Əlaqə Arxiv
news Image
2012.04.24
15:27
| A A A
Küləklər şəhərinin tozlu havası
Zemfira Budaqova: “Əsas problem yarımçıq qalan tikintilərdə yaranan tozlardır” Telman Zeynalov: “Yeri gəldi-gəlmədi şəhərin küçələrində qazıntı işləri aparılır”

Paytaxt Bakı hələ qədim zamanlardan küləklər şəhəri adlanır. Lakin bəzən bu külək həm də ciddi problemə çevrilir, xüsusən də şəhərin böyük hissəsində qazıntı-tikinti işləri aparıldığı vaxtlarda. Qışda qar, şaxta paytaxtda müəyyən problemlər yaradırsa, yazda və payızda bu külək bizə tozlu hava "bəxş edir".

Elə indi də külək qanımızı qaraltmağa başlayıb. Daha doğrusu, küləyin yaratdığı toz-torpaq. Elə bir toz-torpaq ki, adamın gözünə, burnuna, boğazına dolur. Aparılan müşahidələr göstərir ki, küləyin yaratdığı toz-torpaq daha çox məişət tullantılarının yığılıb qaldığı ərazilərdən və tikintisi yarımçıq qalmış binalardan gəlir. Bundan başqa şəhərin müxtəlif yerlərində qazıntı işləri aparılır. Asfaltın altındakı yumşaq qum dənələri zəif küləyin təsirilə asanlıqla havaya qalxıb üst-başımıza, ciyərlərimizə hopa bilir. Hələ bu harasıdır. Ağacların başına ilişib-qalmış sellofanlara da tez-tez rast gəlmək mümkündür.

Bir sıra xarici ölkələrdə şəhərin küçələrini tez-tez yuyurlar. Bu da külək əsəndə şəhərin toz-dumana bürünməsinin qarşısını alan başlıca səbəblərdən biri olur. Bakıda isə hələ ki, bu müşahidə olunmur.

Müstəqil Memarlar Assosiyasiyasının prezidenti Zemfira Budaqova bizimlə söhbətində bildirdi ki, Bakı küləkli şəhər olduğundan burada həmişə insanlar toz-torpaqdan şikayətləniblər: "Əsas problem yarımçıq qalan tikintilərdə yaranan tozlardır. Bilirsiniz ki, hündür binalarda külək özünü daha çox büruzə verir və açıq hündür binalardakı toz-torpaq asanlıqla ətrafa yayılır. Bundan başqa zibilliklər ciddi problemdir. Məsələ ondadır ki, zibilliklər vaxtı-vaxtında yığılmadığı üçün küləyin təsirinə məruz qalır. Nəticə də göz qabağındadır: çirkli sellofanlar, plastik qablar, konfet, şokolad və s. kağızlar havada uçuşurlar. Bir məqamı da qeyd etmək lazımdır ki, plastik materiallarda çürümə prosesi getmədiyindən torpağa qatışmır. Bu da öz növbəsində ekoloji fəsadlar yaradır".

Z.Budaqova əlavə etdi ki, sözügedən plastik məmulatlar şəhərdə radiasiyanın dərəcəsini artırır: "Külək isə radiasiyanın ətrafa yayılmasını, canlı orqanizmlərə hopmasını sürətləndirir. Xüsusən də, yay fəslində bunun fəsadları özünü daha çox göstərir. Zibilliklər həm də malyariya və digər infeksion xəstəliklərin yayılmasına zəmin yaradır. Külək həm də zibilləri yerindən tərpətməklə pis qoxunu ətrafa yayır. Ümumilikdə götürəndə Bakı şəhərinin vaxtı-vaxtında yuyulması, zibillərin qapalı maşınlarda daşınmasına ehtiyac var".

Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov isə hesab edir ki, havada müşahidə edilən toz-torpaq Bakı şəhərində intensiv qazıntı işlərinin nəticəsidir: "Bakı şəhərində tikinti işləri pərakəndə, nizamsız halda aparılır. Yeri gəldi-gəlmədi şəhərin küçələrində qazıntı işləri aparılır. Bu da Bakıda külək əsəndə tozanağın qalxmasına səbəb olur. Külək sement və müxtəlif tikinti materiallarındakı bərk kristall elementləri atmosferə atır. Bu da ekoloji sağlamlığa çox ciddi təhlükə yaradır".

T.Zeynalov hesab edir ki, toz-torpağın qarşısını almaq üçün Bakı şəhərində kütləvi şəkildə yaşıllaşdırma işlərinə başlanılmalıdır: "Təkcə dekorativ bitkilər əkməklə şəhərin görünüşünü dəyişmək olmaz. Kompleks halda işlər aparılmalıdır. Təbii yaşıllaşdırma salınmalıdır. Qurumuş ağaclar yenilərilə əvəzlənməlidir. Çox vaxt yaşıllaşdırma işləri kampaniya xarakteri daşıyır. Ağacı əkib çıxıb gedirlər. Ona baxmaq, qulluq etmək lazımdır. Hesab edirəm ki, məhz bu kimi işlər görüləndən sonra şəhəri yumaqla onu təmizə çıxarmaq mümkündür".

Açıqlamalardan belə qənaət hasil oldu ki, sözügedən sahədə ciddi işlər görülməsə, şəhərin ekoloji durumu pisləşə bilər. Ən əsası hər bir ölkə vətəndaşında bu məsələ ilə bağlı sosial, ekoloji vətəndaş məsuliyyəti olmalıdır. Necə deyərlər şəhərimizin təmizliyinin qeydinə qalmalıyıq.

R.Qaçayoğlu

Sizin Reklam Yeriniz