Əlaqə Arxiv
news Image
2013.01.30
15:15
| A A A
İtalyada ali təhsil almaq istəyənlərə "yaşıl işıq"
Tamilla Əliyeva: "Fikirləşdik ki, İtalyada ali təhsil almaq istəyənlərə köməklik üçün Azərbaycan Dillər Universitetindəki İtalyan dili kafedrasının potensialından bəhrələnək" Ali təhsilini xaricdə davam etdirmək istəyənlərə dil öyrənmək üçün köməklik göstəriləcək. Movqe.az-a bu barədə Təhsil Nazirliyinin Xarici əlaqələr, informasiya və koordinasiya şöbəsinin müdiri Tamilla Əliyeva məlumat verib. Onun sözlərinə görə, ilk növbədə İtalyan ali təhsil müəssisələrində təhsil almaq istəyənlər üçün şərait yaradılacaq: "Mən bir neçə gün öncə mətbuata açıqlama vermişdim ki, bu ildən Azərbaycanın orta məktəblərində xarici dillərin tədrisi ilə bağlı bəzi yeniliklər ediləcək. Amma  tədrisin hansı formada aparılacağı barədə danışmamışdım. Bu, orta məktəblərdə keçirilən xarici dillərin sayının artırılması kimi başa düşülməməlidir. Bəllidir ki, hazırda xarici ölkələrdə universitetlərə qəbul olmaq üçün bir il dil öyrənirlər. Bu isə vaxt aparır. Təhsil nazirliyi qərara gəlib ki, hələki İtalyanın ali təhsil ocağında təhsil almaq arzusunda olanlara bu dövlətin dilini öyrənmək üçün imkan yaratsın. Əlbəttə ki, bu könüllük prinsipi ilə olacaq. İtalyanın ali təhsil ocaqları öz ali təhsil müəssisələrində təhsil alan azərbaycanlı tələbələrin sayının artmasında maraqlıdır. Bu yaxınlarda Azərbaycanın Təhsil nazirliyinin İtalyada baş tutan görüşündə bu məsələ gündəmə gəldi. İtalya ali təhsil ocaqlarının əməkdaşları bildirdilər ki, azərbaycanlı tələbələr başqa ölkələrdən gələn tələbələrə müqayisədə dərsə daha məsuliyyətli, nizam-intizamlıdırlar. Odur ki, İtalyanın ali təhsil müəssisələri öz qapılarının Azərbaycandan bu ölkədə təhsil almaq istəyən gənclər üçün açıq olduğunu bildirdilər. Biz də düşündük ki, Azərbaycandan İtalyada təhsil almaq arzusunda olanlar olsa da, dillə bağlı problem çoxlarını bu arzusunun üstündən xətt çəkməyə vadar edir.  Fikirləşdik ki, İtalyada ali təhsil almaq istəyənlərə köməklik üçün Azərbaycan Dillər Universitetindəki İtalyan dili kafedrasının potensialından bəhrələnək. O kafedradakı müəllimlərin köməkliyi ilə seçdiyimiz iki pilot məktəbdə İtalyan dili tədris olunsun. Əvvəl yuxarı siniflər nəzərdə tutulsa da, biz bu məsələni hələ ekspertlərlə müzakirə edəcəyik. Kimin gələcəkdə İtalyada ali təhsil almaq arzusu varsa, orta məktəbdə oxuyarkən İtalyan dilini öyrənəcək. Orta məktəbi bitirdikdən sonra isə bu ölkənin ali təhsil müəssisələrində oxumaq üçün əlavə bir il dil öyrənmək üçün vaxtını sərf etməyəcək".
Sizin Reklam Yeriniz