Martın 9-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın sədrliyi ilə Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr olunmuş müşavirə keçirilib. Müşavirədə qeyd olunub ki, Ümummilli lider Heydər Əliyevin apardığı siyasət nəticəsində münaqişə haqqında həqiqətlər dünya ictimaiyyətinə çatdırılıb. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan iqtisadiyyatına 800 milyard dollardan çox ziyan dəyib.
Məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi, yaşayış şəraitinin yaxşılaşdırılması ilə bağlı ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirən Prezident İlham Əliyev tərəfindən 2003-2017-ci illərdə 55 fərman və sərəncam verilib. 20 ildir ki, əhalinin bu təbəqəsinin üzləşdiyi problemlər mərhələ-mərhələ dövlət tərəfindən həll olunur. İndiyədək bölgələrdə məcburi köçkünlər üçün 100-ə yaxın müasir yaşayış kompleksi salınıb, 250 min köçkün yeni mənzillə təmin olunub. Onların yaşadığı müasir qəsəbələrdə 150 məktəb, 60 tibb mərkəzi və uşaq bağçası tikilərək istifadəyə verilib. Məcburi köçkünlər arasında yoxsulluq həddi 75 faizdən 12 faizə enib.
Qaçqın və məcburi köçkünlərə göstərilən qayğının mühüm cəhətlərindən biri onlar üçün yeni iş yerlərinin yaradılmasıdır. Belə ki, son 13 ildə 400 min qaçqın və məcburi köçkün işlə təmin olunub. Təsadüfi deyil ki, bu sahədə Azərbaycan dövlətinin apardığı məqsədyönlü sosial siyasət BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən nümunə göstərilərək yüksək qiymətləndirilib.
Görülən işlərlə yanaşı, hələ də ağır vəziyyətdə, qəzalı və yararsız binalarda kifayət qədər məcburi köçkün ailəsi yaşayır. Prezidentin göstərişi ilə hər il Dövlət Neft Fondundan yeni qəsəbələrin salınması üçün vəsait ayrılır. Bu il də bu məqsədlərə vəsait ayrılıb. Lakin bu sahədə işlərin sürətləndirilməsi üçün əlavə və təxirəsalınmaz addımlar atılmalıdır. Hazırkı mərhələdə Bakı və Sumqayıt şəhərlərində yararsız, qəzalı binalarda yaşayan bütün köçkün ailələri tezliklə yeni mənzillərə köçürülməlidir.
Birinci vitse-prezident prosesin sürətləndirilməsi üçün Bakı və Sumqayıt şəhərlərində tikilmiş yeni binalarda köçkün ailələrini yerləşdirmək üçün mənzillərin alınması məsələsini qaldırıb. Bildirib ki, qarşıda duran məqsəd qəzalı binalarda yaşayan bütün köçkünləri bu il və gələn il ərzində yeni mənzillərlə təmin etməkdir.
Birinci vitse-prezident Mehriban Əliyeva müşavirədə deyib: “Müstəqilliyimiz bərpa olunandan sonra ən ağır dövrlərdə, ölkəmizin inkişafının bütün mərhələlərində bu sahəyə dövlət tərəfindən böyük qayğı göstərilib. Amma, eyni zamanda, əfsuslar olsun ki, bu sahədə hələ də problemlər var. Ona görə bizim qarşımızda məqsəd durur ki, çox qısa zamanda bu problemləri aradan qaldıraq və yararsız vəziyyətdə olan bütün təhlükəli binalarda yaşayan soydaşlarımızı yeni mənzillərlə təmin edək”.
Müşavirədə qaçqın və məcburi köçkünlərin işi üzrə məsul şəxslər, nazirlər və icra başçıları iştirak ediblər. Birinci vitse-prezident ətaflı məlumat almaq üçün yeri gəldikcə onlara sual verib, alınan cavabları dəyərləndirib və müvafiq göstərişlər verib. Birinci vitse-prezident Mehriban Əliyeva müzakirələr nəticəsində ortaya çıxan əsas məsələnin - qəzalı vəziyyətdə olan binalarda məskunlaşmış qaçqın və məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılmasının təxirəsalınmaz vəzifə olduğunu bildirib. Bu ailələrin sayı 4 mindir. Birinci vitse-prezident həmin ailələr üçün tikiləcək binalara yer ayrılmasından ötrü Bakı və Sumqasyıt İH-ə müvafiq mgöstərişlər verib, görülən işlərin maliyyələşdirilməsi üçün dövlət dəstəyinə ehtiyac olduğunu bildirib. Ümumiyyətlə, Neft Fondunun bu işdə fəal iştirak edəcəyi də qeyd olunub.
Müşavirənin materiallarından görünür ki, dövlət idarəetmə strukturunda aparılmış islahat vaxtında atılmış addım kimi artıq səmərəsini büruzə verir. Fəaliyyətində sosial məsələlərə xüsusi diqqət ayıracağını deyən Birinci vitse-prezident Mehriban xanım Əliyeva keçirdiyi ilk müşavirədə bu istiqaməti təsdiq edib.
N.NOVRUZ