan beynəlxalq arenada özünəməxsus yerə malikdir, ölkəniz BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvüdür, "Eurovision" kimi nüfuzlu müsabiqəyə ev sahibliyi edir".
Bu səfərdən əvvəl ABŞ-ın "Foreign Policy" jurnalı İsrailin İrana mümkün hücum üçün Azərbaycanın hava limanlarından birini alması haqqında yazmışdı. Bu xəbərləri rəsmi Bakı təkzib edib. A.Lieberman da İsrailin Azərbaycan ərazisində hərbi bazalarını yerləşdirməsi barədə xəbərlərin əsassız olduğunu bildirib.
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu İsrail ilə Azərbaycan arasında mədəniyyət və kənd təsərrüfatı sahəsində əməkdaşlığın olduğunu, son zamanlar iki ölkə arasında hərbi əməkdaşlığın diqqət çəkdiyini bildirir: "Biz İsraildən 1.6 milyard dollarlıq silah almışıq. Bu da İranı qıcıqlandırır. Türkiyə ilə İsrail münasibətləri son zamanlar gərginləşib. Azərbaycanın da strateji müttəfiqi Türkiyədir, İsrail deyil. Bu mənada Libermanın səfəri Ankarada müəyyən suallar doğurur. Ona görə İsraillə hərbi əməkdaşlıq edərkən iki məqama diqqət yetirmək lazımdır. Birincisi İrandır. İrandan təzyiq arta bilər. Biz hər zaman buna hazır olmalıyıq. Digəri də Türkiyə. Bakıda Libermana o da izah olunmalıdır ki, onların İrana hava zərbəsi endirməklə bağlı planları varsa və bu mənada Azərbaycanı özlərinə strateji tərəfdaş sayırlarsa, Azərbaycanın da maraqlarını nəzərə almalıdırlar. Libermana o da izah olunmalıdır ki, Türkiyəni görməzlikdən gəlib Azərbaycanla əlaqələri inkişaf etdirmək mümkün deyil".
Politoloq Rasim Musabəyov isə "Azadlıq" radiosuna açıqlamasında diqqəti Azərbaycanla İsrail arasında 4 milyard dollarlıq ticarət dövriyyəsinə yönəldib deyir ki, Azərbaycan öz münasibətlərini özü müəyyənləşdirir: "Bizim İsraillə kifayət qədər böyük ticarət dövriyyəmiz, Azərbaycanla İsrailin çoxşaxəli münasibətləri var. Oturub düşünəcəyik ki, bu səfər İranın xoşuna gələcək, ya yox? Azərbaycan öz beynəlxalq münasibətlərini kimin xoşuna gəlib-gəlməməsi ilə müəyyənləşdirmir".
Azərbaycan-İsrail parlamentlərarası dostluq qrupunun sədri Yevda Abramov Libermanın səfərinin iki dost ölkə arasında 20 il davam edən tərəfdaşlığın, əməkdaşlığın nəticəsi olduğunu bildirir: "Bu səfər müasir dövrdə strateji maraqlar baxımından hər iki dövlət üçün çox önəmlidir. Bu gün bölgənin çox böyük problemləri var. Bu problem yalnız bu iki dövlətə aid deyil. Artıq bu problemlər dünya siyasəti müstəvisinə çıxıb. Bununla ən böyük dövlətlər belə məşğul olur. Bu səfər çox mühümdür". Yevda Abramov deyir ki, Azərbaycanın İsraildə səfirliyinin olmaması münasibətlərə xələl gətirmir: "Bizim İsraildə Azərbaycan-İsrail Cəmiyyəti Assosiasiyası var. Bizim iki parlament arasında çox çevik işləyə bilən dostluq qruplarımız var. Nazirlər səviyyəsində görüşlər olur. Ancaq yenə deyirəm, səfirliyin olması daha yaxşı olardı".
Səməd CƏFƏROV