Əlaqə Arxiv
news Image
2017.03.14
09:30
| A A A
Daşqın problemi yenidən baş qaldırır?!
Ənvər Əliyev: “Ərimələr çox olarsa, daşqınlar da çox olacaq” Asif Verdiyev: “İndidən proqnoz vermək çətindir”

Yaz fəsli yaxınlaşmaq üzrədir. Adətən bu dövrdə Azərbaycanda regionlar üçün təhdid mənbələrindən biri də çayların daşmasıdır. Mütəxəssislər bu il də analoji təhlükələri real hesab edirlər. Rəsmilər isə tələsməməyə çağırır. Proqnozların mart ayının sonunda bəlli olacağını bildirirlər.

Coğrafiya institutunun "Eko-coğrafiya" şöbəsinin müdiri, professor Ənvər Əliyev bildiri ki, bu il respublika ərazisində düşən qarın miqdarı çox oldu: “Odur ki, həddindən artıq yağıntının düşməsi daşqın prosesini bir qədər gücləndirə bilər. Yəni, Böyük Qafqazın cənub yamacındakı çaylarında, o cümlədən daha hündür mənbələrdən gələn Araz çayında suyun artımı mümkündür. Ancaq bütün proseslər vəziyyətdən asılıdır. Ərimələr çox olarsa, daşqınlar da çox olacaq. 
Ərimə tədricən baş verərsə, təbii nizamlanma gedəcək. Həmin an qorxulu vəziyyət yarana bilməz. Ümumiyyətlə isə, bu il  daşqınların baş verməsi gözlənilən məqamdır. Buna da hazır olmaq lazımdır”.
Ənvər Əliyev əlavə etdi ki, təhlükəli ərazilər dedikdə Böyük Qafqazın cənub yamacındakı çaylardan söhbət gedə bilər: “Əsasən qar mənbələri çaylarına aiddir. Azərbaycanda da çayların təxminən 48 faizi yağıntılarla qidalanan çaylardır. Hətta yağış yağsa belə, daşqınlar gözlənilir. Yağış qar kütləsini daha çox əridir. Nəticədə çaylarda daşqınlar intensivləşir. Odur ki, vəziyyətə hazır olmaq lazımdır. Lakin onu da qeyd edək ki, Azərbaycanda həmin təhlükəli ərazilərdə xeyli sayda texniki qurğular yerləşdirilib. O baxımdan gözlənən daşqınların fəasdları nisbətən az ola bilər”.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev bildirdi ki, yaz və yay gursululuq dövrünün proqnozlarlaşdırılması üçün milli hidrometeorologiya departamenti tərəfindən mart ayında ekspedisiya təşkil olunur: “Yəni, dağlıq ərazilərdə qarölçmə işləri aparılır. Əsas məqsəd dağlıq ərazilərdə qar ehtiyatlarını müəyyən etməkdir. Hazırda da Böyük və Kiçik Qafqaz dağlarının yamaclarında qarölçmə işləri aparılmaqdadır. O məlumatlar tam əldə edildikdən sonra – mart ayının sonunda yaz və yay aynın gursululuq proqnozu tərtib olunacaq. Odur ki, indidən proqnoz vermək çətindir. Çünki bütün məlumatlar təhlil edilməlidir. 
Eyni zamanda Gürcüstandan da qarölçmə işləri tamamlanıb məlumatlar bizə ötürüləcək. Həmin məlumatlar da təhlil olunduqdan sonra aprel, may və iyun ayında gözlənilən proqnoz tərtib ediləcək. Nəzərə alaq ki, çayların əsas qida mənbəyindən biri qardır. Çaylar xüsusən aprel və may aylarında qar hesabına qidalanır. Əldə edilmiş məlumatlardan sonra proqnozlar hazır olacaq. Proqnozlar üçün Azərabycanda, Gürcüstanda nə qədər qar ehtiyatının olması vacibdir”. 
Mübariz BAYRAMOV

  

Sizin Reklam Yeriniz