Əlaqə Arxiv
news Image
2017.03.14
14:52
| A A A
Bayram bazarlığı neçəyə başa gəlir? Bazarlardan Reportaj-Fotolar

Bazarlarda bu gün alıcı qələbəliyi yaşanırdı. Axşam qapılara atılacaq papaqları boş geri qaytarmamaq üçün bayram bazarlığını bu günə saxlayanların sayı daha çox idi. Axı bu gün novruz çərşənbələrindən sonuncusu, ilaxır çərşənbədir. Bazarda bayramla bağlı tələbin artdığını görən satıcılar isə adətləri üzrə qiymətlərə yenidən “əl gəzdirmişdilər”.  
Novruuzun simvollarından sayılan bayram şəkərburası və paxlavasını bişirməyin bu bayram elə də ucuz başa gəlməyəcəyi qiymətlərdən görünürdü. Qiymətində daha çox artım olan məhsullar da elə qoz, fındıq və digər çərəzlər idi. Amma deyəsən bayramqabağı daha çox qazanmaq həvəsində olan satıcıların alveri ürəklərincə getmirdi. Binəqədi rayonunda yerləşən bazarda  həmsöhbət olduğumuz cərəz alverçisi Tahir İbrahimov səhər açılandan 10 kiloqramlıq qoz ləpəsi kisəsindən cəmi-cümlətanı 3 kiloqram ləpə satdığını söylədi: “Qoz ləpəsinin bir kiloqramının qiyməti 16 manatdan başlayıb 25 manata qədər dəyişir. Biz alıcıya cibinə uyğun seçim imkanı yaratmışıq. Bu piştaxtada hər növ ləpə var. Kimin imkanı nəyə çatır ala bilər. Amma bu bayram deyim ki, o qədər də alver ürəkaçan deyil. Ötən ilaxır çərşənbəsində bir saata bir kisə ləpə satırdıq. Bu bayram kilo ilə ləpə alan azdır”.
Fındıq ləpəsinin qiyməti isə bazarda 15-20 manata təklif olunurdu. Satıcı Movqe.az-ın əməkdaşı ilə  söhbət zamanı bildirib ki,  ləpədən çox qabıqlı qoz və fındığa tələbat var: “İlaxır çərşənbəsi olduğundan, papağa pay qoymaq üçün alıcıların çoxu qarzaqlı qoz-fındıq alır. Qabıqlı qozun bir kiloqramını 8-10 manata, fındığın qiyməti isə 7-9 manata satırıq. Badam ləpəsinin bir kiloqramı  25 manatdır”.   

Bayram süfrəsinə düzülən innab, iydə, qurudulmuş xurma, digər meyvə qurularının da qiyməti adi günlərlə müqayisədə bir qədər baha idi. Qurudulmuş xurma 3-5, alma-armud qurusu 7, ərik qurusu 10-15, innab 8-10, iydə 4-6 manata satılırdı. 
Bayram süfrəsinin əsas atributu olan plovun komponentlərinin qiyməti isə belədir: Şabalıd 10-11 manat, kişmiş 7-14 manat, al buxara gavalı qurusu 9-10 manat, qaysı-10-14 manat”.
Düyünün qiyməti isə gətirildiyi ölkədən asılı olaraq dəyişir. Bazarda ən ucuz düyünün qiyməti 3 manat 40 qəpikdən başlayaraq 16 manatadək təklif olunur. Satıcılar da digər günlərlə müqayisədə qiymətlərdə cüzi dəyişiklik, artım olduğunu təsdiqlədilər: “Bayramqabağı cərəzləri, plov qarası üçün komponentlər bizə bir qədər baha gəlib. Ona görə də qiymətlərdə qismən dəyişiklik var”. 
Bu bazarda meyvələrin qiyməti adi günlərdə olduğu kimi satılırdı. Almanın bir kiloqramı 1manat 50 qəpik-1 manat 70 qəpik, naringi  1manat 80 qəpik, portağal- 2 manat 70 qəpik. Ananas 6 manat, heyva 2-5 manat, kivi 3 manat, üzüm 12 manata təklif olunur. Bayram süfrəsinə səməni qoyub bayram şamı yandırmaq istəyənlər isə zövqlərinə və ciblərinə uyğun hər qiymətə səməni və şam ala bilərlər. Bayram səmənilərinin qiyməti iki manatdan başlayaraq 10 manata qədər dəyişir. Rəngli bayram şamları isə 1 manat 70 qəpikdən başlayaraq 2 manatadək təklif olunurdu. 
İlaxır çərşənbəsidə həm də yumurta döyüşdürmək adətdən olduğundan bazarda daha çox kənd yumurtaları satışa çıxarılmışdı. Yumurtanın bərkliyini dişi ilə yoxlayanlarla söz savaşına çıxan Ruqiyə Məmmədova ilə söhbətləşmək elə də asan olmadı. Başı alıcılara qarışan satıcı ilə ayaqüstü söhbətdən öyrəndik ki, dünən 25 qəpiyə olan kənd yumurtalarının qiyməti bu gün 30 qəpik olub: “Bu səhər vağzaldan yumurtanı 25 qəpikdən özüm almışam. Bu bayramda hamı yumurta boyuyur, yumurta döyüşdürür. Ona görə də qiymət bahalaşıb. Hamı gəlib bərk yumurta istəyir. Mən hamısına da deyirəm ki, yumurtanın bərkliyinə zəmanət vermirəm. Hər halda kənd yumurtası dükan yumurtasından daha bərk olur”.
Bazarda qarşısında alıcı qələbəliyi olan piştaxtalar əsasən  ət  məhsullarıdır. Ətin qiyməti ilə də maraqlandıqda öyrəndik ki, sümüklü ətin kilosu 11 manat 50 qəpik, sümüksüz ət isə 13 manatdır. Qoyun ətinin  qiyməti isə 12 manatdan başlayır. Sümüksüz qoyun ətinin bir kiloqramı 14-15 manatdır. Toyuq ətinin də qiyməti mal və qoyun əti kimi sabit qalıb. Bayram günü olmasına rəğmən broyler toyuqların qiyməti 4 manat 50 qəpikdir. Amma təmizlənmiş kənd toyuqları isə  6-7 manata təklif olunur. Balığın qiyməti isə növündən asılı olaraq 7 manatdan başlayaraq 19-21 manatadək dəyişir. 
Bayram süfrəsinə təzə xiyar və pomidor qoymaq istəyənlər isə Zirə pomidorunun bir kiloqramına 4, Şəmkir pomidoruna 3 manat verməlidirlər.  Təzə xiiyar 2.50, bibər 5 manatadır. Göyərtinin, kartof soğanın qiyməti isə adi günlərdəki kimi dəyişməz qalıb.
Apardığımız müşahidələr göstərdi ki, bazarlarda məhsulların qiymətində ciddi fərq var. “Yaşıl bazar” da  bayram cərəzlərinin qiyməti müxtəlifdir. Bu bazarda Ordubad qozunun ləpəsinin bir kiloqramı bu gün 32 manat olub. Halbuki alıcılar ötən həftə Ordubad qoz ləpəsinin 25 manata satıldığını söylədilər. Bu bazarda kişmişin qiyməti isə 7 manatdan başlayaraq 23 manat arasında dəyişir. Qara kişmişin qiyməti isə daha baha qiymətə - 8-11 manata alıcılara təklif olunur. Qaysının bir kiloqramının qiyməti isə 11 manatdır. Portağalın bir kiloqramı  3-8 manat, ananasın 1 ədədi isə 6 manata təklif edilir. Göyçay narı kimi təqdim edilən meyvənin isə 1 kiloqramı nə az, nə çox - düz 10 manata alıcılarını gözləyir. Tərəvəzlərdən isə keşniş və çüyüdün bir dəstəsi 20 qəpiyə, kahı isə 40 qəpiyə satılır. Bazarda bolluq olsa da qiymətlərdə bu bolluğa rəğmən süni qiymət artımı müşahidə olunurdu.  Satıcılar isə bazarda müştəri sıxlığı olsa da, alıcılıq qabiliyyətinin aşağı olduğundan gileylənirdilər. Bu bazarda meyvə satan Vahab Nəbiyev deyir ki, bayram süfrəsinin yaraşığı olan Qızıləhməd almasının üzünə baxan yoxdur: “Qızıləhməd almasının kilosu 3-6 manatdır. Ən dadlı almadır. Amma digəl alan yoxdur. Hamı gedib “Fuje” alır”.  Balıqlara gəlincə Yaşıl Bazrda sazan 10 manat, Kütüm 11 manat, Xanı 4,50 manat, Farel 12 manata satışa çıxarılmışdı. Bayramqabağı qiymət artımının olmasını satıcılar da təsdiqlədilər. Amma and-aman etdilər ki, bu onlardan asılı olan səbəblərlə bağlı deyil. Məsələn  keşunun qiyməti ötən illə müqayisədə 3 dəfə bahalaşıb. Hazırda çoxlarının xoşladığı bu Hindistan cevizinin bir kiloqramının qiyməti 30 manatdır. Çərəzlərin qiymətindəki artım bayram şəkərbura və paxlavasından da yan keçməyib. Hazırda içliyi qoz-fındıq olan şəkərburanın bir ədədi bir manatdır. Araxislə içliyi olan şəkərburaların bir ədədi 60 qəpikdir. Paxlavanın bir kiloqramının qiyməti isə 16-21 manat arasında dəyişir. 
Qeyd edək ki, Novruz bayramı ilə əlaqədar Bakı və Sumqayıt şəhərlərinin əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına artan tələbatının daha dolğun ödənilməsi və istehlakçıların seçim imkanlarının artırılması, süni qiymət artımının, möhtəkirliyin qarşısının alınması məqsədi ilə 16-19 mart 2017-cı il tarixlərində fasiləsiz olaraq 4 gün müddətində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının keçirilməsi nəzərdə tutulub. 
Yarmarkalar Bakı şəhəri üzrə: Xətai, Nərimanov, Səbail, Suraxanı, Binəqədi ərazilərində və Sumqayıt şəhərində təşkil olunacaq. Yarmarkaların mütəşəkkil keçirilməsi üçün nazirliyin məsul əməkdaşlarından ibarət işçi qrupları yarmarkalara təhkim olunmuş və onlar da satılan məhsulların keyfiyyətinə, istehlak üçün yararlı və təhlükəsiz olmasına, qiymətlərin tənzimlənməsinə daim nəzarət edəcəklər. Satışa çıxarılan bitki və heyvan mənşəli məhsulların fitosanitar və baytarlıq nəzarətindən keçirilməsi, müayinələrin vaxtında aparılması üçün yarmarkalar səyyar avtolaboratoriyalarla təmin olunacaq.

Zülfiyyə QULUYEVA 

 

 

Sizin Reklam Yeriniz