Əlaqə Arxiv
news Image
2017.02.18
09:30
| A A A
Türikyə və Rusiyadan Azərbaycana gələnlər çoxalacaq
Turizm sənayesi iqtisadiyyatın aparıcı qüvvəsinə çevrilmək üzrədir

2016-cı il Azərbaycanın turizm sənayesində bəlkə də dönüş nöqtəsi olub. Uzun illər aparılan hazırlıq, bu sahəyə yatırılan investisiyalar, beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi sayəsində yaradılmış şərait, habelə informativ təbliğat keçən il real nəticələrini verib. Ölkəyə sırf turist simasında gələn əcnəbilərin sayı əvvəlki illərə nisbətən köklü surətdə artıb. Bu, xüsusilə Rusiya Federasiyasından və ərəb ölkələrindən gələnlərin sayında özünü qabarıq göstərib. Ənənəvi olaraq qardaş Türkiyədən gələnlər isə artıq Azərbaycan turizminin üzvi hissəsi sayıla bilər. Bu günlərdə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəz Qarayev yaranmış şərait barədə deyib: “Bu gün Türkiyə ilə Azərbaycan arasında əlaqələr o qədər geniş inkişaf edib ki, bunu hansısa çərçivəyə salmaq düzgün olmaz. Bizim marağımız ondan ibarətdir ki, Türkiyədən Azərbaycana daha çox turist məqsədləri üçün gələn insanlar olsun”. 

Eyni zamanda martın 15-dən “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) aşağı büdcəli AZALJET brendi altında Moskvanın  “Vnukovo” hava limanından Azərbaycanın regionlarına - Gəncə və Qəbələyə müntəzəm reyslərin yerinə yetirilməsinə başlanılacaq.  Məlumata görə, Moskva-Gəncə reysləri hər həftənin çərşənbə və şənbə günləri, Moskva-Qəbələ reysləri isə hər həftənin cümə axşamı günləri “Airbus A320” təyyarələri ilə həyata keçiriləcək. Dünyada gedən iqtisadi böhran şəraitində aşağı büdcəli gediş-gəliş yollarına insanların ehtiyacı xeyli yüksəkdir. İlboyu işləyən əhalinin zövqünə uyğun olaraq mütləq istirahət etmək ehtiyacı var. Bu, ona yeni əmək ili üçün psixoloji və fiziki güc yığmaqdan ötrü gərəkdir. Amma səyahət etmək heç də hər kəsin cibinə görə deyil. Bu səbəbdən daim varlılarla yanaşı, orta təbəqə nümayəndələri üçün də əlçatan istirahət imkanları yaradılmalıdır. Çünki, insanları arzuları adətən, aylıq qazanclarından rişələnir. Daha çox qazanan daha yüksəyə can atır. Amma hər iki halda nəticə eynidir: varlı da, kasıb da dincəlir. Bu mənada AZALJET brendinin tətbiqini uğurlu saymaq olar. Və güman etmək olar ki, Rusiyadan keçən il Azərbaycana 740 min turist gəlmişdisə, bu il onların sayı 1,5 milyon nəfərə çatacaq. “AZAL” şirkətinin ərəb ölkələrinə də birbaşa reyslər təşkil etməsi, zənnimizcə, bu gün üçün çox aktualdır. Həm də həmin ölkələrdən olan turistlər biznes-klaslara daha çox üstünlük verirlər. Olsun, varlığa nə darlıq?! Ötən il bu bölgədən Azərbaycana gələn turistlərin sayının birdən-birə kəskin artması bu zərurəti yaradıb. 
Türkiyədən gələn turistləri isə bizcə, milli adət-ənənələr, ortaq dəyərlər daha çox cəlb edə bilər. Çünki, “bir millət iki dövlət” məfhumunun əyani təsdiqi əksər hallarda insanın əhval-ruhiyyəsini yüksəldən  müsbət enerji yaradır. Yəni, türk turistlərin bölgələrə yönləndirilməsi bu istiqamətdə uğurun təmin edilməsində əhəmiyyətli rol oynayar. 
Ümumiyyətlə, görülən tədbirlər sübut edir ki, ildən-ilə Azərbaycanın turizm sənayesinin bazası güclənir və bu proses ölkəyə gələn turistlərin çoxalmasında özünü göstərir. Təbii ki, xarici turistlərin gəlişi həm də valyuta axınını gücləndirir. İndiki zamanda isə bu çox faydalı işdir.
N.NOVRUZ

Sizin Reklam Yeriniz