Əlaqə Arxiv
news Image
2013.01.30
10:05
| A A A
Əkrəm Əylislinin “Daş yuxular” romanı ətrafında qalmaqal böyüyür
Oqtay Hacımusalı: “Dəyəri verməli olanlar, dəyəri əsəri “Drujba narodov” jurnalında çap etməklə veriblər” Ədalət Əsgərov: “Onun əsərinə bizim fikir bildirməyimiz düzgün olmadı”

Anar: "Buna münasibət bildirməyə lüzum görmürəm"


Baba Vəziroğlu: "Əsəri hələ oxumamışam və bu səbəbdən hələlik heç nə deyə bilmərəm"


"Doktoru daha çox şəhərin müsəlman sakinlərinin ermənilərə qəddar münasibəti dəhşətə gətirirdi, çünki, o, belə bir qəddar münasibəti ermənilər tərəfdən görməmişdi".

"Doktor, əziz doktor... öldürdülər... Günün günorta çağı belə bir adamı döyüb məhv elədilər. Hamısını eləyən bu yerazlardı, doktor, yerazlar. 5-6 yeraz gədəsi. Bu köpək uşağı qaçqınlar heç adamlara hörmət qoymurlar, doktor, əziz doktor. Nə artist sayırlar, nə şair, nə yazıçı bilirlər. Birinə erməni de – işi bitdi. O dəqiqə vəhşi heyvan kimi ayaqlarının altına salıb tapdalayacaqlar".

"Sən demə, bu, qoca erməni imiş. Çörək almağa çıxıbmış, elə orda yerazların əlinə düşüb. Elə ev paltarında... başmaqda... Mən o evin yanına çatanda yazığı artıq öldürüb hovuza atmışdılar".

Bunlar "Daş yuxular" adlı romanda Azərbaycan yazıçısı Əkrəm Əylislinin qələmə aldığı ifadələrdir. Əsər hələ tam olaraq Azərbaycan dilinə tərcümə olunmasa da, artıq müəllif ermənipərəst mövqeyə görə qınağa çəkilir. Amma yazarın özünün dediyinə görə, əsər konfliktdə tərəf olan xalqlardan birinin nümayəndəsi kimi yox, baş verənlərin fövqündə dayanan bir şəxs kimi yazılıb. Səslənən ittihamları əsassız sayan Əkrəm Əylisli yaxın zamanlarda əsərin Azərbaycan versiyasının işıq üzü görəcəyini də deyir.

Yazıçı Oqtay Hacımusalı bildirir ki, Əkrəm Əylislinin "Daş yuxular" romanının mövzusu haqqında mətbuatda yazılanları oxuyanda heyrətlənmədim: "Deyə bilərəm ki, Əkrəm Əylisli zaman – zaman gündəmə gəlmək, gündəmdə qalmaq və haqqında qalmaqal yaratmağı xoşlayan bir yazıçıdır. Amma bunu məhz Azərbaycan – Ermənistan konflikti, Dağlıq Qarabağ münaqişəsi üzərindən həyata keçirməsi bir qədər anlaşılmayandır. Bir şəxsin öz eqosunu tətmini baxımından milli məsələlərə bu dərəcədə loyal yanaşması və sırf gündəmdə qalmaq üçün "Biz Bakıda, Sumqayıtda baş verən olaylara bəşəri dəyərlərə hörmət nöqteyi-nəzərindən münasibətimizi özümüz bildirməliyik" deməsi qəbuledilməzdir. Mən soruşuram Əkrəm bəydən, Bakıda və Sumqayıtda baş verənlər nə idi? Bəlkə biz uşaq idik, ağlımız kəsmirdi, görmürdük, Əkrəm Əylisli bu hadisələrin tam mərkəzində idi? Bəlkə, doğurdan da Bakıda və Sumqayıtda nəsə baş vermişdi?

Əkrəm bəyin "Daş yuxular" romanı ilə bağlı açıqlamasını da oxudum. Öz - özlüyündə bir qənaətə gəldim ki, əsərin məhz bu dövrdə, belə bir kritik məqamda yazılması, onun məhz "Drujba Narodov" jurnalında dərc olunması əslində bugünkü regionda gedən proseslərin ovqatına uyğun olaraq sifarişlə yazılan bir əsərdir. Əkrəm bəy "Elə bir şərait yaratmasınlar ki, bu məsələ Azərbayca daxilindən çıxıb aləmi bizim əleyhimizə çevirsin". – cümləsi ilə də elə bil hamıya bir mesaj çatdırır ki, siz Allah bunu aktuallaşdırın, mən gündəmdən kənarda qalmışam. Bu şüuraltı mesajın altında nələr yatır, nələr… Hər nə qədər müəllif əsəri konfliktdə tərəf olan xalqlardan birinin nümayəndəsi kimi yox, baş verənlərin fövqündə dayanan bir şəxs kimi yazdığını iddia etsə də, ayıq oxucuların dərhal ağlına bir sual gəlir: Bəs onda Əkrəm Əylisli kimdir? Əlif Şafak erməni məsələsi ilə bağlı yazanda hamı bunu bir şəkildə başa düşməyə çalışırdı: Çünki, Əlif Şafak nəşriyyat yazıçısıdır və nəşriyyat yazıçısı da zaman – zaman həm nəşriyyatın, həm də öz brendinin maraqlarına uyğun olaraq qalmaqallar yaradır. Əslində, Əlif Şafakın həm də kosmopolit bir kimliyə sahib olması onun bu məsələdə istinad nöqtəsidir. Əkrəm Əylisli isə hər hansı bir kosmoplitlik haqqında danışa bilməz. Çünki onun yaradıcılığı başdan sona kənd nəsrinin bariz nümunəsidir. Onun yazdıqları kənd koloritidir. Yaxşı, bəs indi nə oldu ki, birdən-birə Əkrəm Əylisli müstəqillikdən sonrakı yaradıcılığında belə kosmopolit oldu, erməniləri sevməyə başladı? Bəlkə o da Sovet dövründə Ermənistana gedib gəldiyi günlərin xiffətini çəkir? Onda onun Seymur Baycandan, Əli Əkbərdən nə fərqi var? Əladır, fikirlərini yaz, millətin gənclərinin beyninə yerit, torpaqlarının iyirmi fazinin işğalda olan bir məmləkətdə yaşadığını unut, sonra da nə imiş əfəndim: "Bu romandır, bədii əsərə qiymət tamam başqa meyarlarla verilməlidir". Hansı meyarlarla? İndiki şəraitdə hansı meyarlarla qiymət verilməsini gözləyir ki, Əkrəm bəy? Hə, anlaşıldı… Amma zatən bu dəyəri verməli olanlar, dəyəri əsəri "Drujba narodov" jurnalında çap etməklə veriblər.

Vəlhasili kəlam…. Əkrəm Əylisli təəssüf ki, artıq tükənib. Zatən çürük ideologiya üzərində qurulan, zaman – zaman hətta xəmiri ideologiyasızlıq və dəyərlərə xəyanət üzərində yoğrulan ədəbiyyat tükənməyə məhkumdur. Hər nə qədər ki, hörmətli xalq yazıçımız iddia edir ki, "yazıçı zamanı qabaqlayan insana deyilir. O insan ki, əsərlərində zamanı heç olmasa bir zərrə qabaqlaya bilməyib, ona ciddi, həqiqi yazar demək olmaz", amma bütün hallarda əgər yazıçı ədəbi dəyərləri milli dəyərlərdən üstün tutursa onun işi çətindir. Bu xalq diplomatları bu əsərləri yaza – yaza bir şeyi fikirləşmirlər ki, birdən kimsə çıxar "sən mənim övladımın, qardaşımın, yaxınımın haqqını niyə tapdalayırsan?" - deyər. Düşünmürlər də, onların gözünü Orhan Pamuk kor edib. Amma Orhan Pamukun öz kriteriyaları var idi. Sən indi ha söy…"

Azərbaycan Yazıçılar Birliyinin sədri, yazıçısı Anar məsələyə münasibət bildirməyə ehtiyac duymadı: "Buna münasibət bildirməyə lüzum görmürəm".

Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu isə əsəri hələ oxumadığını və bu səbəbdən münasibət bildirməsinin mümkünsüz olduğunu qeyd etdi: "Əsəri hələ oxumamışam və bu səbəbdən hələlik heç nə deyə bilmərəm"

Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Ədalət Əsgərovun isə "Mövqe" – yə açıqlaması belə oldu: "Əkrəm Əylisli bizim üzvümüzdür. Əgər onun kiminləsə mübahisəsi olarsa, biz onu ya müdafiə, ya da tənqid edərik. Amma onun əsərinə bizim fikir bildirməyimiz düzgün olmadı. O romanı onu oxuyan ədiblərimiz qiymətləndirsə, daha düzgün olardı".

Sizin Reklam Yeriniz